Azərbaycanın dövlət müstəqilliyi bərpa olundu. Bütün dövlətçilik təsisatları yaradıldı. Gənc respublikada hakimiyyət boşluğu, səriştəsizlik dövlətçiliyin itirilməsi həddinə gətirib çıxartmışdı. Respublikada milli qarşıdurma təhlükəsi də yaranmışdı. Belə bir vəziyyətdə xalq təkidlə böyük tarixi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Azərbaycançılığı ilə həmişə fəxr edən böyük tarixi şəxsiyyət xalqın tələbini yerinə yetirdi. Azərbaycan dövlətçiliyi labüd iflasdan xilas oldu.
Oktyabrın 3-nə təyin olunmuş prezident seçkilərində Ulu Öndər Heydər Əliyev xalqın böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən qorudu, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin düsturunu müəyyənləşdirdi. Ümummilli Lider Heydər Əliyevin andiçmə mərasimində dediyi kəlamlar onun Azərbaycana xidmətini ümumiləşdirib: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.”
Ulu Öndər Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin işlər aparıldı, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, respublikamızın sosial-iqtisadi yüksəlişi istiqamətində mühüm tədbirlər həyata keçirildi, dövlət çevrilişlərinin qarşısı alındı, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas oldu, müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirildi.
Dahi tarixi şəxsiyyətin fenomenal insan olduğunu siyasi uzaqgörənliyi, fitri istedadı, müdrikliyi, məntiqli qərarlar qəbul etmə məharəti, qətiyyətliyi, siyasi iradəsi, dərin zəkası, ensiklopedik biliyə, geniş dünyagörüşə malik olması, həmişə milli maraqlara əsaslanması, … təsdiqləyir.
Dünya siyasətçiləri Ulu Öndər Heydər Əliyevin dərin məntiqini, natiqlik məharətini, söz seçmək bacarığını, auditoriya ilə ünsiyyət qurmaq səriştəsini, … yüksək dəyərləndirirdi.
Ulu Öndər Heydər Əliyev milli ideologiyanın da yaradıcısı oldu. Onun rəhbərliyi ilə Azərbaycanda dövlət quruculuğu bu ideologiya əsasında aparıldı. Azərbaycanda dövlət quruculuğu azərbaycançılıq ideologiyası ilə həyata keçirildi.
Siyasətçilər də dünyanın nəhəng dövlətlərinin başçıları da böyük tarixi şəxsiyyət Heydər Əliyevin mülahizələrinin geçəkliyi ifadə etdiyini, problemlərə dərindən bələdliyinə görə qəbul etdiyi qərarların qətiyyətliyini, … etiraf edirdi.
1993-cü ildə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyevin təcrübəli və müdrik siyasəti nəticəsində qısa müddətdə xarici siyasətdə böyük dönüş yarandı, dünyanın aparıcı dövlətləri ilə, beynəlxalq təşkilatlarla Azərbaycan arasında münasibətlərdə bir siyasi inam yarandı.
Ulu Öndər Heydər Əliyevin neft strategiyasının təcəssümü olan “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemində yerini müəyyənləşdirdi. 1994-cü ilin sentyabr ayının 20-də dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış “Əsrin müqaviləsi” sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmış, 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk neft kəməri ilə, 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına çıxarıldı.
1995-ci ilin 12 noyabrında Ümummilli Liderin rəhbərliyi ilə hazırlanan, ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyri-şərtsiz təmin olunmasının əsasını qoydu. Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyi və hakimiyyət bölgüsü yaradıldı.
1995-ci ildə müstəqil Azərbaycanın parlamentinə keçirilən ilk seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar açdı.
Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi ilə ölkənin dünya birliyinə inteqrasiyası təmin edildi.
Böyük İpək yolu bərpa olundu, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi yaradıldı, Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması layihələri səmərəli şəkildə həyata keçirilməkdədir.
Böyük tarixi şəxsiyyət Heydər Əliyevin apardığı xarici siyasət nəticəsində beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyü dəstəkləndi, Ermənistanın işğalçılıq siyasəti pisləndi, bu istiqamətdə qətnamələr və bəyanatlar qəbul olundu.
Böyük tarixi şəxsiyyət Heydər Əliyev 2001-ci il oktyabrın 17-də Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktının qəbul olunmasının 10-cu ildönümünə həsr olunmuş Respublika sarayında keçirilən zirvə tədbirində çıxışında dedi: “İndi dünyada müstəqil Azərbaycan dövləti var. Onun milli dövlət bayrağı var, milli himni var, milli gerbi var. Azərbaycan dünya birliyində özünə layiq yer tutubdur. Azərbaycanın dövlət bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır, müstəqil Azərbaycanın başı üstündə dalğalanır və daim dalğalanacaqdır, bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir”. Bu kəlamlar azərbaycançılıq ideologiyasınnı mahiyyətini bir daha xatırlatmaqla müstəqil Azərbaycanın dövlətçiliyinin əbədiliyinin zəmanəti kimi tarixləşdi. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycana hakimiyyətə qayıdışı, Prezident seçilməsi Azərbaycanın dövlətçilik tarixində ən qüdrətli mərhələlərdən biri oldu. Bu gün həmin mərhələni Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir…
Heydər Əliyev deyirdi: “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir”…
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı