“Bakı küçələrinin mövcud əhali yüklənməsinə, iqtisadi artıma və aşıb-daşan tikintilərə cavab vermədiyi ərəfədə velosiped yollarının salınması düz deyil. Birinci növbədə, bu zolaqların salınması mərhələlərlə həyata keçirilməli idi. Əvvəl təkcə Fəvvarələr Meydanı və Bulvar var idi. İndi isə bir çox ərazilərdə, Bakıdan kənar qəsəbələrdə parklar var. Velosiped sürmək istəyənlər üçün bu ərazilərdə şərait yaratmaq olardı. Lakin insanların gündəlik işə gedib gəldiyi bu sıxlıqda, bu tıxacda paralel olaraq velosiped zolağının da salınmasına ehtiyac yox idi”.
Bunu Demokrat.az-a açıqlamasında tanınmış memar, professor Cahid Həsənov deyib.
O bildirib ki, əhalinin yükünü velosiped yolları daşımır, avtobus yolları daşıyır, insanlar velosipedlə işə gedib-gəlmirlər:
“Yolun sağında tıxac, solda isə o zolaqdan saatda 1 velosiped keçir, lap 3 olsun. 10 saat ərzində heç 30 velosipedçi oradan keçmirsə, bu zolaqlara heç bir ehtiyac yoxdur. Bulvar ərazisində sürə bilərlər. Mərkəzi küçələr 4–5 sıradan ibarət olsaydı, bir sıranı velosiped üçün ayırmaq olardı. Bu problemlər varsa, çıxış yolları axtarılırsa, nə məcbur idi ki, tez-tələsik velosiped yolları salınsın.
Əlaqədar qurumların, AYNA-nın qarşısında velosiped dayanacağı olsaydı, işçiləri işə velosipedlə gedib-gəlsəydi, o zaman bu zolaqlar vacib olardı. Bunu təşkil edən qurumun belə işçisi işə velosipedlə getmirsə, bu qərar doğru deyil”.