image-rt-reklam
image-1backend

“Neftçi”də nə baş verir? – Qruplaşmalar, daxili çəkişmələr…

image-728x90
Cari mövsüm Azərbaycan futbolunda ən çox müzakirə olunan komandalardan biri də “Neftçi”dir. Əzəli rəqibi “Qarabağ”dan fərqli olaraq “ağ-qaralar” haqqında heç də xoş sözlər işlədilmir.

Böyük maliyyə imkanı, bahalı transferlər, yüksək məvacibli məşqçilər və geniş büdcə fonunda komanda 2-5-ci pillələr arasında var-gəl edir. Bakılıların tək ümidi kubokadır ki, yarımfinalda rəqib turnirin əsas favoriti olan “Qarabağ”dır. “Köhlən atlar”ı keçmək də hələ heç nə demək deyil. “Neftçi”nin ötən mövsüm “Qəbələ” ilə final matçında yaşadıqları buna əyani sübutdur.

Ötən gün 87 illiyini qeyd edən “ağ-qaralar”ın düşərgəsində dərin böhran yaşanır. Komanda daxilində artıq ciddi təhlükə yaradan qruplaşmalar yaranıb. Kapitan Emin Mahmudov, Qara Qarayev, Azər Əliyev və digər yerli futbolçulardan ibarət qrupla bir sıra legionerlər – Lukas Melano, Andre Şinyaşiki, Ervin Koffi, Yuri Matias, İvan Brkiç arasında münasibətlər həddindən artıq pisdir. Bu da “Neftçi”nin meydandakı nəticələrinə birbaşa təsir edir.

Başqa bir qrup isə bu məsələdə neytral qalmağa çalışır. Bunu onların oyunlar zamanı sərgilədiyi performans da göstərir. Filip Ozobiç, Kilan Lebon, Yeqor Boqomolski kimi futbolçular yaranmış vəziyyətdən narahatdırlar. Onlar qruplaşmalar arasında qalmaqdansa, meydanda öz işlərini görməyin tərəfdarıdırlar.

“Neftçi” rəhbərliyi və baş məşqçi Miodraq Bojoviç isə baş verənlərə müdaxilə edə bilmirlər. Futbolçularla aparılan söhbətlər mənasız qalır. Klubun bu məsələdə işini çətin salan məqam əsas azarkeş qrupu olan “Forza Neftçi”nin boykot qərarıdır. Futbolçular az-çox fanatlardan və onların təzyiqlərindən çəkinirlər.

“Forza Neftçi” isə klub rəhbərliyinin təkidlərinə rəğmən tribunaya qayıtmaq fikrində deyil. Hətta onların əvəzedicilər liqasında çıxış edən ikinci komandanın oyununa getməsi və gənc futbolçulara dəstək olmaları əsas komandada şok effekti yaradıb. “Forza Neftçi” isə boykotu sona qədər davam etdirməyi planlaşdırır. Onlar həm komandadan, həm də rəhbərlikdən narazıdırlar.

Görünən odur ki, “Neftçi”dəki qeyri-müəyyənlik aprelə qədər davam edəcək. Çünki klubun Müşahidə Şurasının sədri Rövşən Nəcəfin AFFA prezidenti olma ehtimalı var. Bu reallaşsa, klubda yenidən rəhbərlik dəyişəcək. Azarkeşlərin ümidi də elə bunadır.publika.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90