image-2000x150
image-1backend

Nazir haqlıdır: 10-11-ci siniflərin məzmunu dəyişməlidir

image-728x90

Hər il məktəbdən məzun olan 80 minə yaxın şagirdin hamısı ali məktəbə qəbul olmaqdan ötrü repetitor, hazırlıq kurslarından əldə etdikləri bilik və bacarıqlardan istifadə edir. Ali məktəbə qəbul imtahanlarının nəticələri də hazırlıq kursları və repetitorların nəticəsidir. Emin Əmirullayev düzgün qeyd edir ki, 10-11-ci siniflərlə bağlı dəyişiklik edilməlidir.

Bu sözləri Axar.az-a təhsil üzrə mütəxəssis Kamran Əsədov elm və təhsil nazirinin on və on birinci siniflərlə bağlı səsləndirdiyi fikirləri şərh edərkən deyib.

Onun sözlərinə görə, nazirin bu siniflərlə bağlı irəli sürdüyü məzmun dəyişikliyi müsbət nəticə verə bilər:

“Biz orta məktəblərə günün istənilən saatında gedib, monitorinq aparsaq, görərik ki, şagirdlərin böyük əksəriyyəti məktəblərdə yoxdur. Əsasən də 10 və 11-ci sinif şagirdləri direktorla bu və digər formada razılaşaraq hazırlığa gedirlər. Bu gün məktəblərdə davamiyyət olduqca aşağıdır. Baxmayaraq ki, dövlət həmin şagirdlərin müəllimlərinə tam maaş ödəyir. Əgər 10-11-ci siniflərin məktəb proqramı şagirdlərin ali məktəblərə və əmək bazarına qəbul olunan zaman bilik və bacarıqlarına kömək göstərmirsə, biz məzmunu dəyişməliyik. Nazir də bunda haqlıdır. Dəyişikliyin mahiyyəti o olacaq ki, 10-11-ci siniflərin qəbul proqramına uyğunlaşdırılması üzərində iş gedəcək. Düzdür, 2018-ci ildən sonra orta məktəblərdə təmayülləşmələr həyata keçirildi. Şagirdlərin bilik və bacarıqlarına, maraqlarına uyğun olaraq müxtəlif təmayüllü siniflər var. Şagirdlər daha çox arzuladıqları istiqamət üzrə oxuyurlar. Əsas fənləri isə ali məktəbin qəbul imtahanlarında lazım olan fənlərdir. Proqram və saat uyğundur. Amma məzmunda yanlışlıq var. Tədrisdə istifadə olunan kitablar orta məktəb üçündür. Ali məktəblərə qəbul olmağa imkan vermir. Hesab edirəm ki, müəyyən qədər dəyişiklik bunun üzərində olacaq və orta məktəblər ali məktəblərə hazırlığın müəyyən qismini həyata keçirəcək. Bu da repetitorluğun sayına getdikcə təsir göstərəcək. Valideynlərin vəsaitinin itkisinin qarşısı alınacaq”.

Təhsil eksperti bildirib ki, ödənişli əsaslarla xidmət də nəzərdən keçirilə bilər:

“Biz bilirik ki, valideynlər direktorlarla müəyyən razılığa gəlirlər. Emin müəllimin də təklifi bundan ibarətdir ki, bəlkə dərsdə iştirak etməyənlər üçün ödənişli əsaslarla xidmət göstərilsin. Həmin pulu məktəbdə müəllimlər daha yaxşı dərs keçməyə sərf etsin. Bu, yaxşı haldır. Yəni kimlər məktəbə gəlmir, amma yekunda təhsil sənədi almaq istəyir, buna dövlət rüsumu ilə, ödənişli əsaslarla imkan vermək olar. Yekun nəticədə alınan vəsait müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilsin. Müşahidə olunur ki, 10-11-ci sinif şagirləri adlarını rayon məktəblərinə, yaxud məcburi köçkün məktəblərinə yazdırırlar. Amma özləri bu məktəblərə getmirlər. Bu, ciddi problemə çevrilib və nazir də onu qeyd edir ki, şagirdlər məktəbə gəlmirsə, burada bir dəyişiklik olmalıdır. Yəni şagirdləri məktəblərə qaytarmaq lazımdır. Bu məzmun dəyişikliyi isə şagirdlərin məktəblərə qayıtmasına və kifayət qədər yaxşı nəticələlər əldə olunmasına kömək edə bilər”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90