“Brüsseldə demək olar ki, heç kim Ukraynanın itirdiyi əraziləri qaytaracağına ümid etmir, amma heç kim də bu barədə danışmaq istəmir – ən azı rəsmi şəkildə”.
Ulusal.az xəbər verir ki, Almaniyanın “Welt” nəşri Ukrayna müharibəsinin gələcəyilə bağlı yazısında belə qeyd edir.
Nəşr yazır ki, bu cür tutqun fikirlərin səbəblərini və müharibənin sonunu necə gördüklərini izah edən bir neçə Qərb diplomatı cəbhədə vəziyyətin qətiyyən ürəkaçan olmadığını bildiriblər. Qəzetin həmsöhbətlərinin dediyi kimi, Ukrayna üçün döyüş zonasında vəziyyətin inkişafı ictimai müzakirələrdə təqdim olunduğundan “daha pisdir” və onların fikrincə, Rusiya qoşunlarının Ukraynanın ikinci müdafiə xəttini yarması “yalnız zaman məsələsidir”.
Buna görə də Qərb hərbi rəsmiləri və diplomatları ABŞ prezident seçkilərində kimin qalib gəlməsindən asılı olmayaraq, qarşıdakı 6-9 ay ərzində münaqişə zonasında atəşkəsin əldə olunacağını proqnozlaşdırırlar: “Mövcud şəraiti nəzərə alsaq, atəşkəsdən başqa çıxış yolu görünmür”.
Eyni zamanda, nəşrin diplomat həmsöhbəti vurğulayıb ki, Qərb müdafiə qabiliyyətini artırmaq üçün mümkün pauzadan istifadə etməlidir və o zaman Qərb ölkələri Putini yeni hücumdan saxlaya biləcəklər: “Ukraynanın qələbəsinə inamın azalması onunla izah olunur ki, Qərb böyük ehtimalla, gələcəkdə də Kiyevə hərbi dəstəyini uğurlu genişmiqyaslı əks-hücum keçirməyə imkan verəcək səviyyəyə qaldırmayacaq”.
Bundan əlavə, “Welt” qeyd edir ki, Qərb münaqişənin kəskinləşməsindən və Putinin gözlənilməz addımlarından qorxur. Hərbi ekspertlərin fikrincə, ABŞ Prezidenti Co Bayden və Almaniya kansleri Olaf Şolts həddindən artıq təzyiq şəraitində Rusiya Prezidentinin taktiki nüvə silahından istifadə edə biləcəyindən ehtiyat edirlər.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski “Le Monde” qəzetinə son müsahibəsində vurğulayıb ki, Rusiya Federasiyası ilə sülh müqabilində Ukrayna ərazilərinin təslim edilməsi qərarı Ukrayna xalqının razılığı olmadan qəbul edilə bilməz. O, eyni zamanda qeyd edib ki, istənilən halda Ukrayna ərazilərini təslim etmək “ən yaxşı seçim deyil” və bu, əslində Vladimir Putinin qələbəsi deməkdir. Həmçinin, Ukrayna Prezidenti münaqişənin sadəcə olaraq, dondurulması ideyasını heç də həvəslə qəbul etmir. Çünki Rusiya sonradan Ukrayna ərazilərini ələ keçirmək üçün yeni cəhdlər edə bilər.“AzPolitika.info”