Litvanın paytaxtı Vilnüsdə Türkiyənin İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsi ilə bağlı konsensus əldə edilib. NATO-nun baş katibi Yens Stoltenberq prezident Rəcəb Tayyib Ərdoğan ilə İsveçin baş naziri Ulf Kristersson arasında fikir ayrılıqlarının aradan qaldırılması üçün razılıq əldə edildiyini açıqlayıb.
Ulusal.az xəbər verir ki, Prezident Ərdoğan 11-12 iyul tarixlərində keçiriləcək NATO Zirvə Toplantısı üçün dünən Litvanın paytaxtı Vilnüsə gedib. Ərdoğan NATO-nun baş katibi Stoltenberq və İsveçin baş naziri Kristerssonla görüşüb. Nümayəndə heyətləri arasında iki tur davam edən görüşlərdən sonra mətbuat mənsublarının qarşısına çıxan Stoltenberq İsveçin terrorla mübarizə qanunu və terrorun maliyyələşdirilməsi ilə bağlı hüquqi tənzimləmələri həyata keçirmək üçün hərəkətə keçəcəyini bildirib. İsveç və Türkiyə arasında işçi qrupunun yaradılmasına da qərar verildiyini deyən Stoltenberq, Stokholmun terrorla mübarizədə Türkiyəyə dəstəyinin NATO üzvlüyü ilə davam edəcəyini vurğulayıb.
NATO-da terrorla mübarizə üzrə koordinator təyin etmək qərarına gəldiyini izah edən baş katib, terrorla mübarizə məsələsinin Alyans üçün son dərəcə vacib olduğunu xatırladıb. Bu kontekstdə o, həmçinin bəyan edib ki, NATO-nun terrorla mübarizə üzrə koordinatoru müttəfiqlərin terrora qarşı səylərini dəstəkləyəcək və üzv dövlətlər arasında koordinasiyanı təmin edəcək.
Kristersson və Ərdoğan arasında NATO-nun himayəsi altında əldə olunan razılaşmanın “tarixi xarakter daşıdığını” ifadə edən Stoltenberq, anlaşmanın həm də illərdən sonra ilk dəfə NATO-da terrorla mübarizə koordinatorunun təyin edilməsinə səbəb olduğuna diqqət çəkib. Bununla yanaşı, Stoltenberq İsveçin NATO-ya üzvlük prosesi ilə bağlı Türkiyənin Türkiyə Böyük Millət Məclisində qanun layihəsinin ratifikasiyası prosesinə başlayacağını da bildirib və bu prosesə hörmətlə yanaşmaq lazım olduğunu vurğulayıb.
İsveç və Türkiyə, həmçinin Türkiyə-İsveç Birgə İqtisadiyyat və Ticarət Komitəsi vasitəsilə iqtisadi əməkdaşlığın artırılması barədə razılığa gəliblər.
Stoltenberqin mətbuat konfransından sonra ABŞ prezidenti Co Bayden bildirib: “B addımı məmnuniyyətlə qarşılayıram. Mən prezident Ərdoğan və Türkiyə ilə Avro-Atlantik regionunda müdafiə və çəkindirmə imkanlarını yaxşılaşdırmaq üçün işləməyə hazıram.”




















