Bu şəhər uğrunda elə qəhrəmanlarımız şəhid olub ki, onlar Şuşanın müqəddəsləşməsində xüsusi bir işarədir. Əlbəttə, Ağdam, Füzuli və digər rayonlarımızın hamısı bizim üçün əziz və müqəddəsdir. Amma Şuşanın özünəməxsus mənəvi dəyəri var. Düzdü, ermənilər işğal ərzində bir çox tarixi abidələrimizi dağıdıb. Ancaq bərpa olunan abidələr öz əvvəlki ruhuna, mahiyyətinə uyğun bərpa olunur.
O cümlədən yeni tikilər evlər də şəhərin ümumi arxitekturasına uyğun təşkil edilir. Bu mənada, Şuşa doğrudan da öz tarixinin ən çiçəklənən dövrünü yaşayır. Necə deyərlər, bu hələ başlanğıcdır. 5-10 ildən sonra Şuşa dünya şöhrətli bir şəhərə çevriləcək.
– Şəhərdə məskunlaşma prosesi necə davam edir? Aparılan tikinti işləri hansı mərhələdir?
-Hazırda Şuşaya 1388 sakin köçürülüb. Təbii ki, yeni şəhərdə yeni dünyaya gələnlər də var. Bizim məskunlaşdığımız evlər birinci şəhərcikdir. İlk dəfə 10 may 2024-cü ildə cənab prezident İlham Əliyev birinci xanımla birlikdə 20 ailədən ibarət ilk sakinlərə evlərin açarlarını özləri təqdim etdi.
Bundan sonra 2024-cü ilin axırına qədər ardıcıl olaraq, mərhələli köç davam etdi. Bizim yaşadığımız 23 binadan ibarət şəhərcik tam məskunlaşıb. Hazırda ikinci şəhərcikdə iş başlayıb və davam edir. Üçüncü şəhərcikdə də bəzi işlər görülməyə başlayıb. Dördüncü şəhərciyi isə təməlini yayda dövlət başçısı qoydu.
Bundan sonra da ardıcıl olaraq, növbəti şəhərciklərin təməli qoyulacaq. Bütövlükdə isə, Şuşada məskunlaşma davam edəcək. Bəzən deyirlər ki, məskunlaşma və tikinti prosesləri sürətlə getmir. Bunun başlıca səbəbi odur ki, Şuşa şəhərində tikinti aparmaqla, Ağdamda yolun qırağında tikinti aparmağın fərqi var. Çünki burada elə işləməlisən ki, tarixə toxunmayasan. Hətta, bəzən qazıntı işləri zamanı yerin altından hansısa dövrün tarixi eksponatları çıxır. Həm də Şuşa dağın başında yerləşir. Bunlar hamısı önəmlidir.
– Məskunlaşma qədim binalara, əvvəldən yaşayış olan evlərə də şamil edilirmi?
– Hələlik ancaq yeni tikilən binalara köçürülmə var. Köhnə evlərlə bağlı isə hazırda ərizə toplanır. Kimsə öz tarixi ata-baba evində yaşamaq istəyirsə, ərizə ilə müraciət edir. Konkret hansısa sakinə, “get evini bərpa et” deyilməyib. Ancaq bu nəzərdə tutulur və çox güman ki, gələcəkdə sözügedən məsələ öz həllini tapacaq. İnsanlar öz ata-baba evlərini bərpa edib, orada yaşamağa başlayacaq. Təbii ki, burada da tarixilik əsas tutulur ki, gələcəkdə əgər kimsə öz evini bərpa etsə, o zaman həmin evin də zahiri görkəmi şəhərin görünüşünə uyğun olmalıdır.
– Şuşaya xarici turistlərin marağı hansı səviyyədədir? Əcnəbilər tez-tez şəhəri ziyarət edirmi?
