Son zamanlar İrəvanla Moskva arasında siyasi münasibətlərin soyuması fonunda bir çox Rusiya şirkətləri də Ermənistanı tərk etməyə başlayıb. “Wildberries” onlayn ticarət şirkəti artıq buradakı fəaliyyətinə son qoyub.
Qeyd edək ki, “Wildberries” rəsmi məlumatlara görə, təkcə 2023-cü ilin birinci yarısında dövlət büdcəsinə 4,7 milyard dram (təxminən 12 milyon dollar) köçürməklə Ermənistanın ən böyük vergi ödəyiciləri siyahısında 28-ci olub.
Ondan əvvəl isə telekommunikasiya şirkəti olan “Veon” Ermənistandakı hissələrini satıb. Ümumiyyətlə, son on ildə Rusiyanın Ermənistana birbaşa xarici investisiyalardakı payı ÜDM-in 18-19 faizindən 10,5 faizə qədər azalıb.
Qeyd edək ki, Rusiya biznesi 1997-ci ildən bəri Ermənistan iqtisadiyyatının ən vacib sahələrində – enerji, bank, telekommunikasiya, nəqliyyat kanalları, mədən və digər sahələrdə – istər dövlət, istərsə də özəl şirkətlərin iştirakı ilə böyük paya malikdir. Hazırda Ermənistanda istehsal olunan məhsulun böyük hissəsini Rusiya şirkətləri təşkil edir. Uzun müddət bu şirkətlər Ermənistan iqtisadiyyatında istehsal edilən məhsulun 15 faizini təşkil ediblər.
Lakin artıq Rusiya şirkətləri göründüyü kimi Ermənistanı tərk etmək qərarına gəliblər.
Ermənistanı bu fonda hansı fəlakətlər gözləyir?
Bizim.Media-ya açıqlama verən iqtisad elmləri doktoru, professor Elşad Məmmədovun fikrincə, Rusiya biznesinin Ermənistanı tərk etməsi bu ölkənin iqtisadi, siyasi, sosial həyatını iflic edəcək:
“Düzdür, son dövrlər Rusiyanın bir sıra şirkətləri Ermənistandakı bizneslərinə son qoyaraq, buranı tərk edib. Bununla belə hesab etmirəm ki, Rusiya biznesi kritik dərəcədə Ermənistanı tərk edəcək.
Amma Ermənistan iqtisadiyyatının strukturuna nəzər saldıqda görürük ki, Rusiyanın bu ölkənin iqtisadiyyatı və sosial həyatında rolu böyükdür. Bu mənada Rusiya biznesinin Ermənistan iqtisadiyyatından çıxması həmin ölkənin nəinki iqtisadiyyatını, həm də onun bütün sosial, eyni zamanda siyasi müstəvidə durumunu katastrofik dərəcədə fəlakətə sürükləyəcək.
İki ölkə arasında siyasi müstəvidə gərginlik var və bu gərginlik artır. Hansı ki, bu gərginlik İrəvanın dönük çıxması nəticəsində yaranıb. Həmin gərginlik sonda Ermənsitanı uzun illər Rusiya ilə əməkdaşlıqdan əldə etdiyi dividendlərdən məhrum edə bilər. Bu vəziyyət özünü həmçinin iqtisadi müstəvidə də göstərir. Ermənistan kimi resurs bazası bəsit olan ölkənin Rusiya ilə iqtisadi əlaqələrinin zəifləməsi, həmin ölkəyə olduqca ağır zərbə vuracaq”.
Həmsöhbətimiz qeyd edir ki, Rusiya son proseslər fonunda sürətlə Qərbdən şərq və cənuba doğru istiqamət götürüb və bu hal özünü iqtisadi sferada da göstərir:
“Belə olan halda, Cənubi Qafqaz ölkələri və bu ərazi üzərindən daha geniş coğrafiya ilə əməkdaşlığın qurulması Rusiya üçün önəmli olacaq. Sanksiyalar nəticəsində Rusiya lazım olan məhsulları digər ölkələr üzərindən gətirir. Bunun özü də həmin ölkələrdə Rusiya biznesinin təmsil olunmasını şərtləndirir. Belədə, sanksiyalardan yan keçərək, bir sıra digər ölkələr kimi, Ermənistan üzərindən də Rusiyaya məhsullar gətirilir”.