Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi üzrə, Dədə Ələsgər Ocağı İctimai Birliyinin “Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” adlı layihəsi çərçivəsində elmi konfrans keçirilib.
Elmi konfransı açılış sözü ilə Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri, Dədə Ələsgərin nəticəsi Xətai Ələsgərli açaraq bildirdi ki, layihənin həyata keçirilməsində əsas məqsəd Aşıq Ələsgər yaradıcılığına diqqəti artıramaq, Azərbaycan mədəniyyətini Aşıq Ələsgər koloriti ilə daha da zənginləşdirməkdir. Nəticə olaraq əhali arasında milli kimlik hissini, sülhpərvər vətənpərvərlik ruhunu daha da artırmaqdır. Aşıq Ələsgərin tədqiqatçılarının çoxalması, Aşıq Ələsgərin qəbrinin bərpası və ziyarət edilməsi üçün beynəlxalq aləmdən dəstək almağa kömək edəcək və Qərbi Azərbaycana dönüş hərakatını daha da gücləndirəcəkdir.
Daha sonra professor Ələddin Allahverdiyevin Moskva şəhərindən elmi konfrans iştirakçılarına ünvanladığı təbrik məktubu oxunub. Məktubda vurğulanıb ki, “Aşıq Ələsgər şəxsiyyəti və yaradıcılığı Qurani Kərimin, Vətənin, poeziyanın, təbiətin, bəşər övladının, dilimizin, milli adət-ənənələrimizin gözəlliklərini dərindən anlamaq üçün müasir dövrümüzdə də hər birimizin, xüsusilə gənclərimizin zehni, ruhi, mənəvi, əxlaqi tərbiyəsində mühüm rol oynayan amillər kimi daim diqqət mərkəzində olmalıdır.
Dədə Ələsgərin müqəddəs ruhu, vergili şəxsiyyəti, dərin, müdrik, hikmətli poeziyası və xalqımızın onun bu dəyərlərinə dərin inamı, ölkə Prezidentinin uzaqgörən siyasəti, dəqiqliklə hesablanmış strategiyası zəminində öz itirilmiş dədə-baba yurdlarımızla qovuşmağa dərin inam, ümid və əminlik yaradır!”
Dədə Ələsgər Ocağı İctimai Birliyinin idarə heyətinin üzvü, şair, ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzər çıxış edərək bildirib ki, ölkəmizin siyasi, iqtisadi məsələ kimi qarşıya qoyduğu priorited məsələlərdən biri də Qərbi Azərbaycana qayıdış məsələsidir. Aşıq Ələsgər yaradıcılığı bizim milli ensklapediyamızdır, bütün elm sahələrinin birləşdiyi ədəbi məkandır. Aşıq Ələsgəri araşdırmaq bizə bir daha əsas verir ki, Qərbi Azərbaycan oğuz, türk torpaqlarıdır. Qeyd edib ki, Mədəniyyət nazirliyinin maliyyə dəstəyi ilə belə tədbirlərin keçirilməsi dünya ictimayyətinə çatdırmaq üçün çox önəmlidir.
AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Tacir Səmimi çıxış edərək bildirdi ki, Aşıq Ələsgər yaradıcılığında vətənpərvərlik, yurdsevərlik motivi vətənə qayıdışdır, Qərbi Azərbaycana qayıdışdır. Çünkü Ələsgər yaradıcılığında elə bir kənd, yurd, oba, o cümlədən gözəllərimiz, qəhrəmanlarımız yoxdur ki, təsvir olunmasın.
Dədə Ələsgər Ocağı İctimai Birliyinin idarə heyətinin üzvü, filologiya üzrə fəlsəfə doktoru Almara Nəbiyeva çıxış edərək bildirdi ki, Dədə Ələsgər yaradıcılığı uzun illərdir alimlərimiz tərəfindən tədqiq olunur. Aşıq Ələsgərin tədqiqatçılarının bu gündə davam edərək çoxalması beynəlxalq aləmdə səsimizi çatdırmağa böyük töhvə verəcəkdir.
