image-2000x150
image-1backend

MİDA yeni sosial evlər tikəcək – Bakıda mənzil ehtiyacı olanların sayı

image-728x90

Azərbaycanda mənzil problemini birdəfəlik həll etmək mümkün olmayacaq, çünki…

2020-ci ildə Bakıda əhalinin sayı 2 milyon 630 min nəfər olub. Əlavə 300 min nəfər var, onlar tələbə, məcburi köçkün və digər regionlardan gələnlərdir.

Bunu ötən həftə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planın təqdimatı mərasimində deyib. O qeyd edib ki, əhalinin təbii artımı ilə bağlı məsələ fərqli olub. Belə ki, 2010-cu ildə Bakıda artım illik 1,014 faiz idi, 2020-ci ilə doğru bu göstərici 0,75 faizə düşüb: “Tək bizdə deyil, bütün dünyada əhali artımı məsələsində azalma gedir. Biz illik artımı 0,75 götürməklə hesabata 3 milyon 70 min əhali sayı qeyd etdik. Əlavə 100 min nəfər nəzərdə tutaraq yekun hesabatda Bakı əhalisinin sayını 3 milyon 170 min nəfər olaraq təqdim etmişik”.

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıda yeni sosial mənzillərin inşasına başlayacaq. Məlumata görə, yeni çoxmənzilli yaşayış binaları Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hava limanı-Zığ şossesi 8-ci km, “10 H” ünvanında yerləşən 2,31 ha torpaq sahəsində inşa olunacaq.

Binaların tikintisi ilə əlaqədar şəhərsalma əsaslandırılması, tikinti layihəsinin hazırlanması və müəllif nəzarətinin aparılması işlərinə başlanılır.

Bu qədər mənzil tikilir, amma Bakıda evi olmayanları sayı azalmır. Səbəb nədir?

Onu da xatırladaq ki, 2022-ci ilin yanvar ayında açıqlanan statistikaya görə, Bakı şəhərində hər kvadrat kilometrə düşən əhali sayı 1076 nəfərdir. Ayrı-ayrı rayonlara görə rəqəmlərə nəzər salsaq, ən çox sıxlıq Nəsimi rayonundadır – hər kvadrat/kilometrə 22270 nəfər. Yasamal rayonunda hər kvadrat/kilometrə 12465 nəfər, Nizami rayonunda isə hər kvadrat/kilometrə 10095 nəfərdir.

O ki qaldı Bakıda evsizlərin sayına, mütəxəssislər qeyd edir ki, ümumiyyətlə, Azərbaycanda evsizlərin statistikası ilə bağlı nə qədər araşdırma aparılsa da, dəqiq məlumat əldə etmək qeyri-mümkündür. Çünki təkcə Bakı və ətraf ərazilərdə 500 minə qədər sənədsiz ev var. Sənədsiz evdə yaşayan şəxs ev sahibi kimi qeydiyyata düşə bilməz. Yəni təzadlı bir vəziyyət yaranıb. İnsanların çoxu qeydiyyatda olduğu yerdə yaşamır. Kirayə mənzil bazarında isə vəziyyət elədir ki, kirayə verənlərlə kirayənişinlər arasında müqavilələr imzalanmır. Rayonlarda sənədi olmayan kifayət qədər ev tikilir. Sənəd yoxdursa, insan evsizdir. Elə adamlar var ki, evi var, amma başqa yerdə kirayədə yaşayır. Beləliklə, mütəxəssislər bildirir ki, evsizlərin statistikasını nəinki tam doğru, heç 10-20 faizlik nisbi xəta ilə belə çıxarmaq mümkün deyil.

İqtisadçı ekspert Natiq Cəfərli mövzu ilə bağlı  danışıb: “Bakıda əhali çoxdur, birinci məsələ budur. Ölkə əhalisinin az qala 35-40 faizi Bakıda yaşayır. Təbii ki, Bakıda əhali sayının artımı mənzillərə olan tələbatı da artırır. Hər il Azərbaycanda təqribən 50-60 min insan ailə həyatı qurur və xeyli sayda yeni ailə qurmuş insanların yeni mənzillərə ehtiyacı yaranır.

Azərbaycanın paytaxtı Bakı da bu mənada əhalinin həddən artıq sıx şəkildə yaşadığı şəhərə çevrilir. Bu da ondan irəli gəlir ki, regionlarda iqtisadi fürsətlər, sosial həyat çox güclü inkişaf etməyib deyə Bakı hələ də iqtisadi cəhətdən ən cəlbedici bölgədir. Nə qədər ki, bu vəziyyət dəyişməyib, Bakıda mənzillə bağlı problem qalacaq. Ona görə də əsas məsələ regionların inkişafıdır ki, əhali regionlardan Bakıya köçməsin və əks proses başlasın. Bakının mənzil problemini yalnız bu yolla həll etmək mümkündür. Çünki əgər bu vəziyyət dəyişməsə regionlardan Bakıya köç yenə də davam edəcək. Gənclər regionlardan Bakıya təhsil almağa, iş axtarmağa gəlir və mənzillərə tələbat yaranır. Ona görə də məsələ Bakıda evlərin tikintisi məsələsi deyil. Əsas məsələ regionların inkişafıdır”.

Mövzu ilə bağlı iqtisadçı ekspert Eldəniz Əmirov isə qeyd edib ki, paytaxtda çoxmərtəbəli yaşayış binalarının tikilməsinin birinci səbəbi şəhərdə getdikcə əhali sayının artması, eyni zamanda urbanizasiyanın nəticəsi olaraq şəhərin həddən artıq böyüməsidir: “Nəticə etibarı ilə tələb artır və bu tələb zərurət yaradır. İnsanlar hansı halda evsiz olur – ya almaq üçün mənzil tapa bilmir, ya da mənzil var, amma almağa pulu yoxdur. Hazırda Azərbaycanda evsizlərin problemi ikincidir. Yəni mənzillə bağlı problem yoxdur, mənzil var, amma mənzili ala biləcək qədər vəsaitləri olmadığından insanlar evsiz qalır. Yəni əsas səbəb budur.

Məlum məsələdir ki, mənzillər də çox bahadır. Amma onun bir qismi mənzilin maya dəyəri, inflyasiya, işçi qüvvəsi, torpağın qiyməti və ən başlıcası tikinti materiallarının qiymətidir. Bütün bunlar nəticədə mənzilin qiymətinin baha olmasına gətirib çıxarır və aztəminatlı ailələr ev ala bilmirlər.

Ümumiyyətlə, evsizlik problemini köklü şəkildə birdəfəlik həll etmək dünyanın heç bir ölkəsinə nəsib olmayıb. Hazırda Çinin özündə belə bu ən böyük problemdir. Bu problem qardaş Türkiyədə, eləcə də digər dünya ölkələrində mövcuddur. İndi insanların az qala böyük əksəriyyəti kirayə evlərdə yaşayır. Azərbaycanda da mənzil problemini birdəfəlik həll etmək mümkün olmayacaq. Çünki insanların sayı artır, bazardır, bazarın da öz tələbi var və sairə. Ona görə də yüz faiz mənzil problemini həll etmək mümkün deyil. Sadəcə, evsizlərin sayını azaltmaq olar ki, bunun üçün də müəyyən proqramların icrasına ehtiyac var. Həmin proqramların da bəziləri artıq icra olunmaqdadır”.“Yeni Müsavat”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90