Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmələrdə Bakıda alternativ nəqliyyat vasitələrinin hərəkətinin vacibliyinə toxunulub. Deputat Müşfiq Cəfərov bildirib ki, Bakı-Sumqayıt yolunda metrobuslardan istifadə edilə bilər. O, həmçinin, “Dərnəgül” və “Koroğlu” stansiyaları istiqamətində, eləcə də Bakının digər ərazilərində metrobusların hərəkətinin mümkünlüyünü qeyd edib.
Məsələyə münasibət bildirən nəqliyyat eksperti Aslan Əsədov Demokrat.az-a açıqlamasında deyib ki, alternativ nəqliyyat vasitələrinin xəttə buraxılmasına ehtiyac var:
“Şəhərdə “manatlıq” taksilər sərnişin daşınmasında iştirak edir. Bakı-Sumqayıt istiqamətində metrobusların xəttə buraxılması “manatlıq” taksilərə alternativ olacaq. “20 Yanvar” istiqamətindən şəhərin digər yerlərinə ən tez çatan vasitə “manatlıq” taksilərdir. Qeyd edilən istiqamətlərdə metrobusların hərəkəti nə qədər tez təşkil olunsa, bir o qədər əlverişli olar”.






















