image-rt-reklam
image-2backend

Müstəmləkə keçmişi olan ölkələr kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərməlidir

image-728x90

İqlim dəyişikliyi ilə qlobal mübarizə bütün dünyanın həmrəyliyini tələb edir. Azərbaycan da beynəlxalq səviyyədə iqlim çağırışlarına xüsusi diqqət yetirərək ekoloji proqram və konvensiyaların tələblərinə məsuliyyətlə yanaşır. BMT-nin İqlim Dəyişmələri üzrə  Çərçivə Konvensiyasına qoşulmuş ölkəmiz istilik effekti yaradan qaz tullantılarının azaldılması ilə bağlı öhdəliklərə qoşularaq bu istiqamətdə ilk Milli fəaliyyət planını hazırlayıb, habelə Kioto Protokolunu təsdiq edib. Həmçinin, respublikamız Çərçivə Konvensiyasına əlavə olan Paris Sazişini 2016-cı ildə imzalayaraq ratifikasiya edən ilk ölkələrdən biridir. Azərbaycan COP29-a ev sahibliyi etməklə bu istiqamətdə öhdəliklərə sadiq olduğunu nümayiş etdirir.
Ölkəmiz dünyanın ən mötəbər tədbirini yüksək səviyyədə təşkil edib. COP29-un açılış mərasimi də bu faktı təsdiqləyir. Açılış mərasimində dərin məzmunlu çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədə gördüyü işlər, eləcə də qarşıda duran vəzifələr barədə fikirlərini açıqlayıb.
Ertəsi gün, noyabrın 13-də isə Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan Kiçik ada dövlətlərinin (SIDS) Sammiti keçirilib. Sammitdə qeyd edildi ki, insanın fəaliyyətinin təbiətə zərərini azaltmaq lazımdır. 2024-cü il də iqlim fəlakətlərinin artdığını göstərdi. Başa vurduğumuz bu ildə də rekord yağışlar və qasırğalar, yanğınlar və ölümcül quraqlıqlar gördük. Proqnozlar onu göstərir ki, iqlim dəyişikliyinin təsiri getdikcə artacaq və bu, hamımızı təcili qərarlar qəbul etməyə vadar edir.
Bakıda belə bir mühüm məsələnin müzakirəsi ondan xəbər verir ki, dünya artıq bu problemin həll olunmasının zəruriliyini anlayır. Məlumdur ki, inkişaf etməkdə olan kiçik ada dövlətləri ətraf mühit və iqtisadi inkişaf baxımından dünyanın ən həssas ölkələri sırasındadır. Onların bir çoxu coğrafi cəhətdən təcrid olunmuş və təmiz su və dəniz məhsulları kimi məhdud təbii ehtiyatlardan tamamilə asılıdır. Çoxları mənfi təbii hadisələrə və dəniz səviyyəsinin qalxmasına səbəb olan iqlim dəyişikliyi ilə təhdid olunur. Mütəxəssislər də hesab edirlər ki, kiçik ada dövlətləri çətin ki, beynəlxalq ictimaiyyətin əməkdaşlığı və yardımı olmadan bütün bu problemləri həll edə bilsin. Bu mənada COP29 çərçivəsində mövzu ətrafında aparılan müzakirələrin problemin həlli istiqamətindəki səyləri gücləndirəcəyinə ümidləri artırır.
Prezident İlham Əliyev bu sammitdə də böyük əks-sədaya səbəb olan çıxışını edib. Prezident İlham Əliyev kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxışı zamanı bildirib: “Mən inkişaf etmiş ölkələrə, xüsusən də müstəmləkə keçmişi olan ölkələrə kiçik ada ölkələrinə yardım etmələri üçün müraciət edirəm”.
Azərbaycan COP29-a ev sahibi olduqdan sonra inkişaf edən kiçik ada dövlətləri ilə münasibətlərimiz yeni, daha yüksək səviyyəyə qalxıb. Toplantıda qeyd edilib ki, kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir. İnkişaf etmiş bütün ölkələr, xüsusən də müstəmləkə keçmişi olan ölkələr kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərməlidir ki, onlar ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər.
Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir. Ölkəmiz fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərmişdir. Ölkəmiz, həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək vermişdir. Ondan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramımızdan yararlanıb. Azəqbaycanın Qoşulmama Hərəkatında dördillik sədrliyi dövründə ölkəmiz 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərmişdir. Prezident İlham Əliyev Bakıda sammitdəki çıxışında bildirib ki,  “Biz, həmçinin ərzaq təhlükəsizliyi, mədəni irsin qorunmasında yardım göstərmişik. Bir çox kiçik ada ölkələri bizim təqaüd proqramlarından yararlanıb, onların vətəndaşları Azərbaycandakı universitetlərdə təhsil alıb”.
Baham Adaları, Tonqa və Tuvalunun rəhbərlərinin bu ilin mayında ölkəmizə səfəri çərçivəsində qəbul olunmuş Bakı Kommünikesində COP29-un və iqlim maliyyələşməsinə çıxışın vacibliyinin xüsusi vurğulandığını xatırladan dövlət başçısı bildirib: “Bu ilin sentyabrında İtki və Zərərlər Fondunun fəaliyyətə başlaması ilə əlaqədar Bakıda ciddi irəliləyiş əldə olundu. Hazırda proses ehtiyac duyan ölkələrə, xüsusən də kiçik ada dövlətlərinə maliyyənin verilməsi üçün tamamlanmalıdır”.
Azərbaycan qlobal iqlim dəyişikliyi ilə mübarizədə mühüm təşəbbüslər irəli sürüb. COP29-da qəbul olunan qərarlar bu istiqamətdə ciddi nəticələrin əldə olunmasına imkan yaradacaq.

Altay Əliyev – Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90