“Rusiya ilə münasibətlərin pozulması nə Rusiyaya, nə də Azərbaycana lazım deyil. Rusiya böyük dövlətdir, qonşumuzdur və tarixi köklərə söykənən siyasi, iqtisadi, mədəni əlaqələrimiz mövcuddur. Fakt odur ki, bu ölkə ilə əlaqələrin pozulmasının təşəbbüskarı ayrı-ayrı imperiyapərəst qüvvələr, şovinist dairələr və daim müharibə axtarışında olan generallardır. Ötən ilin dekabr ayında sərnişin təyyarəmiz vuruldu, cinayətkarlar cəzalandırılmadı və kompensasiya ödənilmədi. Daha sonra kiberhücumlar təşkil olundu. Ötən günlərdə orada yaşayan soydaşlarımıza qarşı görünməmiş vəhşiliklər sərgiləndi”.
Bu barədə Bizimyol.info xəbər portalına açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev danışıb. Deputat qeyd edib ki, mövcud vəziyyətdə Rusiya dostlarının sayını artırmaq əvəzinə, düşmənlərinin sayını artırmaqla məşğuldur.
