Təhsil məsələləri üzrə ekspert Rizvan Fikrətoğlu Sitat.info- ya açıqlamasında bildirib ki, Nazirlik tərəfindən bu istiqamətdə iş aparılır: “Nazirliyin planında var ki, şagird sayı 100-dən az olan 1500-ə yaxın məktəbin rasionallaşdırılması nəzərdə tutulsun. Bu məktəbin ləğv edilməsi deyil. Məktəb birləşdirilə bilər, yenidən təşkil oluna bilər. Təyinatını da dəyişdirə bilər. Bu odur ki, əvvəl 11 illik tam orta məktəb 9 illik ola bilər. İndi şagird sayı 10- a qədər olan 142 məktəb rasionallaşdırılır. Şagird sayı 3-4 olan məktəblərdə 1ə şagird çəkilən xərc hardasa 25000 manata yaxın gəlib çıxır. Amma rayon mərkəzində həmin məktəbə yaxın məktəblərə birləşdirilməsi və həmin şagirdlərin nəqliyyat məsələsini təşkil etməklə qalan xərclər təhsilin başqa sahəsinə yönəldilə bilər. Həm də şagirdlər daha keyfiyyətli təhsil ala bilər. Çünki şagird sayı az olanda rəqabət olmur, şagirdlər dərsə gəlməyəndə müəllimlərin əmək haqqı söhbəti var. Bir sözlə çox problemlər yaşanır.
Bunun üçün məktəbləri birləşdirib və şagirdlərin daşınması üçün servislər təşkil oluna bilər. Və bu proses artıq həyata keçirilir. Amma şagird sayı 100 olan bütün məktəblərin bağlanması məsələsi yanlışdır. Elə məktəb ola bilər ki, şagird sayı 70 olsun və başqa məktəblə birləşsin. Amma eləsi olar ki, şagird sayı 30 olsun, ancaq birləşməsin. Çünki burada yol məsələsi var, uşaqların daşınmasını təşkil etmək məsələsi var”.
Sitat.info -ya açıqlamasında mövzulə bağlı danışan Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri qeyd edib ki, bu məsələ bəzi problemləri bərabərində gətirəcək:
“Məlum oldu ki, ölkə məktəblərinin 1500-də şagird sayı 100- dən aşağıdır. Onların da bir çoxu natamam orta ümumitəhsil məktəblərinin payına düşür. Yəni, tədrisin 9-cu sinfə qədər aparıldığı məktəblərdə əsasən şagird sayının azlığına daha çox rast gəlinir. Bunlarla bağlı hansı addımlar atılacağı qeyd edildi.
Mərkəzləşdirilmiş, komplektləşdirilmiş məktəb siyasətinə qərar veriləcəyi, az şagirdlərin oxuduğu kiçik məktəblərin bağlanaraq oraya yaxın ərazidəki daha böyük təhsil müəssisəsinə birləşdiriləcəyi qərarı verildi. Rəsmi qərar olmasa da, bu bu barədə şifahi məlumatlar verilib. Buna qarşı gələnlər də oldu. Şagird sayından asılı olmayaraq, böyük və kiçikliyindən asılı olmayaraq ucqarlarda məktəb binasının bağlanmasını arzuolunmaz hal hesab edənlər də oldu. Bunu da normal qarşılamaq lazımdır. Sonradan rəsmi açıqlama verildi ki, həmin məktəblər bağlanmır. Şagird, müəllim sayı artdıqdan sonra həmin məktəblərə tədris yenidən qayıdacaq. Fakt ondan ibarətdir ki, həmin məktəblərdə dərslər artıq olmayacaq“.
E. Nuri vurğulayıb ki, məktəblərin komplektləşdirilməsi o qədər də arzuolunmaz proses deyil: “Düzdür, müəyyən qədər sosial problemlər olacaq. Yol-nəqliyyat məsələlərində çətinlik olacaq. Məsələn bu gün hava sərtdir, bu hələ paytaxtda belədir. Ucqar yerlərdə olan və az şagirdin oxuduğu məktəblərdə sərt iqlimdə nəqliyyat məsələsi daha çətindir. Onlar üçün nəqliyyat vasitələrinin necə ayrılacağı qəribədir. Ümumiyyətlə bu nə dərəcədə mümkün olacaq? Açıq danışsaq, məsələn şagird sayının az olduğu 4 məktəb bağlanır. Həmin 4 məktəbin şagirdləri onlara yaxın olan 5-ci məktəbə birləşdirilir. Bu o deməkdir ki, hər bağlanan məktəb üçün ayrıca avtobus olacaq? Bu olmasına təbii ki, olsun. Amma 1500 məktəb bağlanacaqsa, 1500 avtobusun ayrılacağı mənə inandırıcı gəlmir. Uzaq başı 100 dənə avtobus ayrılacaq. Bu problem də var”.
Ekspert bildirib ki, mərkəzləşdirilmiş və yataqxanası olan məktəblər yaratmaq gözəl fikirdir: “Beynəlxalq təcrübədə bu var. Ancaq reallığa baxsaq, 1500 avtobus ayrılmasındansa, mərkəzləşdirilmiş yataqxanası olan məktəblərin olması daha yaxşı olardı. Ancaq söhbət ucqarlardan gedir. Burada təkcə oğlan uşaqları olmayacaq. Əgər tələbə olsaydılar qızlar üçün ayrı, oğlanlar üçün ayrı yataqxana olardı və bu problem deyil. Ancaq bunlar hələ uşaq olduğu üçün gərək valideynləri də onlarla birlikdə yaşasın. Əslində bu yataqxanaların yaradılması pis fikir deyil, amma inandırıcı və tətbiqi asan olan məsələ də deyil”.