image-rt-reklam
image-1backend

Milli diplomatiyamız yeni dövrün fəaliyyət meydanında ŞƏRH

image-728x90

Çağdaş dünyada gedən qloballaşma və inteqrasiya proseslərinin məcrasında – iştirak etdiyi bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda dövlətçilik mənafelərini böyük təəssübkeşliklə müdafiə edən Prezident İlham Əliyevin uğurlu xarici siyasəti Azərbaycanın beynəlxalq və regional problemlərinin həllində olduqca müsbət nəticələrdə öz ifadəsini tapır. Bu gün Azərbaycan dünya miqyasında bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında öz müstəqil siyasətini inamla yürüdən bir ölkə kimi bütün xoşniyyətli tərəfdaşlar üçün nadir əməkdaşlıq məkanına çevrilib.

Qazanılmış uğurlar Azərbaycan Respublikası tərəfindən həyata keçirilən müstəqil xarici siyasətin səmərəliliyini, təsir qüvvəsinin genişliyini və tarazlılığını bir daha təsdiq edir. Son 30 il ərzində baş verən hadisələrin xronologiyası öz-özlüyündə həyatın bütün sahələrində Azərbaycan siyasətinin davamlı uğurlarını əks etdirir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında fəlsəfə doktoru Cavanşir Feyziyev söyləyib.

O qeyd edib ki, multikulturalizmin qlobal miqyasda təşviqi, mədəniyyətlər və dinlərarası dialoqun inkişafı, humanitar və mədəni diplomatiya kursumuzun davam etdirilməsi, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə hüquqlarının müdafiəsi və konsulluq dəstəyinin göstərilməsi, dünya azərbaycanlıları ilə əlaqələrin və diaspor fəaliyyətinin inkişaf etdirilməsi kimi məsələlər Azərbaycan xarici siyasətinin mühüm istiqamətləridir. Bütün bu və digər sahələrdə əldə edilmiş uğurlar Azərbaycan diplomatiyasının davamlı qələbələridir.

1919-cu il iyul ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimatın qəbul edildiyi gün Azərbaycan milli diplomatik fəaliyyətin başlanğıcı hesab olunur. Məhz bu tarixə istinad edərək 2007-ci il avqustun 24-də Prezident İlham Əliyev hər il iyulun 9-nun Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Bu Sərəncama uyğun olaraq bu gün diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramıdır.

Azərbaycan diplomatiyası ilk addımlarını atdığı dövrdə – 1919-cu ildə Bakıda 16 xarici dövlətin, o cümlədən ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, İsveçrə, Belçika, İran, Polşa və Ukraynanın diplomatik nümayəndəlikləri fəaliyyət göstərib.

1920-ci il yanvarın 11-də Paris Sülh Konfransında Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi de-fakto tanınandan sonra Azərbaycan hökuməti tərəfindən Qərbi Avropa və Amerikada ölkənin diplomatik nümayəndəliklərinin təsis edilməsinə dair qanun layihəsi hazırlanıb.

1922-ci il dekabrın 30-da Moskvada Birinci Ümumittifaq Sovetlər qurultayında SSRİ-nin yaradılması haqqında müqavilə imzalanıb. Bununla da Azərbaycanın müstəqil xarici siyasət fəaliyyəti tamamilə dayandırılıb. 1923-cü il oktyabrın 8-də Azərbaycan SSR Xalq Komissarları Sovetinin 529 saylı əmrinin birinci paraqrafı ilə Türkiyə və İran istisna olmaqla, Azərbaycanda fəaliyyət göstərən bütün diplomatik nümayəndəliklər ləğv edilib.

Yalnız İkinci Dünya müharibəsinin sonlarına yaxın – 1944-cü ildə sovet hakimiyyəti özünün geniş strateji maraqlarını əsas götürərək digər respublikalarla yanaşı, Azərbaycan SSR Xalq Xarici İşlər Komissarlığını yaradıb. Lakin bu qurum uzun illər boyu formal xarakter daşıyıb və heç bir praktik funksiya yerinə yetirməyib.

