2024-cü ildə Azərbaycanın neft hasilatı 29,2 milyon ton təşkil edib, bu da əvvəlki illərə nisbətən 4% azalma deməkdir. 2025-ci ildə isə hasilatın 28,7 milyon ton olacağı proqnozlaşdırılır. Bu sürətli azalma neftin tükənməsi ilə bağlı narahatlıqları daha da artırır.
İqtisadçı Toğrul Vəliyev də bu mənfi tendensiyanın narahatçılıq doğurduğunu deyir.
“Neft bitəndə Azərbaycan nə edəcək? Belə suallar daim ağlımıza gəlir və təəssüf ki, cavab tapa bilmirik. Əlavə və xüsusi dəstək olmadan Bakıda yeni stansiya tikmək iqtidarında olmayan iqtisadi sistem gələcəyi düşünməyəcək”, – o əlavə edib.
T.Vəliyev qeyd edir ki, kapitalist sistemi şəraitində sahibkarlar əsasən mənfəət haqqında düşünür: “Siravi kapitalist fəaliyyət göstərdiyi sahədə mənfəət norması aşağı düşdükcə, daha yüksək mənfəət verən sahələri axtarır və investisiya etməyə başlayır. Çoxu isə sadəcə spekulyasiya ilə məşğul olur, amma nisbətən iri investorlar və şirkətlər elə sahələr axtarırlar ki, müvafiq investisiya qat-qat böyük mənfəət gətirsin. Məhz bu yolla innovasiyalar yaranır”.
O həmçinin dövlətin bu prosesdə roluna diqqət çəkib: “Müasir innovasiyalar əsasən bir neçə böyük şirkətin əlindədir. Dövlət isə təhsil, elm və digər infrastrukturun qurulması vasitəsilə elmi inkişafı təmin edir. Sadəcə bazar iqtisadiyyatı şəraitində bu xeyri sahibkarlar götürür, dövlət şikayətçi deyil. Kapitalistik dövlətin əsas məqsədi müvafiq korporasiyaları varlandırmaqdır”.
Toğrul Vəliyev ABŞ Prezidenti Donal Trampın idarəçiliyinə də paralel diqqət çəkib: “Tramp faktiki olaraq XIX əsrin sonu – XX əsrin əvvəllərində mövcud olan iqtisadi siyasəti tətbiq edirdi. O dövrdə hökumətlər və varlılar addımlarını açıq edirdi. İndi isə milyarderlər və korporasiyalar özlərini cəmiyyətə “xeyriyyəçi” göstərməyə çalışır və atdıqları addımlar haqqında açıq bəyan etmirlər”.
Ekspertin qənaətinə görə, Azərbaycanın gələcək iqtisadi inkişafı üçün əsas şərt yalnız neftdən asılılığın azaldılması və innovativ sahələrə sərmayələrin artırılmasıdır. Əks halda, ölkənin iqtisadi sistemi uzunmüddətli perspektivdə sosial sabitliyini qorumaqda çətinlik çəkəcək.