– Mən bayaq dedim ki, siz yaxın gələcəkdə Şuşanı tanımayacaqsınız. Elə bunu da nəzərdə tuturdum. Təsəvvür edin ki, turizm mövsümündə maşınların ümumi uzunluğu Xankəndidəki Ağa körpüsünə qədər gedib çıxır. Turizm baxımından, Şuşaya çox böyük axın var. Düzdü, oktyabrda iyul-avqust aylarına nisbətən qonaqlar nisbətən azdır, amma yayda olduqca çox turist Şuşaya gəlir. Gələnlərin içərisində xaricilər də var, amma nisbətdə yerli turistlər daha çoxdur. Düşünürəm ki, yaxın illərdə Şuşa tam kompleks şəkildə turistlərə xidmət üçün tam hazır olanda xaricilərin də axını indikindən qat-qat çox olacaq.
– Bəzi şəhərlər, ölkələr var ki, turizmdən yüksək gəlirlər qazanır. Şuşanın da belə bir şəhərə çevrilməsi üçün nələr etmək lazımdır?
– Mənim düşüncəmə görə, bu nəinki gözlənti, hətta hədəflərdən biridir. Gələcəkdə məhz turizmin hesabına Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa daha çox tanınacaq və inkişaf edəcək. Şuşa sənaye şəhəri deyil. Burada zavod yaxud hansısa müəssisə tikmək məqsədəuyğun deyil və heç yaramaz da. İşğala qədər burada məşhur şərq musiqi alətləri fabriki fəaliyyət göstərirdi. Bu tipli müəssisələr də Şuşada çoxalacaq. Hazırda, xalça muzeyi fəaliyyət göstərir. Bülbülün, Mehmandarovların ev muzeyi də vətəndaşlara açıqdır. Şuşanın hər addımı tarixdir.
– Bütün şuşalıların Şuşada yaşaması mümkün olacaqmı?
-Şuşa şəhərinə köçürülən əhalinin hamısı bura daimi qeydiyyatı olanlardır. Məsələn, Şuşa rayonunun hansısa kəndində qeydiyyatda olsaydım, məni şəhərə köçürməzdilər. Köçürülmə ümumiyyətlə könüllüdür. Kim istəmirsə, gəlmir. Bu digər işğaldan azad edilmiş rayonlarda da belədir. Amma Şuşaya köçmək arzusunda olanların hamısı köçürüləcək. Bir nəfər belə kənarda qalmayacaq. Lakin hələlik sadəcə şəhər qeydiyyatında olanlar köçürülür. Şuşanın ətrafındakı kəndlərdə hazırda hazırlıq görülür. Bəzi kəndlərdə evlər salamatdır, bir çoxu isə ermənilər tərəfindən tamamilə məhv edilib. Yaşayışa əlverişli olan evlərə püşkatma yolu ilə məskunlaşma başlayıb. 2040-cı ilədək Şuşa şəhərinə 25 min sakinin köçürülməsi gözlənilir. Hələlik isə 5 şəhərciyin 1-i istifadəyə verilib, 2-də tikinti gedir, 2-nin isə təməli qoyulub. Güman edirəm ki, bu proses daha da sürətlə davam edəcək.
– Şuşada yaşamaq necədir?
– Hər gün yaşadıqca peşman oluram ki, mənim 28 il ömrüm havayı gedib. Şuşa işğaldan azad edildikdən sonra daha 2 il yarım mən Bakıda yaşamışam. Üst-üstə 32 il 2 gündən sonra mən doğma şəhərimə qayıtdım. Bax bu 32 illə bağlı 2 hissim var.
Birincisi odur ki, sanki bu 32 il heç olmayıb və mən elə həmişə Şuşada yaşamışam. İkinci hiss isə odur ki, ömrümün bir hissəsini elə bil çıxarıb atıblar. Vətənində yaşamayan insan gör nələr itirir. Arada müəyyən işlərlə bağlı Bakıya gedirəm. Gecə ilə qayıdıram. Qala bilmirəm. Hər an mənə elə gəlir ki, Şuşada yaşayan insanın ömrünün hər anı qızıldan da bahadır. Bu hər adama qismət olmur. Bu əvəzsiz bir xoşbəxtlikdir.
Elnur Məmmədli