Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ GmbH) Azərbaycan nümayəndəliyinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirdiyi “Cənubi Qafqazda aztəminatlı məcburi köçkünlərin və yerli əhalinin sosial və iqtisadi inkişafı” (EPİC) layihəsi çərçivəsində iki sosial sahibkarlıq subyektinin təqdimatı olub.

Ulusal.az xəbər verir  ki, “Dəzgah” Ağdamda Yenikənd qəsəbəsində yaşayan bir qrup məcburi köçkün qadın, “Təmas Sarvi” Gəncə şəhərində qadın təşəbbüskarlar tərəfindən yaradılıb.

Əsasən, tekstil və ev əşyaları istehsalı ilə məşğul olan bu sosial müəssisələr GİZ-in maddi-texniki, Dövlət Komitəsinin təşkilatı dəstəyi ilə təşkil edilib. Qadınlar peşə hazırlığı, biznesin idarə edilməsi üzrə təlimlər keçib, zəruri avadanlıqlarla təchiz olunublar.

Qeyd edilib ki, sosial sahibkarlığı  ənənəvi bisnes fəaliyyətindən fəqrləndirən əsas xüsusiyyət onun ictimai missiya daşıması, mənsub olduğu icmanın inkişafına xidmət göstərməsidir. Diqqətə çatdırılıb ki, “Dəzgah” sosial brendi öz gəlirinin beş faizini məcburi köçkün qadınların fərdi inkişafına, “Təmas Sarvi” isə gəlirini ümumilikdə gender əsaslı zorakılıq və insan alveri qurbanlarının dəstəklənməsinə sərf edir.

Tədbirdə Dövlət Komitəsi sədrinin müşaviri Nəsimi Nərimanov, Məşğulluq sektorunun müdiri Kamran Ağaməliyev, GİZ-in Azərbaycan nümayəndəliyinin rəhbəri Karin Hörhan, layihə rəhbəri Yörq Le Blank  və başqaları iştirak ediblər.

Tədbir iştirakçıları əhalinin aztəminatlı təbəqəsinin maddi rifahının yaxşılaşdırılmasına, məşğulluğunun artırılmasına müsbət təsir göstərən sosial sahibkarlıq təşəbbüslərinin daha da genişlənməsinin vacibliyini vurğulayaraq, məcburi köçkün icmalarının bu sahədə fəaliyyətinə dəstəyin davam etdiriləcəyini bildiriblər.