Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub.Qeyd olunub ki, iyunun 14-ü saat 07:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Soylan rayonunun Xaçik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Axura yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.
Bununla bağlı Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, Ermənistan silahlı qüvvələrinin Naxçıvan istiqamətində atəşkəsi pozması, ölkə daxilində baş verən ictimai-siyasi proseslərlə bağlıdır:
“Artıq iki aydır ki, keşiş Baqrat Qalstyanın Tavuş bölgəsindən başlatdığı və İrəvanın mərkəzinə keçirdiyi etiraz aksiyaları davam edir. Keşişə dəstək verənlər, keçmiş kriminal Qarabağ klanı, daşnak-millətçiləri və bəzi xarici qüvvələrə bağlı revanşist diaspora nümayəndələridir. Faktiki olaraq, cəmiyyət iki hissəyə bölünüb. Hakimiyyət, ABŞ və kollektiv Qərb, müxalifət isə, Rusiya tərəfindən dəstəklənir. Deməli, əsas mübarizə, iki bir-birinə zidd geosiyasi güc arasında gedir. Meydanda, eyni zamanda, ordunun daxilində, hər birinin tapşırıqlarını yerinə yetirən həmin təxribatçı qüvvvələr, lazım olan anda öz çirkin işlərini görürlər. Əsas məsələnin kökündə, bütövlükdə Cənubi Qafqaz regionunu nəzarətdə saxlamaqdan ibarətdir. Düşünmürəm ki, bu tipli lokal təxribatlar, geniş miqyaslı müharibəyə səbəb olsun. Ermənistanın, bizimlə müharibə etməsi üçün, nə hərbi, nə də ki, iqtisadi potensialı yoxdur. Nə qədər ki, Ermənistan Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməyib, konstitusiyasında dəyişikliklər etməyib, təxribatlar istisna olunmur. Sülhə aparan yeganə yol, sülh müqaviləsinin imzalanmasıdır”.