NATO alyansın hava məkanını və ərazisini qorumaq üçün bütün zəruri vasitə və səlahiyyətlərə malikdir.
Ulusal.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte Brüsseldə müdafiə nazirlərinin toplantısı öncəsi keçirilən mətbuat konfransında bildirib.
Rutte ruslara müraciət edərək vurğulayıb ki, əgər Rusiya NATO-ya qarşı hər hansı təxribat xarakterli addım atmağa cəhd edərsə, alyans adekvat cavab verməkdə tərəddüd etməyəcək:
“İcazə verin, ruslara müraciət edim: əgər onlar qəsdən NATO-ya qarşı nəsə etməyə çalışsalar, bizim alyansın hava məkanını və ərazisinin hər millimetrini müdafiə etmək üçün bütün vasitə və səlahiyyətlərimiz var”, – deyə Rutte qeyd edib.
NATO-nun baş katibi əlavə edib ki, alyans düşmən hədəflərinə qarşı mübarizədə Ukraynanın təcrübəsini öyrənərək, ən son texnologiyaları fəal şəkildə tətbiq edir.
Onun sözlərinə görə, Polşa üzərində pilotsuz təyyarə insidentində və Rusiya MiQ-31 təyyarəsinin Estoniyanın hava məkanına daxil olması zamanı NATO balanslı və peşəkar davranıb: təhlükə olduğu halda pilotsuz təyyarə vurulub, digər hallarda isə F-35 qırıcıları rus təyyarəsini hava məkanından uzaqlaşdırıb.
“Biz belə məşq edirik və hazırlaşırıq. Bu, yeni bir şey deyil — biz bunu 60-70 ildir ki, həm sovet, həm də rus təyyarələri ilə edirik”, – Rutte vurğulayıb.
NATO rəhbəri həmçinin qeyd edib ki, alyans daim dəyişən təhlükəsizlik mühitinə və yeni texnologiyalara uyğunlaşmaqda davam edir:
“Bəli, NATO-nun bu səlahiyyətləri var və biz hər gün onları daha da gücləndiririk”, – o əlavə edib.