image-2000x150
image-1678082727_7d199ceb-5aaa-4da1-86a3-6b1043b77b48backend

“Məni mən edən atam və həyat yoldaşım olub” – Deputatla MÜSAHİBƏ

image-728x90

“Artıq anam və iki oğlum üçün yaşayıram”

“Elə hesab edirlər ki, deputat bütün problemləri həll etməlidir”

Milli Məclisin deputatı Jalə Əhmədovanın Modern.az-a müsahibəsini təqdim edirik:

– Jalə xanım, Milli Məclisin deputatı olmaq həyatınızda nələri dəyişdirdi? Müsbət və mənfi olaraq qiymətləndirməyinizi istəyərdik.

– Deputat olandan sonra məsuliyyətim birə beş artdı. Çünki həm seçicilərimə, həm də ailəmə diqqət, qayğı göstərməliyəm. Milli Məclisin deputatı olaraq minlərlə insanı parlamentdə təmsil etmək, onları narahat edən məsələlərin həllinə çalışmaq böyük məsuliyyət, həssaslıq tələb edir. Bu səbəbdən ailəmdən, əzizlərimdən, xüsusilə də övladlarımdan bir az uzaq düşmüşəm. Yetəri qədər onlara diqqət ayıra bilmirəm. Əgər deputat olmamışdan əvvəl bütün diqqətim ailəmə, övladlarıma məxsus idisə, indi fərqlidir. Hazırda diqqətimi iki tərəfə – ailəmə və seçicilərimə ayırmışam. Amma bu, mənə şərəf verir. Çünki hər bir vətəndaşın problemini özümünkü sayıram, bacardığımı əsirgəmirəm. Mən yuxarıda qeyd etdiklərimi deputat olmağın mənfi tərəfləri kimi qiymətləndirmək istəmirəm.

Müsbət tərəfi isə budur ki, insan öz potensialından, biliyindən çıxış edərək dövlətinə xidmət edir. Kimlərəsə kömək edirsən, haqlarını, hüquqlarını tələb edə bilirsən. Düşünürəm ki, həyatda insanlara kömək etməkdən gözəl bir şey yoxdur. Bu da təbii ki, anlaya bilənə aiddir.

Digər müsbət tərəfi isə deputat olaraq ölkəmin daxili, xarici siyasətində yaxından iştirak edə bilməyimdir və bu mənim üçün böyük şərəfdir.

– Jalə xanım, deputat olmasaydınız, hansı sahədə uğur qazanacağınızı düşünürsünüz? Ümumiyyətlə, hobbiləriniz varmı?

– Deputat olmamışdan əvvəl mən hüquqşünas olaraq hüquq-mühafizə orqanlarında çalışmışam. Düşünürəm ki, deputat olmasaydım, elə bu istiqamətdə də davam edərdim. Daha yüksək uğurlara, nailiyyətlərə can atacaqdım. Elə deputat olmaq üçün namizədliyimi verməyim də hüquqa olan sevgimdən irəli gəlib. Çünki özümdə məsuliyyəti tərbiyə edən insanam. Ciddiyyəti, məsuliyyəti, nizam-intizamı sevirəm. Xarakterim də uyğundur, yaxşı hüquqşünas və ya hərbçi ola bilərdim.

Hobbiyə gəldikdə isə insan psixologiyasına çox böyük həvəsim var. İnsanlarla ünsiyyət qurmağı, onları kəşf etməyi sevirəm. Ümumiyyətlə, insanlarla ünsiyyət qurmaq məndə çox yaxşı alınır. İnsanları heç vaxt statuslara, kateqoriyalara bölməmişəm. İnsanlara insanlığına, insani xüsusiyyətlərinə görə dəyər verirəm.

– Bir müsahibənizdə “5 ildən sonra deputat olmaya bilərəm” demişdiniz. Hələ də bu fikirdəsiniz?

– Bəli, müsahibəmdə “beş il sonra deputat olmaya bilərəm” demişəm. Təbii ki, növbəti seçkilərdə yenidən deputat olmaq istəyərəm. Amma bunlar mənim istəyimdən asılı olan məsələlər deyil. İnsan çox şeyi istəyə, iddia edə bilər. Düşünürəm ki, insan özünə sual verməlidir ki, iddia etdiyinə haqqın varmı?  Hansı istiqamətdə, nə işlər görmüsən ki, bunlara iddialı olasan? Hazırda 10 milyonluq xalqın içində 125 deputatdan biri olmaq böyük şərəfdir. Amma buna qərar verən mən deyiləm, beş ilin tamamında seçicilərim müəyyən edəcək ki, Jalə Əhmədova yenidən deputat seçilsin, ya yox.  İnşallah, beş ilin tamamında mən xalqımın qarşısına üzüağ çıxaram.

