Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistan arasında Vaşinqtonda əldə olunmuş razılaşmaların əhəmiyyətini azaltmağa çalışıb.
Lavrov Vaşinqtonda çox şeyin razılaşdırılmadığını iddia edib.
“ABŞ-da Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı vəcdə gətirən fikirlər sənədin dərcindən sonra skeptik qiymətləndirmələrlə əvəzlənib, çünki sənədin mətnində çox şey razılaşdırılmadığı ortaya çıxıb”, – o iddia edib.
Rusiyanın baş diplomatı onu da iddia edib ki, Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanması üçün şərtlər Rusiya, Ermənistan və Azərbayca liderlərinin 2020-ci və 2022-ci illərdə əldə olunmuş razılaşmalar əsasında formalaşıb: “Onlar bunu ABŞ-da imzalamağa qərar verdilər. Bu, qonşularımızın suveren hüququdur, amma bu razılaşmanın necə işləyəcəyini görəcəyik. Çünki orada hər şey razılaşdırılmayıb”.
Lakin Lavrov “Vaşinqtonda hər şey razılaşdırılmayıb” dedikdə konkret nəyi nəzərdə tutduğunu izah etməyib. 8 avqustda keçirilən Vaşinqton görüşündə Bakı və İrəvan arasında müzakirə edilən bütün məsələlər həll edilib. Sülh sazişinin mətni paraflanıb. Ermənistan konstitusiyasının dəyişdirilməsindən sonra yekun müqavilənin imzalanması razılaşdırılıb. ATƏT-in Minsk qrupunun buraxılması məqsədilə birgə müracət qəbul olunub. Nəticədə sentyabrın 1-də Minsk qrupu ATƏT tərəfindən rəsmi olaraq ləğv edilib. Zəngəzur dəhlizinin açılması rəsmiləşib. Rusiya tərəfinin “hər şey razılaşdırılmayıb” iddiası əslində əldə olunan anlaşmaların əhəmiyyətini azaltmaq və sülh prosesini pozmaq məqsədi daşıyır.