Türkiyənin Kütahya rayonunun Tavşanlı qəsəbəsində yerləşən Tavşanlı Höyükdə aparılan arxeoloji qazıntılar zamanı 3750 illik fayans silindr möhürü aşkar edilib. Ulusal.az xəbər verir ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən verilən yazılı açıqlamada bildirilir: “Kütahyanın Tavşanlı rayonundakı Tavşanlı Höyükdə aparılan qazıntılarda şəhəri yerlə-yeksan edən hücumun izlərini daşıyan 3750 illik yanğın təbəqəsi tapılıb. Burada Assur Ticarət Koloniyaları dövrünün sonuna aid bir silindr möhürü də ortaya çıxıb. Möhürün Anadolunun ticarət tarixində əhəmiyyətli bir boşluğu doldurması gözlənilir.
Orta Anadoluda Kültəpə və Acemhöyük kimi böyük ticarət mərkəzlərindən məlum olan fayans silindr möhürlərinin Qərbi Anadoluda ilk nümunəsi olaraq qeydə alınan bu möhür şərqlə qərb arasında yeni ticarət yollarının mövcudluğunu açıq şəkildə meydana qoyur.
Türkiyənin Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy sosial media hesabındakı paylaşımında 3750 illik silindir möhürünün üzə çıxarılmasının Anadolu tarixinə yeni işıq saldığını bildirərək deyib: “Bu dəyərli tapıntı Anadolunun şərq və qərb arasındakı ticarət yollarında mühüm rolunu ortaya qoyur. Tavşanlı Höyük mədəni irsimizin zənginliyini və müxtəlifliyini bir daha sübut etdi. Biz mədəni dəyərlərimizi hər yerdə qorumaq üçün əzmlə çalışmaqda davam edirik. Türkiyə və gələcəyə bir miras buraxırıq.”