Rusiya Laçın yolunda sərhəd-keçid məntəqəsinin qurulması reallığı ilə barışıb.
Bu nəticəni Rusiya Müdafiə Nazirliyinin Qarabağdakı vəziyyətlə bağlı dünən yaydığı məlumatdan çıxarmaq mümkündür.
Məlumatda qeyd olunur ki, Rusiya sülhməramlıları Qarabağda tapşırıqları yerinə yetirməkdə davam edir: “30 müşahidə məntəqəsində nəzarət həyata keçirilir. Son 24 saatda hansısa hadisə qeydə alınmayıb. Xankəndinə humanitar yük çatdırılıb”.
Rusiya sülhməramlılarının komandanı Volkovun Lentsovla əvəzlənməsində məqsəd Laçın yolunda postla bağlı danışıqlar aparmaq olub. Moskvanın iki məqsədi var idi: ya postun ləğv edilməsi, ya da rus hərbçilərinin də orada dayanması;
Danışıqlar nəticə verməyib. Sərhəd-keçid məntəqəsində Azərbaycan gömrükçülərinin də fəaliyyətə başlaması və ermənilərin pasportlarının yoxlanılmasına start verilməsi də bunu təsdiq edir. Rusiya Müdafiə Nazirliyinin məlumatında isə artıq Laçın postu və danışıqlarla bağlı qeydin yer almaması Moskvanın da reallığı qəbul etməsindən xəbər verir.