– Jalə xanım, seçicilərlə çox aktiv işləyən deputatlar arasında ilk sırada gələnlərdənsiniz. Amma plenar iclaslarda daha az çıxış edirsiniz. Siz daha çox problemləri özünüz həll etməyi üstün tutursunuz, yoxsa necə?

– Düşünürəm ki, danışmaq xatirinə danışmaq lazım deyil.  Bəli, deputatın işi vətəndaşın mövcud olan problemlərini səsləndirmək və həllinə çalışmaqdır. Lakin mən bu üç ildə problemləri rahat şəkildə həmin qurumlarla, məmurlarla həll etmişəm. Yalan deyə bilmərəm, üç il ərzində problem yaşadığım qurum olmayıb. Müraciət etdiyim məmurlar hər zaman qaldırdığım problemləri həll ediblər, baxılması üçün aidiyyəti qurumlara göndərdiyimiz vətəndaş müraciətlərini, deputat sorğularını vaxtında cavablandırıblar. Hansısa qlobal, çox mühüm bir məsələ olarsa və ya mən bununla bağlı haqsızlıqla üzləşərəmsə, bəli, o zaman həmin məsələni plenar iclasda səsləndirərəm.

Bir də vətəndaşlar çox zaman deyirlər ki, filan deputat susur, danışmır. Amma bir məqamı da unutmamaq lazımdır ki, elə məsələlər olur, biz çıxış edənə qədər həmin məsələni digər deputat həmkarlarımız qaldırırlar. Artıq çıxış xatirinə eyni məsələni səsləndirmək, mənə görə çox mənasızdır. Ona görə də, bu üç ildə mənim parlamentdə çox az sayda çıxışım olub. Amma bu ona dəlalət etmir ki, deyilsin, deputat susursa, deməli iş görmür. Mən bununla qəti şəkildə razı deyiləm. Adlarını çəkmək istəmirəm, parlamentdə elə deputatlar var ki, danışmasalar da çox yaxşı işlər görür, seçici problemlərinə xüsusi diqqət ayırırlar.

Vətəndaşlarımızın əksəriyyəti elə hesab edir ki, deputat bütün problemləri həll etməlidir. Amma bu yanlış fikirdir. “Filankəs deputatdır, nə olsun, biz onun üzünü görməmişik” deyən insanlar bilməlidir ki, deputatın qəbul günləri var, qəbul keçirdiyi bəlli ünvan var. Deputatın köməkçiləri, əlaqə nömrələri var. Vətəndaş istədiyi vaxt onu narahat edən problemlərlə bağlı müraciət edə bilər. Deputat öz vəzifələrini icra edərkən vətəndaşların hüquq və azadlıqlarını, Azərbaycanın mənafelərini qorumalı, qanunvericilik təşəbbüsü həyata keçirməlidir. Deputat ev tikməli, maşın verməli deyil. Bu kimi hallar deputatın fəaliyyətində nəzərdə tutulmayıb. Deputat nə edirsə, şəxsi istəyindən edir. Deputatın fəaliyyəti qanunvericiliklə məşğul olmaq, problemləri səsləndirməkdir. Deputat problemi həll edən orqan deyil. Deputat problemləri müvafiq qurumlar qarşısında səsləndirə bilər. Üç il ərzində qaldırdığım problemlərin 90 %- i həll olunub, 10 %-i həll olunmayıbsa, bunun da obyektiv səbəbləri var.

– Seçicilərlə işləmək demişkən, problemləri həll etməkdə müvafiq qurumlarla münasibətiniz necədir? Bir sıra deputatlar bəzən şikayətlənirlər ki, qurumlar müraciətlərə baxmır. Sizdə vəziyyət necədir?

– Mənim bu günə qədər hansısa bir qurumla problemi həll etməklə bağlı problemim olmayıb. Amma məncə, burada yanaşma da vacibdir. İnsan hər şeyi qarşılıqlı hörmətlə həll etməlidir. Biz deputat olaraq kiminsə aqressiv şəkildə üzərinə getsək, təbii ki, elə reaksiya ilə də qarşılaşacağıq. Sadəcə olaraq deputat və dövlət qurumları arasında əlaqə düzgün qurulmalıdır. Düzdür, bəzi hallarda bizdə də əlaqələr alınmır. Zəng edirik, cavab verilmir,  məktub ünvanlayırıq, aylarla cavab ala bilmirik. Amma bunun da həlli yolları var. Çünki hər bir qurumun tabe olduğu qurum var. Əgər deputat olaraq bir orqandan cavab ala bilmiriksə, ondan daha üst quruma müraciət edirik.

