Böyük şəhərlərdə daşınmaz əmlak bazarının əsas qaydalarından biri aydındır: metroya yaxınlıq, qiyməti artırır. Gündəlik hərəkətliliyin rahat təmin olunması, nəqliyyatın əlçatanlığı və vaxt itkisinin minimuma enməsi səbəbindən metrostansiyaların ətrafındakı evlər alıcıların diqqət mərkəzində olur. Lakin bu cəlbedici mənzərənin arxa planında çox az adamın düşündüyü bir məsələ dayanır: bu ərazilərdə yaşamaq nə qədər təhlükəsizdir?
“Yeni Sabah” məsələni təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayevlə müzakirə edib. Müsahibimiz bildirib ki, əslində metroya yaxın binaların təhlükəli olması mütləq deyil, amma bəzən nəzərəçarpacaq risklər daşıya bilər:
“Bu əsasən geoloji quruluş, yeraltı tikililərin dərinliyi, vibrasiya təsiri və inşaat keyfiyyəti ilə əlaqəli olur. Əgər tikinti layihəsi düzgün planlaşdırılıbsa və bütün normativlərə əsasən icra olunubsa, orada təhlükə minimum olur. Problemlər yalnız tikinti normativlərinin pozulması nəticəsində yarana bilir. Uzunmüddətli və davamlı vibrasiya xüsusilə köhnə binalara mənfi təsir göstərə bilər. Bu da əsasən tikilinin izolyasiyanın zəif olması və tikinti materiallarının keyfiyyətindən asılıdır. Yeni tikililərdə bu risk müasir konstruksiya texnologiyaları və anti-vibrasiya sistemləri, izolyasiya sistemləri ilə minumuma endirilib”. Sezar pizza
Ekspert qeyd edib ki, metro tikintisi zamanı ərazinin geoloji quruluşu ətraflı şəkildə təşkil olunur:
“Lakin istismar zamanı yeraltı boşluqların səbəb olduğu torpaq çökmələri və əsasən də zəlzələ zamanı əlavə risklər nəzərə alınır. Bu zonalarda tikinti normalarının qorunması əsasən də layihənin icrasından və nəzarət mexanizmlərindən asılıdır.
Metro yaxınlığı xüsusi zona hesab edilir və burada inşa olunan binalar üçün daha güclü seysmik dayanıqlılıq normativləri tətbiq olunmalıdır. Amma təəssüf ki, bəzi hallarda bu normalar formal şəkildə keçirildiyi üçün problemlərə rast gəlinir.
Metro yaxınlığı həyat baxımından böyük üstünlükdür. Amma bu cəlbedicilik inşaat zamanı təhlükəsizlik standartlarının və normativ tələblərin tam müşayiəti ilə icra olunmalıdır. Əks halda gündəlik rahatlıq uzunmüddətli təhlükələrə gətirib çıxara bilər. Yəni tikinti zamanı şəhərsalma və tikinti normalarının tələblərinə ciddi riayət olunmalı, istismara verilərkən isə dövlət qurumları tərəfindən yoxlanılmalıdır”.