Bakının Qaradağ rayonunda 2006-cı il təvəllüdlü Namid şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı onunla birlikdə “Məkan” kafesində ofisant işləyən Nurlanı bıçaqlayıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 30 sentyabr 2023-cü ildə, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən “Məkan” kafesində baş verib.
Namid işdə olarkən həmin kafedə ofisant işləyən Nurlanın onunla kobud zarafat edərək qalça nahiyəsinə şillə vurmasından hiddətlənib. O, Nurlanı söyüb təhqir etdiyinə görə aralarında yaranmış mübahisəyə son qoymaq üçün hər ikisi kafenin inzibatçısı tərəfindən 4 saylı otağa dəvət olunub və barışmaları təklif olunub.
Bu zaman Nurlan ondan nalayiq İfadələr işlətməsinə görə üzr istəməsini tələb edib. Namid isə üzr istəmədikdə Nurlan onun üzünə şillə zərbəsi vurduğuna görə şəxsi münasibətlər zəminində aralarında yenidən yaranmış münaqişə zamanı üzərində gəzdirdiyi cib bıçağı ilə onun sağ sinə nahiyəsinə bir zərbə vurub.
Hadisəni törədən Namidin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Namid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən “Məkan” kafesində ofısiant işləyir: “Nurlan da həmin kafedə ofisant işləyir, əvvəllər münasibətlərimiz yaxşı olub. Hadisə günü, saat 08:00-da həmin kafedə işdə oldum. Saat 17:20-də kafenin həyətində əyləşən müştərilərə yemək aparırdım. Həmin vaxt Nurlan kafenin mətbəxindən çıxdı. Ümumi zala tərəf gəldi. Mənim yanımdan ötərək keçərkən şillə ilə arxa nahiyəmdən vurdu. Müştərilərin masalarına yeməyi qoyub mətbəxə tərəf qayıdarkən Nurlanın mətbəxin yanında yerləşən pivə aparatından pivə süzdüyünü gördüm. Nurlana yaxınlaşaraq ona “mən elə zarafatı xoşlamıram, bir də belə eləmə” sözlərini dedim. Buna cavab olaraq Nurlan kinayəli şəkildə o yaxşı etdiyini, buna cavab olaraq Nurlana qələt etdiyini bildirdim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, bu zaman aralarında mübahisə baş verib, Nurlan qərəzli şəkildə ona badalaq ataraq onu yerə yıxıb, sonra isə yumruqla bədəninin müxtəlif nahiyələrinə vurub: “Mən də Nurlanı təpiklə vurdum. Orada olan müştərilər və kafenin inzibatçısı Sahib adlı şəxs bizə yaxınlaşaraq aralaşdırdı. Əynimdəki köynəyi cırıldığı üçün zal otağa getdim. Oradan gödəkcəmin götürdüm və zaldan çıxarkən Nurlan yenidən mənə yaxınlaşaraq söhbət etmək istədiyini bildirdi, onunla kənar yerə getməyimi tələb etdi. Bu zaman Sahib bizə yaxınlaşdı. Hər ikimizin kafenin 4-cü otağına apardı. Kafenin 4-cü otağında olarkən Sahib bizi barışdırmaq üçün söhbətə başlayarkən Nurlan mənə “məndən üzr istəməlisən” sözlərini dedi. Mən də cavab olaraq Nurlana “mən səndən üzr istəməyəcəyəm” sözlərini dedim”.
Namid qeyd edib ki, daha sonra Nurlan onun üstünə gəlməyə cəhd edib: “Lakin Sahib Nurlanı aralaşdırmaq üçün kənara çəkməyə çalışdım. Lakin Nurlanın üstümə gəlməsində qorxduğum üçün şalvarımın belində saxladığım cib bıçağını çıxardım, sol əlimlə Nurlanın bədəninə bir dəfə vurdum. Nurlanı bıçaqla vurduqdan sonra həyəcanlandım. Qeyri-ixtiyari olaraq bıçağı yerə atdım. Bu zaman kafedə olan Post Patrul Xidmətinin əməkdaşları bizə yaxınlaşdı. Məni Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinə apardılar. Polis bölməsində olarkən mənə məlum oldu ki, vurduğum bıçaq zərbəsi Nurlanın döş qəfəsinə dəyib, onu xəstəxanaya aparıblar”.
İş üzrə zərərçəkmiş Nurlanın sözlərinə görə, hadisə günü saat 17:00-da kafedə işdə olub: “Həmin vaxt pivə aparatından müştərilərə pivə süzürdüm. İş yoldaşım Namid yanımdan keçərkən zarafat etmək məqsədi ilə əlimlə onu itələdi. Namid isə mənə “varyoxsuz, niyə belə edirsən” sözlərini dedi. Bundan sonra Namidin yaxasından yapışaraq ona “sözləri və diqqət et, bu nə sözüdür mənə deyirsən” sözlərini dedim. Bu səbəbdən də aramızda dava- dalaş yarandı. Oradakı müştərilər bizi aralaşdırdı. Bir qədər sonra Namidi yanma çağırdım. Həmin vaxt kafenin inzibatçısı Sahibdə yanımızda olub. Hər üçümüz birlikdə kafenin 4 saylı kabinasına getdik. Kabinada olan zaman Sahib hər ikimizə iradlar bildirdi, barışmağımızı tələb etdi. Namidə “sən mənim ünvanıma nalayiq ifadələr işlətmisən” sözlərini dedim, məndən üzr istəməyi tələb etdim. Namid isə üzr istəməyəcəyini, nə deyibsə, yaxşı etdiyini bildirdiyi üçün aramızda münaqişə yarandı. Namidə bir dəfə şillə vurdum. Sahib isə bizi aralaşdırdı. Mən kabnianın qapısının yanında dayanmışdım. Qəflətə Namid üstümə gəldi və mən sinəmdə ağır hiss etdim. Sonra isə qanaxma olduğunu gördüm. Həmin vaxt Namidin məni bıçaqla vurmasını aşkar etdim”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Namidin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub.
Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza təyin olunub.