Keçmiş UFC çempionu Konor Makqreqor İrlandiya prezidentliyinə namizədliyini irəli sürəcəyini bəyan edib.
Ulusal.az xəbər verir ki, o, “Instagram” səhifəsində paylaşdığı müraciətdə bildirib:
“Prezident olsam, heç bir qanun layihəsini xalqın müzakirəsinə çıxarılmadan imzalamayacağam! Əgər adımı noyabr seçkilərinin bülletenində görmək istəyirsinizsə, bu gün öz dairənizin deputatları ilə əlaqə saxlayın və mənim namizədliyimi dəstəkləmələrini xahiş edin”.
Makqreqorun bu addımına artıq dəstək verənlərdən biri də “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask olub.
İrlandiyada prezident seçkiləri 2025-ci il noyabrın 11-nə təyin olunub. Qeyd edək ki, Makqreqor bu ilin martında da seçkilərdə iştirak etmək niyyətində olduğunu açıqlamışdı. O, həmçinin ölkəyə miqrant axınının kəskin əleyhdarı kimi tanınır.
Xatırladaq ki, 36 yaşlı döyüşçünün son döyüşü UFC 264 turnirində amerikalı Dastin Poryeyə qarşı olub. Görüş ilk raundda başa çatıb və Makqreqor ayaq sınığı səbəbindən mübarizəni dayandırmalı olub.