– Cəmiyyətdə qadınlara qarşı zorakılıq hallarının şahidi oluruq. Hətta belə halların artdığı deyilir. Sizcə, Azərbaycanın ailə modelində yanlış olan nədir ki, qadınlar zorakılığa məruz qalır?

– Bu, mənim çox böyük həssaslıqla yanaşdığım mövzudur. Qadına qarşı zorakılıq bütün ölkələrdə mövcuddur. Dünyanın elə bir yeri yoxdur ki, qadınlar zorakılıqla qarşılaşmasınlar. Amma mən deyərdim ki, ölkəmizdə bu, digər ölkələrlə müqayisədə o qədər də qabarıq, dəhşətli şəkildə deyil. Bu mənim subyektiv fikrimdir. Azərbaycan kişisinin üstün xüsusiyyətlərindəndir ki, qadına qarşı böyük hörmət var. Azərbaycan ailə modelində kişi ailənin bütün yükünü öz üzərinə götürür, amma digər ölkələrdə bu, belə deyil.  Başqa ölkələrdə qadın və kişi hətta kommunal xidmətləri belə bölərək ödəyirlər. Bu kimi hallar düşünürəm ki, bizim üstünlüyümüzdür. Amma buna baxmayaraq, ölkəmizdə də zorakılıq halları var. Hər bir halda zorakılığa qarşıyam. Amma bunun digər aspekti də var. Ailə modeli artıq dəyişib. İllər öncə ailə qurmuş xanımlar bütün potensiallarını ailələrinə, uşaqlarının  tərbiyəsinə ayırırdısa, indiki dövrdə xanımlarımız daha çox karyeralarına, sosiallaşmağa üstünlük verirlər.  Haqlarımıdır, bəli, haqlarıdır. Bunun əleyhinə deyiləm. Amma təbiətin qanunları var. Xanımın öncəliyi düşünürəm ki, ailəsi olmalıdır. Bu da bir sosial işdir. Çünki ana cəmiyyətə övlad böyüdür, tərbiyələndirir. Ata burada köməkçi rolunda çıxış edir. Düşünürəm ki, qadınlarımız bu vəzifədən bir az uzaqlaşıblar. Qadın nə qədər güclü, pul qazanan olsa da, xanımlıqlarını, zərifliklərini unutmamalıdır.

Ailə modelində çox təəssüf ki, bu balans pozulmaq üzrədir. Ümumiyyətlə, insanlar ailə quranda düşünməlidir ki, ailəni nə üçün qurur? Ailə ancaq xoş məqamlardan ibarət deyil. Ailənin digər məsuliyyətləri, çətinlikləri də var. Ailədə övlad dünyaya gəlir, artıq o övlad tək iki şəxsin olmur. Cəmiyyətin bir hissəsi, dövlətin gələcəyi olur.

Qadınlarımız zorakılıqla üzləşirlər, daha sonra susurlar. Bu proses isə xoşagəlməz nəticəyə gətirib çıxarır. Bu, böyük problemdir. Dövlət əlindən gələni edir ki, vətəndaşı zorakılıqla qarşılaşmasın. Hüquq-mühafizə orqanları öz üzərinə düşənləri edir. Amma qadınlarımız susur, dözməyə üstünlük verirlər. Bu da artıq cinayətə gətirib çıxarır. Əgər qarşıdakı şəxs zorakılığa meyllidirsə, bu, qadın üçün siqnal olmalıdır. Qərar verməlidir ki, zorakılıqla yaşamaq istəyir, ya yox. Dərhal qadınlarımız ailələrinə, hüquq-mühafizə orqanlarına müraciət etməlidir. Qətiyyən düşünməməlidir ki, insan düzələr, bu belə deyil.

– Sizin üçün güclü qadın nə deməkdir?

– Mənim üçün güclü qadın ağıllı qadındır. Qadının gücü onun ağlındadır.

– İcazənizlə, şəxsi həyatınızla bağlı soruşmaq istəyərdim. Yaxın müddətdə iki yaxınınızı – atanızı və həyat yoldaşınızı itirdiniz. Onlardan sonra həyat sizin üçün çətin deyilmi?

