image-2000x150
image-1678690105_a8707c5d-4c1c-498b-8d9f-95a910a4d0f4backend

Müqəddəs Ramazan ayını İstanbul üslubunda yaşayın

image-728x90

İki qitənin birləşdiyi İstanbul eyni zamanda son dərəcə unikal Ramazan ənənələrinə ev sahibliyi edir. Türk mədəniyyətində “On bir ayın sultanı” kimi tanınan Ramazan ayı mənəvi özünütəhlil, özünü idarə etmə, paylaşma, sədaqət və oruc tutma ayıdır. Bu mübarək ay İstanbulda özünəməxsus şəkildə qeyd olunur. Ramazan ayı bu il martın 23-dən aprelin 20-nə qədər olan tarixləri əhatə edir. Bu dövrdə İstanbula gələn qonaqlar şəhərin xüsusi Ramazan ənənələrinə və mədəniyyətinə qoşula və bu müqəddəs ayı insanların sevgi, mərhəmət və tolerantlıq nümayiş etdirməyə çalışdıqları bir mühitdə keçirə bilərlər.

Ramazan ayının bərəkəti hər yerdə hiss olunur
İstanbul Ramazan bayramını məscid minarələrinin arasına asılan Osmanlı mirasına aid pankartlarla qarşılayır. Bu işıqlı yazılar Ramazan ayının mənəvi atmosferini dinc mesajlarla vurğulayaraq, İstanbulun bənzərsiz mənzərəsinə səfalı bir toxunuş əlavə edir. Digər gözəl və hörmətli Ramazan ənənəsi Ramazan nağaraçılarıdır. Bu musiqiçilər camaatı sübh azanından əvvəl sahura oyatmaq məqsədi ilə sübh açılmamış küçələrdə gəzir, nağara çalır və Ramazan haqqında şeirlər və əzan oxuyurlar.

Ramazan orucu gündəlik bir ritualdır. Sahur vaxtı azanla başlayan oruc, axşam namazı və top atəşi səsləri ilə başa çatır. Orucun mənəvi tərəfi iftar süfrəsinə qədər davam edir. Bərəkətli süfrələrdə yemək yeyənlər adətən yeməkdən əvvəl bir qurtum su və bir neçə zeytun və ya xurma ilə oruclarını açırlar.

İstanbulluların evlərindəki iftar süfrələri Ramazan ayının bərəkətini əks etdirir.
Şəhərin kafe və restoranlarında da ənənəvi yeməklər, o cümlədən şəhərə ləzzətli ətir bəxş edən təzə bişmiş Ramazan çörəyi ilə zəngin menyular təqdim olunur. Şəhər meydanlarında ümumi iftar süfrələrində açılan oruc birliyin və paylaşmanın vacibliyini vurğulayır. Ramazan ayında qonaqlar ümumi iftarda iftarın mənəvi həzzini yaşaya, yaxud müxtəlif Osmanlı və türk yeməkləri ilə xüsusi iftar menyuları təqdim edən çoxsaylı restoranlardan birində nahar edə bilərlər. Ramazan həm də süfrələrə xüsusi təamların gəldiyi vaxtdır. Ramazan ayının ən məşhur ləzzəti, yəqin ki , türk şirniyyatı olan “güllaç ”dır. Bu zərif, lakin ləzzətli yemək “paxlavanın” əcdadı hesab edilir. Süd, qızılgül suyu, nar və unikal xəmir növü ilə hazırlanır.

Sahura qədər ənənəvi əyləncə
İstanbulun möhtəşəm məscidlərində iftardan sonra qılınan təravih namazı ibadət və cəmiyyət hisslərini daha da gücləndirir. Namazdan sonra müxtəlif meydanlarda, xüsusilə Sultanəhməddə şəhəri və sakinlərini canlandıran ənənəvi Ramazan əyləncələri başlayır. Şəhər meydanlarında dini söhbətlər, şeirlər, xalq tamaşaları – musiqi, rəqslər və nağıllar diqqət çəkir. Eyni zamanda, “ Qaragöz və Hacivat ” obrazlarının oynadığı ənənəvi kölgə kukla tamaşaları həm uşaqları, həm də böyükləri əyləndirir.

İstanbulun müqəddəs yerlərində mənəvi səyahət
Ramazan ayında İstanbulu bənzərsiz edən başqa bir cəhət də şəhərin bir çox müqəddəs məkanlarıdır. Bu müqəddəs yerlərdən bir neçəsini sadalayaq: Məhəmməd peyğəmbərin səhabəsi Xalid bin Zeyd Əbu Əyyub Əl-Ənsari türbəsinin olduğu Eyüp Sultan Məscidi, Ramazan ayının ilk orucunun açıldığı Oruç Baba Türbəsi, Yuşa peyğəmbərin məzarının olduğu iddia edilən Yuşa təpəsi və Yəhya Əfəndi türbəsi. Ayasofya, Sultanəhməd Məscidi və Topkapı Sarayı kimi tarixi yerlər də Ramazan ayında ziyarət üçün yerinə düşən seçimlərdir. Hz. Məhəmmədin müqəddəs yadigarı olan Hırka-i Şərif Ramazan ayı boyunca Hırka-I Şərif Məscidində görülə bilər.

Bayram sevincini İstanbulda yaşayın…
İstanbulda ibadətlə keçən hüzurlu bir Ramazan ayı ilə vida bayramın ilk günündə bayram namazı ilə başlayır. İstanbulda bayram günlərində yolda ailə böyüklərini ziyarət etmək üçün əlində şirniyyat qutusu, bayram libasını geyinmiş, bayram əhval-ruhiyyəli şəhər sakinlərini görəcəksiniz. Qohumlar toplanıb bayramı evdə qeyd etdikdən sonra uşaqları bayram şövqündən zövq alsınlar deyə şəhərin parklarında və əyləncə məkanlarında təşkil edilən şənliklərə aparırlar. Ramazan ruhunda tarixi məkanlar, ənənəvi təcrübələr və əyləncəli fəaliyyətlər təqdim edən İstanbul, bu Ramazanda qonaqlarını gözləyir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90