Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Silahlı Qüvvələrinin tibb xidməti polkovnik-leytenantı, USTA dərəcəli hərbi qulluqçusu, Vətən müharibəsi şəhidi Rasim Abdullayevin xanımı Səadət İbrahimova və oğlu Miryaqub Abdullazadə ilə görüşüb. Milli Məclisdə növbəti vətəndaş qəbulu günündə baş tutan görüşdə şəhid ailəsinin qayğıları öyrənilib, ürək sözləri dinlənilib. Komitə sədri Azərbaycan dövlətinin ali rəhbərliyinin şəhid ailələrinə yüksək diqqət-qayğısından danışıb, həmin diqqət-qayğının hər bir millət vəkili üçün də nümunə olduğunu söyləyib. Qənirə Paşayeva 31 mart – Azərbaycanlıların Soyqırımı Günündə şəhid ailəsi ilə keçirilən görüşün onunçün xüsusi anlam daşıdığını deyib, bütün dövrlərdəki şəhidlərin xatirəsini ehtiramla yad edib. Ümumiyyətlə, şəhidlərin ömür-gün yoldaşları, ailə üzvləri ilə hər bir görüşün onunçün doğma görüş olduğunu deyən Q.Paşayeva, şəhid hərbi həkimin əziz ruhuna dərin sayğılarını bildirib: “Çox şükürlər olsun, şəhidlərimizin ruhu bu gün şaddır. Kəlbəcərdə, Laçında, Şuşada bayrağımız dalğalanır, ordumuz güclüdür və üzərinə düşən vəzifələrə uyğun olaraq istənilən tapşırığı yerinə yetirməyə qadirdir. Vətən uğrunda canını qurban vermiş həyat yoldaşınızın timsalında bütün şəhidlərimizin ruhu qarşısında bir daha dərin ehtiramla baş əyirik. Ruhları şad olsun”! Komitə sədri şəhid polkovnik-leytenantın oğlunun yaxşı təhsil almasından və öz ixtisası üzrə layiqli kadr kimi yetişməsindən məmunluğunu bildirib, ona uğurlar arzulayıb.
Vurğulayaq ki, Rasim Yaqub oğlu Abdullayev (21 fevral 1975, Milli kəndi, Kəlbəcər — 10 noyabr 2020, Çanaqçı, Xocalı) Azərbaycanın hərb tarixində və həmçinin, Vətən müharibəsi tarixində şəhid olan ən yüksək rütbəli tibb xidməti qulluqçusudur. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində hərbi tibb qulluqçusu kimi iştirak edən Rasim Abdullayev Hadrut qəsəbəsi və Şuşa istiqamətində 100-dən çox ağır yaralı zabitə yerində tibbi yardım göstərib. O, yeni azad edilən, təhlükəli və döyüşdə ən qaynar nöqtələr olan yerlərdə qalmış hərbçilərə də ilk tibbi yardım göstərib. Vətən müharibəsinin son dəqiqələrində Komandanlıq tərəfindən verilən Şuşa istiqamətində ağır yaralı zabitlərə ilk tibbi yardım göstərmək tapşırığını yerinə yetirdiyi zaman Xocalı rayonunun Çanaqçı kəndində, aldığı yaralardan həlak olub.
O, 2016-cı ilin Aprel döyüşləri zamanı da yaralı hərbçilərə döyüş meydanında tibbi yardım göstərib. Şəhid polkovnik-leytenant II Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rasim Abdullayev “Vətən uğrunda” medalı ilə təltif edilib. Şəhid zabitimiz həmçinin “Şuşanın azad olunmasına görə” (29.12.2020), “Cəbrayılın azad olunmasına görə” (24.06.2021), “Füzulinin azad olunmasına görə” (24.06.2021), “Xocavəndin azad olunmasına görə” (24.06.2021) medalları ilə də təltif edilib. Rasim Abdullayev xidmət illərində “Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi” (26.06.2004), “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” (26.06.2008), “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” (26.06.2013), “Azərbaycan Ordusunun 100 illiyi” (26.06.2018) yubiley medalları, 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” (26.06.2013), 2-ci dərəcəli “Qüsursuz xidmətə görə” (26.06.2018) medalları ilə təltif olunub.
RUHU ŞAD OLSUN!






















