image-rt-reklam
image-1backend

“Meşələrin bərpası məsələsində miqyasın daha çox olmasına ehtiyac var” – RƏYLƏR

image-728x90

Ötən il Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti 6850 hektar meşə fondu sahələrində meşəbərpa tədbirləri həyata keçirib. Aparılan bərpa işləri hansı səviyyədə gedir? SİA mövzu ilə bağlı Milli Məclisin deputatı Nəsib Məhəməliyev və ekoloq Cəmşid Bəxtiyarın fikrini öyrənib.

Nəsib Məhəməliyev bildirib ki, ötən il Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 6850 hektar meşə bərpa tədbirlərinin həyata keçirilməsi, sevindirici haldır: “Son illər, Prezident İlham Əliyevin və 1-ci xanım Mehriban Əliyevanın bilavasitə rəhbərliyi ilə, ölkənin bütün ərazilərində yaşıllaşdırma, meşəbərpa işləri aparılmış, ekoloji tarazlığın qorunmasına xüsusi diqqət yetirilmişdir. Təsadüfi deyil ki, iqlim dəyişikliyi ilə bağlı, ən möhtəşəm beynəlxalq tədbir hesab olunan COP-29 bu ilin noyabr ayında Azərbaycanda keçiriləcəkdir. Bu da, ölkəmizin beynəlxalq nüfuzunun göstəricisi olmaqla bərabər, ekologiya sahəsində aparılan siyasətin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir”.

Millət vəkili qeyd edib ki, son illər planetdə baş verən iqlim dəyişiklikləri nəticəsində istiləşmə, buzlaqların əriməsi, səhralaşma, su çatışmazlığı sürətlə gedir: “Bəşəriyyətin qarşısında duran ən aktual problemlərdən biri, məhz atmosferin kəskin çirklənməsinin qarşısını almaqdır. Ona görə də, hesab edirəm ki, bu problemlərin həllində dövlətlərlə, ayrı-ayrı orqanlarla yanaşı, bütöv cəmiyyətlər, fərdi qaydada hər kəs iştirak etməlidir. Meşəbərpa, yaşıllaşdırma işləri hər birimizin gündəlik həyatımızın bir hissəsinə çevrilməlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin gördüyü işlər təqdirəlayiqdir”.

Cəmşid Bəxtiyar bu sahədə atılan istənilən addımı, yəni ətraf mühit problemlərinin həllini hədəfləyən ən ufaq cəhdi yalnız alqışladığını bildirib: “Bu sahədə az iş görüldüyünü də demək ədalətsizlik olardı. Amma onları yetərli də hesab etmirəm. Xüsusilə də sizin sualınızın əsas obyekti olan meşələrin bərpası məsələsində miqyasın daha çox olmasına ehtiyac var. Statistikaya baxsaq, ötən əsrin 50-ci illərindən bəri Azərbaycanın meşə fondunun ciddi bir azalma tempi ilə yoxluğa doğru irəlilədiyini görərik. Bu problemi meşələrin qorunmasının məsuliyyətsiz, bir çox hallarda bu işə bir biznes, meşəyə öz dədə malı kimi baxan insanlara həvalə edilməsi daha da dərinləşdirir. Başqa bir problem isə meşələrin bərpası məqsədiylə əkilən tinglərin sonrakı mərhələdə qayğısız tərk edilməsidir. Bu səbəbdən meşə bərpası prosesi çox ləng gedir”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90