1991-ci il oktyabrın 18-də Azərbaycanın öz müstəqilliyini bərpa etməsi faktı bütün dünya dövlətləri və BMT tərəfindən tanınıb.

C.Feyziyevin sözlərinə görə, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının çağırışı və təkidi ilə hakimiyyətə qayıtdıqdan sonra milli dövlətçiliyin qurulması prosesi milli diplomatiyamıza yeni nəfəs verdi. Azərbaycanın yaxın və uzaq tarixi keçmişini, müxtəlif tarixi dövrlərdə üzləşdiyi geosiyasi reallıqları dərindən təhlil edən Ulu Öndər Heydər Əliyev yeni tarixi şəraitdə ölkəmizin xarici siyasət strategiyasını müəyyənləşdirdi. Heydər Əliyev strategiyası, ilk növbədə, respublikamızın milli maraqlarının aydın və dəqiq şəkildə müəyyən edilməsini, bərabərhüquqlu, daxili işlərə qarışmamaq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında qonşu dövlətlər və dünya birliyi ilə mehriban münasibətlərin qurulmasını, Ermənistanın Azərbaycana qarşı təcavüzünün və işğalın nəticələrinin aradan qaldırılması üçün Ermənistana qarşı beynəlxalq siyasi təzyiqin gücləndirilməsini və son hədəf olaraq Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının təmin olunmasını özündə ehtiva edirdi. Sonrakı illərdə Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara və mövqelərimizin dünya səviyyəsində müdafiə edilməsinə əsaslanan müstəqil, çoxşaxəli, balanslı və fəal xarici siyasət yürütdü. 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyünün ardınca ölkəmizin 2017-2019-cu illər üçün 176 səs lehinə olmaqla BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçilməsi, 2019-cu ildən etibarən isə dünyanın 120 ölkəsini birləşdirən Qoşulmama Hərəkatına sədrliyi öz üzərinə götürməsi ölkəmizin xarici siyasətinin nailiyyətlərindəndir. Hazırda bütün dünyada etibarlı tərəfdaş kimi qəbul edilən Azərbaycanın xarici siyasət uğurları qonşu ölkələrlə və dünyanın digər dövlətləri ilə balanslaşdırılmış münasibətlərin qurulması, qarşılıqlı maraqlardan irəli gələn bərabərhüquqlu dialoq və əməkdaşlığın həyata keçirilməsinə əsaslanır. Bu gün Azərbaycan irimiqyaslı regional və trans-regional layihələrin təşəbbüskarı və iştirakçısı qismində beynəlxalq əməkdaşlığı inkişaf etdirən və yüksək beynəlxalq nüfuza malik olan bir dövlətdir. Azərbaycanın xarici siyasət sahəsində qazandığı uğurlar 2020-ci ildə Vətən müharibəsinin nəticələrində özünü göstərdi.

“Bundan əlavə, Azərbaycan Türk Dövlətləri Təşkilatı, MDB, Avropa İttifaqı, NATO, Şanxay Əməkdaşlıq Təşkilatı, Ərəb Dövlətləri Liqası, Afrika İttifaqı və digər beynəlxalq qurumlarla sıx münasibətlərə malikdir və onların işində fəal rol oynayır. Əldə edilmiş nəticələr qarşıya növbəti yeni vəzifələr qoyur və Azərbaycanın uzunmüddətli maraqlarının reallaşması baxımından geniş imkanlar açır. Azərbaycanın xarici siyasət prioritetləri sırasına ölkəmizin suverenliyinin və müstəqilliyinin gücləndirilməsi, habelə bütün beynəlxalq aktorlarla qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi, eləcə qlobal miqyaslı proseslərdə Azərbaycanın rolunun və mövqeyinin gücləndirilməsi daxildir. Bu proseslərin alt qatında ağır zəhmət, iti zəka, cəsarət və sonsuz fədakarlıq tələb edən geniş diapazonlu, çoxşaxəli fəaliyyət meydanı dayanır”, – deyə fəlsəfə doktoru vurğulayıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90