image-rt-reklam
image-1backend

Millət vəkili: Ermənistanın mina terroru davam edir

image-728x90
Dünya gücləri İrəvandan mina xəritələrinin verilməsini tələb etməlidir
  Yanvarın 21-də Ağdam rayonu ərazisində mina partlayışı nəticəsində Ağcabədi rayon sakini 1980-ci il təvəllüdlü Abışov Faiq Səyyad oğlu ayağından xəsarət alıb. Azərbaycan Xarici İşləri Nazirliyindən bildirilib ki, Ermənistanın ayrı-seçkilik etmədən yerləşdirdiyi minalar günahsız mülki əhali üçün təhlükə yaratmaqda davam edir. Nazirliyin paylaşımında qeyd olunub ki, daha bir mülki şəxs minaya düşüb və bununla da, 2020-ci ildən bu yana qurbanların sayı 342 nəfərə çatıb: “Hamı Ermənistana təzyiq göstərməlidir ki, mina xəritələri haqqında dəqiq məlumat alsın”. Mina terroru – ümumilikdə erməni terrorunun əsas göstəricilərindən biridir. Məlum olduğu kimi, uzun illər işğal altında saxlanılmış torpaqlarımızın böyük hissəsini ermənilər minalayıb. Hətta 2020-ci ildə Ağdam, Kəlbəcər və Laçın rayonlarını tərk edərkən ermənilər həmin ərazilərə əlavə minalar basdırıblar. 2020-ci il noyabrın 10-dan indiyədək yüzlərlə insan mina terroru nəticəsində həlak olub və ya müxtəlif dərəcəli xəsarət alıb. Məhz Ermənistanın çirkin oyunlarının nəticəsidir ki, 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunsa da, böyük əraziləri əhatə edən sahələrə minaların basdırılması keçmiş məcburi köçkünlərin təhlükəsiz şəkildə öz evlərinə qayıtması üçün ciddi əngəl olaraq qalmaqdadır. Müvafiq qurumlar baş verə biləcək xoşagəlməz halların aradan qaldırılması – minaların aşkar edilərək zərərsizləşdirilməsi istiqamətində fasiləsiz olaraq çalışırlar. Ermənistan indiyədək Azərbaycana xəritələr verib. Lakin sonradan məlum olub ki, bu xəritələr dəqiq deyil və sadəcə, çaşqınlıq yaratmaq üçündür. Bu, İrəvanın qeyri-səmimiliyinin göstəricisidir.
 
  Millət vəkili Nəsib Məhəməliyev “Sherg.az”a açıqlamasında deyib ki, müharibənin bitməsinə rəğmən, Ermənistanın ölkəmizə qarşı mina terroru davam edir. Deputat qeyd edib ki, məhz erməni terroru nəticəsində 350-dən yuxarı vətəndaşımız həyatını itirib, minlərlə xəsarət alan var:
 “Əsas səbəb minaların basdırıldığı yerləri əks etdirən xəritələrin zamanında verilməməsidir. Sonradan verilən xəritələrin reallıqla uzlaşmadığı, orta hesabla 25-30 faiz düz olduğu bəlli oldu. Ermənistan mina xəritələrini alver predmetinə çevirdi. Müharibədən sonra Azərbaycan ərazilərinə soxulmuş terrorçuların azad olunması kimi əsassız tələblər irəli sürdü.
  Beynəlxalq qurumların görməzliyinə gəldikdə isə bu, bizim üçün yeni hal deyil. Xalqımız 30 illik işğal dövründə, 1 milyon qaçqın, məcburi köçkünlərin taleyinə biganəlikdə, 44 günlük müharibədə və ondan sonrakı proseslərdə ikili standartların, ədalətsiz münasibətlərin dəfələrlə şahidi olub. Son zamanlar təzyiqlər daha intensiv xarakter alıb. Ona görə də yeganə çıxış yolunu özümüz tapmalı, vətəndaşlarımız qadağan olunmuş, təhlükəli ərazilərə özbaşına səfərlər etməməlidirlər”.
Parlament üzvü vurğulayıb ki, cəmiyyətimiz vahid yumruq kimi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşməlidir: 
“Beynəlxalq təşkilatlar, ümumiyyətlə, bütün dünya görməlidir ki, 10 milyonluq xalq Liderinin arxasındadır. Belə olan halda, həmin təşkilatlar bizimlə hər mənada hesablaşmağa məcbur olacaqlar. Xarici İşlər Nazirliyinin Ermənistana təzyiq göstərmələri üçün beynəlxalq təşkilatlara müraciəti doğru addımdır. Bu qədər insanın mina partlaması nəticəsində həlak olması, xəsarət alması, sülh şəraitində humanitar böhrandır. Mina xəritələrinin verilməsini, heç olmasa, gələcəkdə baş verə biləcək faciələrin qarşısının alınması üçün önəmli addım kimi qiymətləndirmək olar. Bir nəfər olsa belə, insan həyatı hər şeydən önəmlidir”.
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90