image-2000x150
image-25jpg-1682939795backend

Malik Həsənov: Türkiyə-Azərbaycan qardaşlığı gələcəkdə daha böyük zirvələri fəth edəcək

image-728x90

“Azərbaycan – Türkiyə dostluğu, qardaşlığı möhkəm təmələ əsaslanır. Bu birlik, ümumilikdə Türk dünyasının birliyinə böyük töhfə və çağırışdır. Azərbaycan və Türkiyənin Türk dünyasının birliyinə töhfələrinin bariz nümunəsi dövlət başçısı İlham Əliyevin 2021-ci ildə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən il Türk Dünyasının Ali Ordeninə layiq görülmələridir. Tarixi Zəfərimizdən sonra Türk Dövlətləri Təşkilatının dünya siyasətində rolunun daha da artması, həmçinin türkdilli dövlətlər arasında əlaqələrin yüksələn xətlə inkişafı dünyanın diqqətindədir. Dünyaya nümunə olan Azərbaycan-Türkiyə birliyi tarixin bütün sınaqlarından şərəflə çıxıb, hər iki dost ölkə daim biri-birinin yanında olub və yanındadır. Bu birlik regionda sülhün, sabitliyin və təhlükəsizliyin qarantı kimi dəyərləndirilir. Dövlət başçısı İlham Əliyev daim çıxışlarında qardaş ölkənin 44 günlük İkinci Qarabağ müharibəsinin başlandığı andan sonadək Azərbaycan xalqının yanında olduğunu böyük qürur hissi ilə qeyd edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dünyaya “Azərbaycan tək deyil” mesajı, sonadək mənəvi və siyasi dəstəyini göstərməsi Azərbaycana güc verdi. Tarixi Zəfərimizdən bugünədək atılan bütün mühüm addımlarda iki qardaş ölkənin Prezidentləri birgə iştirak edib, dünyaya qardaşlığın nümunələrini təqdim ediblər. Aprelin 29-da dünya növbəti dəfə bu qardaşlığın şahidinə çevrildi. Belə ki, Prezident İlham Əliyev cari ilin ötən dövründə qardaş ölkəyə sayca 3-cü səfərini reallaşdırdı və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birgə İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında iştirak etdi, “TEKNOFEST” çərçivəsində Azərbaycan dövlətinin zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində inşa edəcəyi min ev, məktəb, məscid və digər infrastruktur obyektlərindən ibarət yaşayış kompleksinin onlayn rejimdə təməli qoyuldu. Bu, birliyimizin sarsılmazlığının bir daha nümayişi oldu.”

Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov qeyd edib ki, dövlətlərarası münasibətlərin inkişafında Liderlərin rolu inkaredilməzdir: “Böyük Öndərlər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Heydər Əliyevin “Bir millət, iki dövlətik” fikirləri Azərbaycan-Türkiyə qardaşlığının möhkəm təməl üzərində inkişafının əsasına çevrilib. Prezident İlham Əliyev “TEKNOFEST” aerokosmik və texnologiya festivalındakı çıxışında “Bu gün bütün atalarımızın, əcdadlarımızın ruhu şaddır. Çünki Türkiyə və Azərbaycan bir yerdədir. Atam demişkən, “Bir millət, iki dövlət”, əlavə də etmək istəyirəm, “Bir yumruq!” çağırışı özündə bütün məqamları ehtiva edir. Azərbaycan- Türkiyə birliyi iki qardaş ölkənin birgə addımlarında özünün aydın ifadəsini tapır. Yumruq kimi birləşən dost ölkələr dünyaya əsl qardaşlığın, dostluğun nümunəsini göstərirlər.”

Millət vəkili diqqəti bir müddət öncə Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatında Azərbaycanın Dövlət Bayrağının yandırılmasına, Türkiyədən olan qadın idmançıların qızıl və gümüş medallar qazanaraq bu qələbəni Azərbaycana həsr etmələrinə yönəldib: “Bir gün əvvəl mənfur düşmən Azərbaycan Bayrağını yandırdı, ertəsi gün qardaş Türkiyə dövlətinin şanlı bayrağı o düşmənlərin başının üzərində ucaldıldı. Bundan böyük xoşbəxtlik ola bilərmi? Aprelin 28-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İrəvanda keçirilmiş ağır atletika üzrə Avropa çempionatında qələbələrini Azərbaycana həsr etmiş Türkiyə idmançıları ilə görüşündə dövlət başçısı bu fikri böyük qürur hissi ilə qeyd etdi ki, Türkiyə-Azərbaycan – iki qardaş ölkə bütün məsələlərdə bir yerdədir. Biz olmayan yerdə siz varsınız, siz olmayan yerdə biz varıq. Biz birik, müttəfiqik, qardaşıq. Türk Bayrağının orada qaldırılması ədaləti bərpa etmək idi. Bizim Bayrağımızı yandırdılar, amma bizim üçün öz Bayrağımız qədər əziz olan Türk Bayrağı orada dalğalandı.”

Malik Həsənov bildirib ki, Azərbaycan və Türkiyənin, hər iki ölkənin Prezidentlərinin həyata keçirdiyi siyasət, birgə atdıqları addımlar Türk dünyasını inkişafa doğru aparır: “Azərbaycan və Türkiyə inkişaf, tərəqqi yolunda birgə addmlayırlar. Ötən il “TEKNOFEST” ilk dəfə Türkiyədən kənarda – Azərbaycanda keçirildi. Bu mühüm addım da birliyimizin təqdimatı oldu. İki dost, qardaş, müttəfiq ölkənin gəncləri bu birliyə öz töhfələrini vermək imkanlarını nümayiş etdirdilər. Türkiyə yüksək texnologiyalara əsaslanan layihələr həyata keçirir. Möhtərəm Prezidentimiz İlham Əliyevin “TEXNOFEST” festivalında söylədiyi “Kızılelma” havada, “Altay” və “Togg” quruda, “Anadolu” dənizdə – bugünkü Türkiyə budur” fikir qardaş ölkənin müasir texnologiyaların tətbiqi sahəsində qazandığı uğurların ümumi mənzərəsinin təqdimatıdır. Belə bir əminlik də ifadə edildi ki, yaxın gələcəkdə Azərbaycanda “Bayraktar” mərkəzi yaradılacaq, orada təhsil, xidmət, istehsal da olacaq. Həmçinin yaxın vaxtlarda “Kızılelma” Azərbaycanın səmasında da olacaq.”

Millət vəkili qısa təhlil əsasında bu ümumiləşdirməni aparıb ki, Türkiyə və Azərbaycan Prezidentlərinin şəxsi dostluq və qardaşlıq münasibətləri əməkdaşlıq əlaqələrinin yeni istiqamətlər üzrə inkişafında öz sözünü deyir. 2021-ci ildə Türk dünyanının mədəniyyət paytaxtı Şuşanın şahidliyi ilə imzalanan Müttəfiqlik sənədi Azərbaycan-Türkiyə əlaqələrinin bundan sonrakı inkişafının yol xəritəsidir. Hazırda ölkələrimiz arasında elə sahə yoxdur ki, yüksək səviyyədə inkişaf etməsin. Türkiyənin müdafiə sənayesi bu gün bütün dünya tərəfindən qəbul edilir. Türk Ordusu bu gün dünya çapında ən öndə olan orduların sırasındadır. Yaxın gələcəkdə Azərbaycanda “Bayraktar” mərkəzinin yaradılması hərbi qüdrətimizi daha da artıracaq. Türkiyə-Azərbaycan qardaşlığı gələcəkdə daha böyük zirvələri fəth edəcək.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90