image-2000x150
image-nikola-tesla-696x392backend

Məşhur ixtiraçı Nikola Tesla həyatımızı necə asanlaşdırdı?

image-728x90

“Mən Teslanı təkcə elektrik enerjisinin və ya dünya kommunikasiyalarının atası hesab etmirəm, onun öz dövrünü qabaqlayan ideyaları vardı. O, bəşəriyyətin təkamülünə töhfə vermiş bəsirət saibiydi” – tarixçi və kinorejissor Maykl Krause BBC-yə belə deyib.

Tesla 1890-cı illərin sonlarında icad etdiyi transformatoru tanıtmaq üçün əlində sınaq kolbaları Nyu-Yorkdakı Kolumbiya Kollecinin səhnəsində çıxış edəndə dünya hələ qaranlıqdaydı.

Parlaq işıqlar

Nikola Tesla 1856-cı ildə Avstriya imperiyasında – indiki Xorvatiyanın Smiljan şəhərində anadan olub.

1884-cü ildə məşhur ixtiraçı və iş adamı Tomas Edisonun yanında işləmək üçün Nyu-Yorka gedib.

Onun bioqrafı İnez Whitaker Hunt-ın sözlərinə görə, elektrik və mexanika mühəndisi (və futurist) Tesla Amerika torpağına ayaq basanda cibində cəmi bir neçə sent və uçan maşın sxemi olub. Amma Teslanı məşhurlaşdıran uçan maşın olmayacaqdı. O, illərdir alternativ cərəyan mühərrikləri üzərində işləyirdi və ABŞ-a doğru zamanda gəlmişdi.

tesla motoru
Teslanın orijinal induksiya mühərriki

Edisondan ayrılması

Amerikalı sahibkar və mühəndis George Westinghouse-la Teslanın rəhbəri Tomas Edison arasında elektrik enerjisini ötürmək üçün alternativ cərəyandanmı (AC), yoxsa daimi cərəyandanmı (DC) istifadə etməklə bağlı savaş gedirdi.

Tomas Edisonun şirkəti yalnız bir gərginlikdə, bir istiqamətdə və qısa məsafələrdə axan sabit cərəyana investisiya qoyurdu. Amma alternativ cərəyan bir neçə istiqamətdə axır, daha uzun məsafələrə çata bilir, gərginlikləri artırmaq və ya azaltmaq mümkündür.

Tesla hələ Avropada AC üzrə təcrübələ aparmış, 1883-cü ildə ilk induksiya mühərrikini yığmışdı. Edisonsa DC ötürmələrində israr edirdi və bu onların yollarını ayırdı.

Çox keçmədən Westinghouse Teslanın alternativ cərəyan transformatorları və mühərrikləri sistemi üçün patent hüquqlarını satın aldı.

Teslanın sistemi enerjini uzun məsafələrə və sərfəli qiymətə ötürə bilirdi, həmin sistemdən bu gün də istifadə olunur.

Şoumen Tesla

nikola tesla

1891-ci ildə o, Tesla rulonunu icad edib. Bu ixtira elektrik enerjisini simsiz ötürməyə imkan verirdi.

Radio və televiziya da daxil olmaqla, elektron cihazlarda bu gün də həmin rulondan istifadə edilir.

1893-cü ildə Amerikanın kəşfinin 400-cü ildönümüylə bağlı Çikaqoda təşkil olunmuş sərginin işıqlandırılmasına Tesla və Westinghouse cavabdeh olublar. Həmin gün Tesla ulduza çevrilib.

Belqraddakı Nikola Tesla Muzeyinin kuratoru İvana Zoriç deyir ki, “İxtirasının nə qədər əhəmiyyətli olduğu anlaşılandan sonra ona Niaqara şəlaləsində elektrik stansiyası tikmək tapşırılıb”.

Tesla dünyanın ilk su-elektrik stansiyasını tikəcəkdi və bunun üçün istifadə ediləcək on üç patentdən doqquzuna sahib idi.

Tezliklə Tesla öz laboratoriyasını qurdu və simsiz rabitə və enerji ötürülməsi sahəsində təcrübələr aparmağa başladı.

Simsiz gələcək

nikola tesla

Tesla simsiz siqnal ötürülməsi təcrübələrinə başlayanda dünya mesajları naqillər vasitəsilə göndərirdi.

Onun ən böyük hədəfi insanlar arasında dünya miqyaslı ünsiyyət təmin etmək idi, hər yerdə hər kəsə əlçatan olacaq qlobal video və audio kommunikasiyanı təmin edən simsiz sistem yaratmaq üzərində işləyirdi.

Amma 1890-cı illərin əvvəllərindən bəri onu maliyyələşdirən amerikalı J.P.Morqan həmin dövrdə ona dəstəyini dayandırıb.

“Təəssüf ki, onun ən böyük arzusu gerçəkləşmədi. Nə özü, nə də texnologiya o nöqtədəydi” – Klause belə deyir.

Tesla müxtəlif layihələr üzərində işləməyə davam edib, amma çox vaxt vəsait çatışmazlığıyla üzləşib. Elm və mühəndisliyin çox sayda insanın əməkdaşlığına əsaslandığını başa düşə bilmədiyi üçün bir çox fikirləri kağız üzərində qalıb.

Tarixçi İvan Rhys Morus deyir ki, “Tesla böyük səhv bir səhvə yol verib. O, elektrik enerjisinin gələcəyinin yalnız ondan asılı olduğunu düşünüb, başqalarıyla əməkdaşlıq etməyə və işləməyə maraq göstərməyib”.

Sonrakı dövrlərdə Tesla “başqa planetlərlə əlaqə qurmaq” haqqında fərziyyələr səsləndirdiyinə görə tənqid edilən, mikrob fobiyası olan biri olaraq tanınıb.

Belqraddakı muzey

Tesla 1943-cü ildə Nyu-Yorkda, həyatının son 10 ilini keçirdiyi otel otağında vəfat edib.

Zoricin sözlərinə görə, qardaşı oğlunun səyilə əşyaları 1951-ci ildə Serbiyanın paytaxtı Belqrada göndərilib.

Dörd ildən sonra orda Nikola Teslanın kəşfləri, planları, rəsmləri və fotoşəkilləri nümayiş etdirilən muzeyi açılıb.

Maqnit sahələrinin gücünü ölçmək üçün istifadə edilən vahid 1956-cı ildə “tesla” adlanırılıb.

Serbiya və Xorvatiyada Teslanın şəkli əskinaslara vurulub; adı məktəblərə, küçələrə və hava limanlarına verilib.

İnnovativ avtomobillər istehsal etməyə başlayan şirkət də özünü “Tesla” adlandırıb. 2018-ci ildə “SpaceX” şirkəti Marsa “Tesla” adlı kəşfiyyat maşını göndərib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90