Metrodan gündəlik istifadə, xüsusən Bakı kimi böyük şəhərlərdə, ictimai nəqliyyatın ən səmərəli formalarından biridir.
Ulusal.az BAKU.WS-ə istinadən xəbər verir ki, Bakı Metropoliteni şəhər daxilində böyük sərnişin axınına cavab verən əsas nəqliyyat vasitələrindən biri hesab olunur.
Metrodan istifadə insanların gündəlik həyatını asanlaşdırdığı kimi bu ictimai nəqliyyat növündən istifadə edərkən bəzi qaydalara riayət etmək vacibdir. Metroya yad əşyalar atmaq və ya zibilləmək qanunla ictimai nəqliyyatda qayda pozuntusu kimi tənzimlənir və bu cür davranışlara qarşı müxtəlif cəzalar nəzərdə tutulur. Azərbaycanda bu kimi qaydaların pozulmasına görə hüquqi məsuliyyət Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir.
Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə bildirib ki, metrodan istifadə qaydalarına uyğun olaraq daima marifləndirmə işləri aparılır: “Metroya zibil qutuları qoyulmur. Bu, müntəzəm olaraq çatdırılır ki, əsas səbəb sərnişin təhlükəsizliyidir. Stansiyalar sanitariya və gigiyena baxımdan təmiz olması üçün lazım olan bütün tədbirlər görülür. Əlavə gün ərzində monitorinqlər aparılır. Metropolitenin sanitariya normalarına uyğun olaraq nəzarətdə saxlanılır və həftəlik olaraq stansiyalarda keçirilən iclaslarda xüsusi qiymətləndirmə aparılır. Bu məsələ daima diqqətdə saxlanıldığı üçün Bakı metropoliteni dünyada qabaqcıl olan ölkələr sırasında gedir. Metroda qaydaları pozanlarla bağlı bizim qurumun inzibati məsuliyyətə cəlb etmək səlahiyyəti yoxdur. Bu istiqamətdə adiyyəti qurumların tədbir görmək səlahiyyəti var”.
Mövzu ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli sorğusuna cavab olaraq bildirib ki, metropolitendən istifadə qaydalarının pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 306-cı maddəsi ilə tənzimlənir:
“Qanuna əsasən, stansiyaların vestibüllərini, keçidlərini və platformalarını, habelə eskalatoru və vaqonların salonunu zibilləməyə və ya həmin obyektlərin üzərində hər hansı yazılar yazmağa, məhdudiyyət çəpərləri və girişi qadağan edən nişanlar quraşdırılmış yerlərdən stansiyaya daxil olmağa, zərurət olmadan “sərnişin-maşinist” rabitəsindən istifadə etməyə görə on beş manat, eskalatordan sürahinin üstünə əşya qoymağa görə iyirmi manat, dəmir yoluna hər hansı əşya atmağa görə otuz manat, eskalatorun sürahisini çıxarmağa, zərurət olmadan “Stop” açarından istifadə etməyə, stansiyaların vestibüllərində, keçidlərində və platformalarında, vaqonlarda tütün çəkməyə, qatarın hərəkəti zamanı vaqonun qapılarını açmağa, qatarın yola düşməsini ləngitməyə, özbaşına dəmir yoluna düşməyə, qatarın idarəetmə kabinəsinə, xidməti-texniki otaqlara, ventilyasiya şaxtası köşklərinə, tunellərə və metropolitenin işçiləri üçün nəzərdə tutulan çəpərlənmiş ərazilərə daxil olmağa, açıq oddan, pirotexniki qurğulardan (fişəng, partlayıcı və sair) istifadə etməyə görə əlli manat, müvafiq icazə olmadan metropolitenin elektrik şəbəkəsinə elektrik işlədicilərini qoşmağa görə yetmiş manat, metropolitenin ventilyasiya şaxtası köşklərinə 25 metrdən yaxın məsafədə hər hansı əşya yandırmağa görə yüz manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunur”.
Qeyd edək ki, Metropolitendə dəmir yoluna hər hansı əşya atmağa görə cərimə kəskin artırılır. Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, dəmir yoluna hər hansı əşya atmağa görə 200 manat məbləğində cərimə təklif edilir. Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.