Münxen Təhlükəsizlik Konfransı artıq 60 ildir ki, fəaliyyət göstərən və hazırda qlobal miqyasda təhlükəsizlik problemlərinin müzakirə olunduğu beynəlxalq bir Forumdur. Çoxsaylı dövlət və hökümət başçılarının iştirak etdiyi, dünyanın bütün bölgələrindən çoxsaylı ekspertlərin, siyasi təhlilçilərin qatıldığı Münhen Konfransı çox əhəmiyyətli beynəlxalq bir tədbirdir.
Həm Avropanın, həm də Asiyanın təhlükəsizliyi üçün mühüm rol oynayan bir ölkənin lideri və bu yeni reallıqların strateji müəllifi olan siyasətçi kimi Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında iştirakı və fikirləri demək olar ki, bütün iştirakçıların diqqət mərkəzində idi.
Münxen Təhlükəsizlik Konfransı bizim üçün müsbət simvolik əhəmiyyət daşıyır. Çünki 2020-ci ilin Vətən müharibəsinə gedən yol faktiki olaraq məhz bu tədbirdən başlamışdı. 6 il öncə Münxendə Azərbaycan və Ermənistan liderləri arasında keçirilən debatda Nikol Paşinyan dövlətimizin başçısının arqumentləri, səlis məntiqi qarşısında aciz qalmışdı. Həmin debatdan bir neçə ay sonra Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarını işğaldan azad etdi.
Münxen Konfransı Azərbaycanın mövqeyinin, milli maraqlarının təbliği və tanıdılması baxımından vacib platformadır. Ölkəmiz Münhen Konfransının illik görüşlərində də müntəzəm olaraq dövlət başçısı və ya digər səviyyələrdə fəal təmsil olunur.
Sözsüz ki, builki Münxen Təhlükəsizlik Konfransına dəvət olunmuş az sayda dövlət başçılarından biri də Azərbaycan Prezidenti İlham Əliyevin olması ölkəmiz üçün olduqca böyük əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin bu tədbirə dəvət olunması dövlət başçısının Cənubi Qafqazda, eləcə də dünyada sayılıb-seçilən, bütün məsələlərə yenilik gətirən nüfuzlu lider olması ilə bağlıdır.
Prezident İlham Əliyevin bu cür beynəlxalq, mötəbər tədbirlərdə iştirakı və çıxışları daim diqqətlə izlənilir. Dövlətimizin başçısı təkcə regionda deyil, Türk dünyasında da geniş nüfuza sahib olduğuna görə dünya siyasətçiləri bu cür platformalarda Prezident İlham Əliyevlə müzakirələr aparmaq istəyirlər.
Bundan əlavə, Münxen Təhlükəsizlik Konfransında müxtəlif dövlətlərdən olan çox böyük, ciddi iqtisadi nüfuza malik şirkətlərin nümayəndələri də iştirak edirlər. Onlarla keçirilən görüşlər də öz səmərəsini verir. Bu gün Qarabağa investisiyaların qoyulması, regionda təhlükəsizliyin təmin edilməsi, hərbi-siyasi vəziyyətin müzakirə edilməsi çox mühüm məsələlərdir.
Səfər çərçivəsində Prezidenti İlham Əliyevin Münxen şəhərində “France 24″ telekanalına verdiyi müsahibə dövlətimizin həm regional, həm də qlobal mövzulara münasibətini dəqiq və qəti ifadə etmiş oldu. Dövlət başçısı müsahibəsində Azərbaycanın Fransa ilə olan münasibətinə aydınlıq gətirməklə yanaşı, bütövlükdə dövlətimizin digər ölkələrlə münasibətdə əsas tutduğu meyarları da şərh edib.
Prezident İlham Əliyev müshaibəsində bildirdi ki, Fransa ilə ölkəmiz arasında siyasi-diplomatik müstəvidə yaşanan gərginliyin səbəbkarı rəsmi Parisdir və Azərbaycan məhz Fransa hökumətinin yürütdüyü siaysətə cavab olaraq bəzi addımlar atmaq, bəyanatlar vermək məcburiyyəti qarşısında qalıb.
Prezidentin müsahibəsindən həm də bu nəticə hasil oldu ki, Azərbaycan bugünə qədər olduğu kimi, bundan sonra da beynəlxalq münasibətlərdə hər bir dövlətə adekvat yanaşacaq, hər ölkəylə onun layiq olduğu şəkildə davranacaq. Bu isə o deməkdir ki, Azərbaycan dövlətinin qərarlarına, suverenliyinə, hüquq sisteminə hörmətlə yanaşan hər bir dövlət özünə münasibətdə də eyni ehtiramı görəcək.
Müsahibədə Ermənistanla münasibətlərlə bağlı qəti olaraq ifadə olunub ki, sülh olacaq, amma Bakının şərtləri ilə. Ermənistan konstitusiyasındakı ərazi iddiaları dəyişmədən hüquqi sənəd imzalanmayacaq. Prezidentin mesajları həm də onu ifadə edir ki, Azərbaycan Zəfər savaşından sonra artıq regional obyekt, “münaqişə tərəfi” yox, öz maraqlarını diqtə edən qlobal gücdür.






