– Əlbəttə, çox çətindir. Mənəvi olaraq çox ağırdır, insan bu həyatda maddiyyatı və digər şeyləri qazana bilir. Amma mənəviyyatı heç bir şeylə qazanmaq olmur. Atamın və həyat yoldaşımın mənim həyatıma qatdıqları böyük dəyərlər olub. Onları həyatda heç nə ilə qazanmaq mümkün deyil. Atam və həyat yoldaşım olduqlarına görə demirəm, ikisi də öz sahələrinin çox böyük şəxsiyyətləri olub. Bu cəhətdən mən özümü çox şanslı hesab edirəm. İndi onlarsız mənə çox çətindir. Hər hansı çətinliyimdə üz tutduğum insanlar onlar olub. Mən onların hər ikisinə borcluyam. Məni mən edən, düzgün yola istiqamətləndirən onlar olub. Mənim boynumda həyat yoldaşımın dost, yoldaş kimi böyük əməyi var. Təbii ki, sənə əziz olanları itirib yaşamaq çox çətindir. Amma həyat davam edir, iki oğlum var. Onlar mənə atam və həyat yoldaşımdan sonra böyük dayaqdırlar. Anam var, onun üçün yaşayır, uğur qazanıram. Bu həyatdır, birilərini itirir, digərləri üçün yaşayırıq. Amma  Allaha inanclı biri kimi heç vaxt üsyan etmirəm. Hər şeyi səbrlə qəbul edirəm. Eyni zamanda düşünürəm ki, bu da həyatda mənim sınağımdır. Bu sınaqdan da mətinliklə çıxmalıyam…

– Jalə xanım, Azərbaycanın daxili və xarici siyasəti ilə bağlı nə düşünürsünüz? Bir az da dəqiqləşdirək, hazırda ölkəmizə qarşı xaricdən basqılar var. Sizcə, Azərbaycan xarici siyasətini necə qurmalıdır? 

– Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 20 il ərzində Azərbaycanın beynəlxalq etimadı gündən-günə yüksəlməkdədir. Məhz cənab Prezidentin müdrik və uzaqgörən siyasətinin nəticəsidir ki, bu gün ölkəmizin beynəlxalq əlaqələri getdikcə genişlənməkdə, Azərbaycan regionda və dünyada müstəqil xarici siyasət yürüdən ölkə və etibarlı tərəfdaş kimi tanınmaqdadır.

Ölkəmizin xaricdən basqılarla üzləşməsi normaldır. Çünki Azərbaycan 44 günlük müharibədə Zəfər qazanan, getdikcə daha da inkişaf edən bir ölkədir və bu uğurları istəyənlərlə yanaşı, həzm edə bilməyənlər də var.

– Deputat olaraq reallaşdırmaq istədiyiniz arzularınız varmı?

– Seçicilərimlə bağlı arzularım var. Arzu edirəm ki, mənə müraciət edən hər bir vətəndaşa, seçiciyə əlimdən gələn köməkliyi  edə bilim. Çox istəyirəm ki, Salyan rayonunda yeni iş yerləri açılsın, böyük layihələr gerçəkləşsin. Ən böyük arzum isə vətəndaşlarımızın ehtiyac duymamasıdır.

– Jalə xanım dəblə maraqlanır?

– Bəli, ictimai-siyasi həyatda olan bir şəxs kimi dəblə maraqlanıram. Çünki millət vəkili olaraq siyasi post daşıyıram, ölkəmizi beynəlxalq təşkilatlarda təmsil edirəm. Ona görə də dünyanın dəb trendini yaxından izləyirəm.

– Jalə xanım, elə bir qanun varmı ki, ölkəmizdə qəbul olunmasını istəyirsiniz?

-Bəli, belə bir qanun var. Bu, autizm spektr pozuntusu olan şəxslərlə bağlıdır. Çox istərdim ki, Azərbaycanda autizmli şəxslərlə bağlı qanun qəbul edilsin. Ən çox bəyəndiyim Yaponiyanın təhsil sistemidir. Çox istəyərdim ki, Yaponiyanın təhsil sistemi Azərbaycanda da tətbiq olunsun. Mənim üçün Yaponiyanın təhsil sistemi çox uğurludur. Bu ölkədə məktəbliləri cəmiyyətə hazırlayır, ən əsası isə uşaqları şəxsiyyət kimi formalaşdırdıqdan sonra təhsil verirlər.

– Son olaraq Azərbaycan qadınlarına vermək istədiyiniz mesaj nədir?

– Azərbaycan qadınını savadlı, geniş dünyagörüşlü görmək istəyirəm. Çünki uşağa tərbiyə verən anadır. Xanımlarımızın ailədə olan missiyaları hər şeydən üstün olmalıdır. Allah qadını yaradıcı qüvvə kimi yaradıb. Çox istərdim ki, Azərbaycan qadını yaradılışında olan xüsusiyyətləri itirməsin, onları daha da inkişaf etdirsin. Azərbaycan qadınını hər zaman xanım olaraq görmək istəyirəm. Hər zaman zərif, qayğıkeş olsunlar. Ailə dəyərlərini qorusun, ailənin təməlinin möhkəmliyinə xələl gəlməsinə imkan verməsinlər. Xanımlarımız hər zaman xoşbəxt olsunlar.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90