Azərbaycan və Özbəkistanın rəsmən müttəfiq olması Cənubi Qafqazla Mərkəzi Asiya regionlarında yeni və təhlükəsiz əməkdaşlıq mühitinin yaranmasına təkan olacaq. Bu müttəfiqlik eyni zamanda Türk Dünyası üçün də yeni imkanlar açacaq. Diplomatik münasibətlərin ali səviiyəsi hesab olunan müttəfiqlik ölkələrimizi bir-birinə daha da yaxınlaşdıracaq. Dövlətlərarası qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsində yeni mərhələ başlayır. Bakı və Daşkənd çoxplanlı tərəfdaşlığın hərtərəfli inkişafı kursuna sadiqliyini bir daha təsdiq etdi. Prezident İlham Əliyevin də söylədiyi kimi, regionumuzda baş verən müsbət proseslər Bakı ilə Daşkənd arasında səmərəli əməkdaşlıqdan aslılıdr. Nəzərə alsaq ki, Azərbaycan kimi Özbəkistan da təkcə regionda deyil, həm də dünya miqyasında yüksək siyasi nüfuza malik ölkəyə çevrilib. Bu mənada Bakı ilə Daşkəndin timsalında güclərin birləşməsi Türk dünyasının güc mərkəzinə çevrilməsini şərtləndirir.
Özbəkistan həm də işğaldan azad olunmuş ərazilərin bərpasına töhfələrini davam etdirir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev qardaş ölkənin Xankəndi şəhərində yeni yüngül sənaye müəssisəsinin yaradılmasında iştirakını xalqlarımızın qardaşlığının və dostluğunun daha bir rəmzi kimi dəyərləndirdi. Bu addım azad olunmuş ərazilərə investisiya cəlbinin daha da artırılmasına töhfə olacaq.
Eyni zamanda Ali Dövlətlərarası Şuranın iclasında əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdi. Rəsmi Daşkənd bu müqavilələrin heç birinin kağız üzərində qalmadığını, real nəticələrin əldə edildiyini, 20 yeni istiqamətin müəyyənləşdiyini elan etdi.
Azərbaycan və Özbəkistan birgə İnvestisiya Fondunun kapitalını artırmağı da qarşıya hədəf qoyub. Tərəflər İkitərəfli gündəliyi və üçüncü ölkələrə investisiyalarla çıxışı artırmaq niyyətindədir.
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində imzalanan bütün səndlər yeni əməkdaşlıq mərhələsinin daha da uğurlu olacağını söyləməyə əsas verir.