Dədə Ələsgər Ocağı İctimai Birliyinin idarə heyətinin üzvü, tibb üzrə fəlsəfə doktoru Nağdəli Zamanov çıxış edərək xüsusilə bildirib ki, Dədə Ələsgər poeziyasında məkan elementləri, Qərbi Azərbaycan toponomlərinin istifadəsi bu gün qayıdış prosesi üçün çox önəmlidir.
AYB-nin, AJB-nin üzvü, tədqiqatçı, publisist, yazar, “Qızıl qələm” mükafatı laureatı Məlahət İsmayılqızı çıxış edərək bildirdi ki, Göyçədə Kitabi-Dədə Qorqud, Ozan Heydər, Ozan Cəlil, Ozan İbrahim, Miskin Abdal, Ağ Aşıq, Aşıq Alı və Dədə Ələsgər kimi bizi gözləyən məbədlərimiz var. Qeyd etdi ki, Ümummilli lider Heydər Əliyevin fəaliyyət dövründə Aşıq Ələsgər yaradacılığına böyük diqqət göstərmişdir. Ümummilli liderin göstərişi ilə Aşıq Ələsgərin 150 illiyində yaşadığı Göyçə mahalının Ağkilsə kəndində qəbrüstü abidəsi ucaldılmış, 175 illiyi təntənəli şəkildə qeyd olunmuşdur. Bu gün Aşıq Ələsgər yaradıcılığı dövlət başçımız, Ümummilli liderin layiqli davamçısı cənab İlham Əliyevin diqqət mərkəzindədir. 2021-ci ildə Aşıq Ələsgərin 200 illik yubileyi beynəlxalq səviyyədə qeyd olunmuşdur. Bütün bu görülən işlər bizi əbədi məbədimiz olan Göyçəyə aparacaqdır.
Azərbaycan Televiziyasının şöbə rəisi, tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov çıxış edərək bildirdi ki, Aşıq Ələsgər işığı bütün Azərbaycanı nura qərq edir. Onun dühası, onun yaradıcılığı həm Azərbaycan tarixi, həm Azərbaycan ədəbiyyatı, həm də Azərbaycanın milli-mənəvi dəyərləridir. Təklif etdi ki, Aşıq Ələsgər haqqında bədii filim hazırlansın. Bu təbliğ üçün, qayıdış üçün böyük vasitə olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb.
AYB-nin üzvü, AYB-nin Quba bölməsinin sədri, “Azərmətbuatyayımı” ASC-nin 5 saylı Regional “Mətbuatyayımı” İdarəsinin rəisi, şair, publisist Ramiz Qusarçaylı çıxış edərək bildirdi ki, Dədə Ələsgərin şeirləri, poeziyası bu gün Göyçəyə qayıdışda öndə mayak kimi gedir.
Şair, publisist Yusif Nəğməkar çıxış edərək bildirdi ki, Aşıq Ələsgərdə bütün bəşəriyyətin baş açmağa çalışdığı həyatın, varlığın intişarı fəlsəfəsi vardır.
Konfrans iştirakçılarına layihə çərçivəsində yeni işıq üzü görmüş “Dədə Ələsgər Ocağı” kitabı təqdim edilib.
Sonda Xətai Ələsgərli konfrans iştirakçılarına və konfransın baş tutmasına görə Mədəniyyət nazirliyinə maliyə dəstəyi ayırdığı üçün təşəkkürlərini bildirib. Məlumat üçün bildirib ki, layihə çərçivəsində Aşıq Ələsgər və onun şərəcəsinin ədəbi irsinin daha dərindən öyrənilməsi üçün “Dədə Ələsgər Ocağı” adlı kitabın nəşr edilməsi və Qərbi Azərbaycana qayıdış prosesinə də mühüm köməyi ola biləcək dahi Aşıq Ələsgərin həyat və yaradıcılığına daha dərindən, həm bədii, həm ictimai baxımdan qiymətləndirməyə kömək edən tədbirlər planının hazırlanması üçün elmi konfransın keçirilməsi nəzərdə tutulmuşdur.