Aktyor Müşfiq Şahverdiyev onu məhkəməyə verən “Cinemazadeh” şirkəti haqqında danışıb.
Ulusal.az Musavat.com-a istinadən xəbər verir ki, o, adıçəkilən şirkətin rəhbərini psixi problemləri olan, narkotik istifadəçisi adlandırıb:
“Hazırda çəkilişlərdəyəm və bununla bağlı xəbəri sizin kimi mətbuatdan öyrənmişəm. Bildirim ki, “Cinemazadeh” şirkəti ilə 3 il əvvəl bizim aramızda bir film ilə bağlı müqaviləmiz olub. Onlar mənə avans ödəyib, daha sonra filmin 3 ay, 5 ay, bir il sonra çəkəcəklərini dedilər. İndi isə gəlib məndən həmin avansı istəyirlər ki, bu da çox absurd məsələdir.“Cinemzadeh” şirkəti əvvəl yaxşı idi, indi isə özünü tamamilə rüsvay etmiş şirkətdir. Hazırda şirkətə rəhbərlik edən Cəfər Axundzadə psixi problemləri olan şəxsdir, hansıki mən onu daha yaxşı tanıyıram. Bu adam gecə yatmayan, narkotik istifadə edən, min bir işlə məşğul olan insandır. Yəni onu normal adam kimi qəbul etmirik. Nəinki mən, film setində olanların hamısı onu yaxşı tanıyır. Ümumiyyətlə, baxın görün “Cinemzadeh” şirkətinin çəkdiyi son işlərdən kim razıdır? Aktyordan tutmuş, qrim edənə qədər hamının pulunu kəsirlər. Şirkətin işçiləri böyük “yeyinti” ediblər. Şirkətin rəhbəri 2-3 milyon manat pul yeyib. İndi isə çalışırlar ki, müxtəlif yollarla hansısa aktyoru və yaxud kimisə məhkəməyə verib, pul əldə etsinlər”.
Müşfiq Şahverdiyev məhkəməyə verilməsinin əhəmiyyətsiz bir iş olduğunu deyib: “Mən buna əhəmiyyətli baxmıram. Məhkəmə olacaqsa, gedib iştirak edəcəm. Amma bir daha qeyd edirəm ki, həmin şəxsləri normal insanlar hesab etmirəm.
Bir mesaj göstərsinlər ki, film çəkilməyə başlayıb və mən gəlməkdən imtina etmişəm, gəlməmişəm. Yəni bu, çox mənasız, dəxlisiz söhbətdir.
Əslində, əvvəldən mən şirkəti məhkəməyə verməliydim, gecikmişəm. Məhkəməyə verməli idim ki, avansı verdikdən sonra mənə bildirilib ki, həmin sezonda başqa filmə çəkilməməliyəm. Həmin yayda mən başqa işlərimdən oldum. Daha sonra dedilər ki, film qışda çəkiləcək. Sonra isə digər yayda çəkiləcəyi deyildi. Beləliklə, 3 il keçdi və bu müddət ərzində mənim xeyli itirdiklərim olub. Buna görə, gərək mən onları məhkəməyə verib, təzminat tələb edim”.
Qeyd edək ki, Tanınmış film istehsalçısı “Cinemazadeh”in aktyor Müşfiq Şahverdiyevi məhkəməyə verdiyi haqda məlumat yayılıb. Qafqazinfo-nun məlumatına görə tərəflər arasında müqavilə öhdəlikləri ilə bağlı problem yaşanıb. Şirkətin qaldırdığı iddiaya görə, məşhur aktyor “Cinemzadeh”lə film çəkilişləri ilə bağladığı müqavilənin öhdəliklərini yerinə yetirməyib. Belə ki, aktyor şirkətin film layihəsində iştirakla bağlı müqavilə imzalasa da, daha sonra çəkilişdə iştirak etməkdən imtina edib. Buna görə də şirkət Müşfiq Şahverdiyevdən təzminat tələb edir.
İddiaya Bakı Kommersiya Məhkəməsində hakim Ülkər Həsənovanın sədrliyi ilə baxılır.
Qeyd edək ki, M.Şahverdiyev daha əvvəl “Cinemzadeh”in “Ofis işi”, “Kəklikotu” kimi layihələrində yer alıb.