image-rt-reklam
image-jalebackend

Milli Məclisin deputatı Jalə Əhmədova: “Qubadlı da işğaldan azad olunmuş digər ərazilərimiz kimi, tezliklə öz doğma sakinlərinin firavan günlərinə şahid olacaqdır”  

image-728x90

Bu gün ölkəmizdə Qubadlı şəhəri günü qeyd edilir. Qubadlı şəhərinin işğaldan azad olunduğu 25 oktyabr tarixi 44 günlük Vətən  müharibəsinin ən önəmli günlərindən biridir. Bir neçə gün davam edən Qubadlının azad edilməsi əməliyyatı və onun uğurlu nəticəsi müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi idi.

Ermənilərin şəhərdə güclü istehkamlar qurmasına və yüksəkliklərdə düşmənin hərbi birləşmələrinin yerləşməsinə baxmayaraq, Ordumuzun peşəkarlığı və fədakarlığı bizi bu uğura çatdırdı. Sentyabrın 27-dən noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi azad edildi.

Qubadlının azad edilməsi ilə Laçın istiqamətində yolumuz açıldı və qısa müddətdə Laçının cənubunda yerləşən ərazilərimizi də düşməndən azad etdik. Beləliklə də, Laçın dəhlizi bizim nəzarətimizə keçdi və müharibənin taleyinin həll edilməsində daha bir mühüm  addım atılmış oldu.

Ermənistanın işğalı nəticəsində Qubadlı rayonunun 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekt, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. Bundan başqa, Qubadlıda rəsmi İrəvan tərəfindən qanunsuz məskunlaşma aparılmışdı. Xaricdən gətirilən ermənilərin burada qanunsuz yollarla Qubadlının Xanlıq kəndində yerləşdirilməsi isə ermənilərin hərbi cinayətlərindən biri idi. Çünki Cenevrə konvensiyalarına görə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparmaq  cinayət hesab olunur.

2020-ci il dekabrın 23-də Prezident İlham Əliyev Qubadlıda Azərbaycan bayrağını ucaltdı.

Bu gün Qubadlı uğrunda gedən şiddətli döyüşlərdə şəhid olmuş Vətən övladlarının xatirəsini ehtiramla yad edirik. Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 15212 hərbi qulluqçumuz Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən,  “Qubadlının azad olunmasına görə” medalı ilə təltif ediliblər.

Hal-hazırda Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, həmçinin Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməli qoyulub. Əminliklə söyləmək olar ki, Qubadlı da işğaldan azad olunmuş digər ərazilərimiz kimi, tezliklə öz doğma sakinlərinin firavan günlərinə şahid olacaqdır.

Jalə Əhmədova

Milli Məclisin deputatı

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90