“Hər bir dövlət, öz təhlükəsizliyinin qayğısına özü qalmalıdır, kiməsə arxalanmamalıdır. Arxalananda Zelenskinin düşdüyü vəziyyətlə qarşılaşır”.
“Ən yaxşı nümunəni Prezidenti İlham Əliyev göstərdi”
“Son zamanlar beynəlxalq münasibətlər sistemində proqnazlaşdırılmamış, ziddiyətli və mürəkkəb proseslər baş verir”.
Bu barədə “Sherg.az”a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib.
Deputat vurğulayıb ki, ABŞ-də Donald Trampın yenidən prezident seçilməsindən sonra Ağ Evin Avropa İttifaqı, Ukrayna və Rusiya siyasətində kəskin dəyişikliklər müşahidə olunur:
“Ələlxüsus, Bayden administrasiyasının dəstəklədiyi Ukrayna prezidenti Zelenski “qeyri-legitim”, “diktator”, müharibənin dayandırılmasında “əsas əngəl” adlandırılır. Bütün bunlar, onu göstərir ki, müasir dünyada beynəlxalq hüququn normaları yox, korporativ maraqlar, güc amili qəbul olunur. Yaranmış vəziyyət, bir çox dövlətlər, o cümlədən bizim üçün düşünməyə əsas verir. Siyasətdə daimi dostlar olmur, daimi maraqlar olur. Hər bir dövlət, öz təhlükəsizliyinin qayğısına özü qalmalıdır, kiməsə arxalanmamalıdır. Arxalananda Zelenskinin düşdüyü vəziyyətlə qarşılaşır. Ən yaxşı nümunəni Prezidenti İlham Əliyev göstərdi”.
Parlament üzvü vurğulayıb ki, Azərbaycan coğrafi baxımdan son dərəcə mürəkkəb, qlobal güclərin maraqlarının toqquşduğu bölgədə yerləşir:
“Azərbaycan Şimaldan, Cənubdan, Qərbdən gələn təzyiqlərə baxmayaraq, heç bir gücün əlində alət olmadı. Müstəqil, milli və dövlət maraqlarına söykənən siyasət apardı. Məhz, bu siyasət, ölkəmizin beynəlxalq nüfuzunun artmasına, iqtisadi və hərbi cəhətdən güclənməsinə xidmət etdi. Bu gün, Zelenskini müharibəyə sürükləyənlər, meydanda tək buraxanlar ortalıqda yoxdur. Təəssüf ki, Ukraynanın bir dövlət olaraq, xəritədən silinməsi təhlükəsi mövcuddur. Bu barədə hər birimiz düşünməliyik”.