image-rt-reklam
image-1backend

Nə müəmmalı qəza? Təyyarənin qanadını quş dimdiyi deşməyib

image-728x90

Elə hadisələr var ki, ölkədə hər bir yetkin şəxsi həyəcanlandırır, narahat edir. Təbii fəlakətlər, texnogen qəzalar bu kateqoriyadandır. İnsan tələfatı çox olduqda əndişə və həyəcan da artır.

Ona görə də Bakıdan Xəzər dənizinin bu tayındakı Qroznıya uçan, ancaq dənizin o tayındakı Aktauda qəzaya uğrayan təyyarə hadisəsinə görə dünən və bu gün ölkədə, hətta regionda yaşanan ajiotaj təbiidir.

O təyyatədə hər kəsin özü və ya əzizi ola bilərdi.

Qəzaya dair yayılan şəkillər, videolar, şahid ifadələri, mütəxəssis açıqlamaları təsdiq edir ki, bu, gözlənilməz hadisədir.

Aparılan araşdırmalar hər şeyi ortaya çıxaracaq, ancaq indidən bir şey məlumdur ki, təyyarə vurulub. Bu məsələdə heç bir müəmma yoxdur. Təyyarə hələ havada olarkən və bəlli bir müddətdən sonra qəzaya uğrayacağı ehtimalı böyük ikən çəkilən videolardan təyyarənin qanadının kənar müdaxilə nəticəsində zədələnmiş olması açıq şəkildə görünür.

Burada müəmmalı olan şey yalnız həmin zədənin təyyarəyə necə bir silahdan yetirilməsidir. Bu, öz-özünə olası, yaxud quş dimdiyi, caynağı ilə yetiriləsi zədə deyil.

Mütəxəssislərdən bəziləri deyirlər ki, qəzanın səbəbləri barədə danışmaq hələ tezdir. Bu, ona oxşayır ki, küçədə kişi meyidi tapılıb, ürəyinə saplanmış bıçaq dikəlib durur, qanı axıb, gölməçə olub, kriminalistlər deyirlər: “Ölümün hansı səbəbdən baş verməsi, qəsd olub-olmaması barədə danışmaq tezdir”.

Aktauda yerə çırpılan təyyarənin qanadında olan dəliklər, böyük ehtimalla güllə və mərmi izləri təxminən həmin ürəyə sancılmış bıçaq kimidir. Hər şey göz önündədir.

Hələ Bakıdan havaya qalxan təyyarənin Qroznı üzərində dolaşması, o boyda Rusiyanın şəhərlərindən (Qroznı, Mahaçqala, Dərbənd, Mineralnıye Vodı, Nalçik və s.) birinin aeroportuna enə bilməməsi və Xəzərin şərq sahilindəki Aktauya pənah aparması, çataçatda yerə düşməsinin özü də araşdırılmalı məsələdir. Nədən Rusiya tərəfi qəzaya uğrayacağı 1 saat öncədən bilinən təyyarəyə pist verməyiblər?

Məlumdur ki, Rusiyanın hərbi təcavüzünə məruz qalan Ukrayna son aylarda Çeçenistanın paytaxtı Qroznı şəhərini də hədəf götürüb, pilotsuz təyyarələrlə bu şəhərdəki strateji obyektlərə hücum edir. Bunun da səbəbi odur ki, Çeçenistanın rəhbəri Ramzan Kadırov Ukrayna müharibəsində fəallıq göstərir, Ukraynaya qarşı kəskin ifadələri ilə özünü tez-tez gündəmə çıxarır. Qroznının hədəf halına gəlməsi isə şəhərin müdafiəsini şərtləndirir, ona görə də Rusiya tərəfi bu regionda hava hücumundan müdafiə sistemləri quraşdırıb və Qroznını qoruyur. Xarici media və hərbi ekspertlər AZAL-ın təyyarəsinin belə bir müdafiə sisteminin zavalına gəldiyini bildirirlər.

Zatən, güman başqa yerə də getmir. Texniki nasazlıq istisnadır. Çünki təyyarə SOS siqnalı verdikdən sonra dəniz üstünü aşacaq qədər məsafə qət edib. Quş dəstəsi ilə toqquşmaq ehtimalı da sırf təyyarənin qanadındakı güllə və mərmi izlərinə oxşayan xəsarətlərə görə ciddi qəbul edilmir. Yerdə qalır silahlı insanlar müdaxiləsi.

Bir çoxları təyyarənin qəsdən vurulması ehtimalını rədd edirlər, bildirirlər ki, bu, olsa-olsa, təsadüfün, yanlışlığın nəticəsi ola bilər. Yəni mülki sərnişin təyyarəsinin pis hava şəraitində bombardmançı PUA ilə səhv salınması məsələsi nəzərdə tutulur.

Belədirsə də, bu, təyyarənin qəzaya uğramasına bais olanları məsuliyyətdən azad etmir. Müharibə şəraitindəsənsə, hər gün PUA hücumu gözləyirsənsə, mülki uçuşları yasaqlamalısan, ya da sərnişin təyyarəsi ilə bombardmançı PUA-nı səhv salmayacaq qədər səriştəli olmalısan.

Bir neçə il öncə İran tərəfi də heç nədən həyəcanlanaraq Ukraynanın sərnişin təyyarəsini iki raketlə məhv etmiş, 270-dən çox insanın ölümünə səbəb olmuşdu. Bir insan o birini qəsdən və ya bilməyərəkdən öldürəndə, bu, cinayətdir, bir dövlət 200 insanı bir atəşlə öldürəndə “olan şeydir”?

Bir sözlə, nə qədər ki, regionda, dünyada hərbi baxımdan sabitlik yoxdur, bu kimi dəhşətli hadisələrin baş verməsi ehtimalı da yüksəkdir. Onsuz da təyyarə sərnişinlərinin çoxu daima texniki nasazlıq səbəbindən qəza qorxusu yaşayır, indi bunun üstünə yerdən və ya havadan vurulmaq qorxusunu da gəlmək lazımdır.

Araşdırmaların sonunda hansı nəticə elan ediləcək, hələ bilinmir, amma “quş versiyası” səslənsə, gərək heç kəs təəccüblənməsin.

Xalid KAZIMLI

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90