1999-cu il avqustun 17-də Türkiyənin Mərmərə bölgəsində baş verən dağıdıcı zəlzələdən 25 il ötür. Episentri Kocaeli vilayətinin Gölcük rayonunda olan bu yeraltı təkanlar Türkiyə tarixinin ən böyük təbii fəlakətlərindən biridir.
Gecə saat 03:02-də 7,4 bal gücündə baş verən və 45 saniyə davam edən zəlzələ ölkənin Kocaeli ilə yanaşı, Yalova, Sakarya, İstanbul və Düzce vilayətlərində də dağıntılara səbəb olub. Rəsmi məlumatlara görə, bu fəlakət zamanı 17 min 840 insan həyatını itirib, 43 min 953 nəfər isə bədən xəsarəti alıb. Təxminən 16 milyon nəfərə müxtəlif formada təsir edən bu fəlakət 200 minə yaxın insanı evsiz qoyub. Bölgədə 66 min 441 yaşayış binası, 10 min 901 iş yeri tamamilə dağılıb, 285 min 211 ev və 42 min 902 iş yeri isə ciddi zədələnib.
Mərmərə zəlzələsi Türkiyədəki tikililərin əhəmiyyətli bir hissəsinin belə fəlakətlərə davamlı olmadığını ortaya çıxarıb. Böyük insani və maddi itkilərlə nəticələnən bu təbii fəlakətdən sonra ölkədə yeraltı təkanlara qarşı tədbirlərin görülməsinə başlanılıb, yeni qərarlar qəbul edilib. Bu tədbirlər çərçivəsində fəlakət qurbanlarının itkilərini kompensasiya etmək məqsədilə Türkiyənin Təbii Fəlakət Sığorta Təşkilatı (DASK) yaradılıb.
Türkiyənin yaxın tarixinə dərindən təsir göstərmiş ən mühüm hadisələrdən biri olan Mərmərə zəlzələsi insan tələfatı, təsir qüvvəsi, əhatə dairəsi, yaratdığı maddi və mənəvi itkilərə görə ötən əsrin ən böyük təbii fəlakətlərindən biri hesab edilir. Yeraltı təkanların Türkiyənin məhz əhəmiyyətli sənaye bölgəsi olan Mərmərədə meydana gəlməsi isə böyük bir coğrafiyaya təsir edərək ölkədə genişmiqyaslı iqtisadi problemlərə də yol açıb.
Bu fəlakətdən sonra başda Azərbaycan olmaqla (həmçinin ANS Şirkətlər Qrupu), 50 ölkə və çox sayda beynəlxalq qurumdan Türkiyəyə yardım göndərilib. O vaxt Türkiyənin səhiyyə naziri vəzifəsini icra edən Osman Durmuş yalnız Ermənistanın və Yunanıstanın yardımlarını qəbul etməyib.
Zəlzələdən sonra ABŞ-ın sabiq Prezidenti Bill Klinton Türkiyəyə mənəvi dəstək məqsədilə bölgəyə gələrək çadır şəhərciklərində insanlarla görüşüb.