image-2000x150
image-1331608_7um207049rbackend

Millət vəkili Qırğızıstanda “Türk dünyasının mədəniyyət paytaxtı Şuşa” mövzusunda geniş məruzə ilə çıxış edib

image-728x90

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva Qırğızıstan-Türkiyə MANAS Universitetinin Ədəbiyyat fakültəsinin Azərbaycanın Qırğızıstandakı Səfirliyi ilə əməkdaşlıq ortamında düzənləndiyi tədbirdə çıxış edib. “Azərbaycan-Qırğızıstan-Türkiyə əməkdaşlığının gücləndirilməsində mədəniyyətin rolu” adlı proqramda Azərbaycanın Qırğızıstandakı Səfiri Lətif Qəndilov, MANAS Universiteti rektor vəkili Prof.Dr. Asılbek Qulmırzayev və Ədəbiyyat fakültəsi dekan müavini Dos.Dr. Alpaslan Aşıkın salamlama nitqindən sonra Azərbaycan nümayəndə heyətinin üzvləri çıxış edib. Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, MM İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədr müavini Əli Məsimli, MM Elm və təhsil Komitəsinin üzvü Müşviq Məmmədli, “NƏFƏS” İB sədri Firəngiz Balakişiyeva və Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Rəhimoğlu ürək sözlərini bölüşüb. Proqramın gedişində Qənirə Paşayevanın layihə rəhbəri və həmmüəllifi olduğu, qırğızcaya çevrilən “Qarabağ hekayələri” (“Карабаг ангемелери”) kitabının təqdimatı olub. universitetin Rektorluq Konfrans salonunda gerçəkləşən proqramda geniş nitq söyləyən Q.Paşayeva, Şuşa şəhərinin 2023-cü il üçün Türk dünyasının Mədəniyyət paytaxtı olmasından və habelə cari ilin respublikamızda “Heydər Əliyev İli” elan edilməsindən söz açıb. O, qardaş ölkələrimizin mədəniyyət, təhsil ocaqlarının qatqısı ilə baş tutacaq tədbirlər haqqında danışıb, ortaq layihələrinin önəminə vurğu edib. O, Qırğızıstan-Azərbaycan-Türkiyə qardaşlığının möhkəmləndirilməsində mədəniyyətin rolundan bəhs edib. Komitə sədri həyatın hər sahəsində olduğu kimi mədəniyyəti də eyni kökdən gələn dost-qardaş ölkələrimizin könül və güc birliyinin Türk Dövlətləri Təşkilatının yaradılması ilə yeni üfüqlər qazanmasından da danışıb: “İndiki çox mürəkkəb dünyada qardaşların birliyi hər zamankından daha çox dəyər kəsb edir”.

Q.Paşayeva, dövlətlərimizin yüksək səviyyəli münasibətləri haqqında ətraflı danışaraq, ölkə başçılarının uğurlu siyasəti nəticəsində bu əməkdaşlığın strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini qeyd edib. Azərbaycanın Mədəniyyət paytaxtı, 2023-cü il üçün Türk dünyasının Mədəniyyət paytaxtı Şuşa şəhəri başda olmaqla, Qarabağın yalnız Azərbaycana deyil, bütövlükdə Türk dünyasına görkəmli şəxsiyyətlər bəxş etdiyini bildirən Q.Paşayeva, bu kitabın qırğızcaya uyğunlaşdırılmasını və təqdimatının məhz MANAS Universitində keçirilməsini çox yerində olan hadisə kimi qiymətləndirib, təşkilatçılara minnətdarlığını yetirib.

“Qarabağ hekayələri”ndə Qarabağ adının 30 il işğal altında qalan Azərbaycan torpaqlarının ümumiləşmiş, simvol adı kimi öz yerini aldığı vurğulanıb. Çıxışında 44 günlük müharibədən öncə, müharibə və müharibəsonrası dönəmlərdə baş verən hadisələrə vurğu edən Komitə sədri, işğalçı Ermənistanın mülkü azərbaycanlılara qarşı törətdiyi cinayətlərdən, mədəniyyət abidələrinə qarşı erməni vandallığından danışıb. Q.Paşayeva Ermənistanın havadarlarının hərtərəfli dəstəyi ilə törətdiyi vandalizmi dünyanın hər yerində yaşayan ədalətli insanlar, ilk növbədə Türk dünyası aydınları aləmə yaymalıdır deyib. Q.Paşayeva deyib ki, işğalçıların layiq olduğu cavabı alması, bir daha vandalizm aktları yaşanmaması üçün daha çox çalışmağa ehtiyac vardır. O, beynəlxalq təşkilatların ikili standartlarından, ədalətsizliklərindən danışıb.

Komitə sədri Ermənistanın öncəbhədə mülki azərbaycanlılara qarşı həyata keçirdiyi cinayətlərdən geniş söz açıb. Q.Paşayeva insanlıqdankənar əməlləri Ermənistanın xarakterik əlaməti kimi şərh edib: ““Qarabağ hekayələri” kitabı XX yüzildə beynəlxalq birliyin, necə deyərlər, canlı şəkildə izlədiyi ağır soyqırıma məruz qalan, minillik ata yurdlarından zorla didərgin salınan azərbaycanlıların ağrı-acılarını əks etdirir”. Amma tarixi Zəfərdən sonra bölgədə yeni reallıqlar yarandığını bildirən Q.Paşayeva, “işğalçılara layiq olduqları cavab verildi” deyib. “Qarabağ hekayələri”nin qırğız oxusunun marağına səbəb olmasından məmnunluq ifadə edən Komitə sədri, təqdimatın təşkilatçı və iştirakçılarına bir daha təşəkkür edib. Kitabda yer alan dəyərli hekayələrin, Azərbaycanın haqq səsini, öncə qardaş ölkələrdə, ardınca bütün dünyada əks-səda doğuracağına inamını bildirən Q.Paşayeva, imzalanma mərasiminə qatılanların Qarabağ mövzusu ilə bağlı suallarını da cavablandırıb. Proqram hədiyyə təqdimləri və xatirə fotosu çəkilməsiylə sona çatıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90