Ulusal.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Malik Həsənov qeyd edib ki, konfransın iştirakçıları arasında ABŞ, Belçika, Bolqarıstan, Böyük Britaniya, Fransa, İsrail, İsveçrə, İtaliya, Gürcüstan, Kanada, Misir, Pakistan, Polşa, Rumıniya, Rusiya və Türkiyənin aparıcı beyin mərkəzlərinin rəhbərlərinin, nümayəndələrinin yer alması da tədbirə olan marağın göstəricisidir: “Konfransda Orta Dəhlizin təhlükəsizlik aspektləri, regionun iqtisadi imkanları müzakirə olundu. Xüsusilə bu baxımdan Zəngəzur dəhlizinin əhəmiyyəti, Şərq-Qərb dəhlizinin yaradacağı yeni nəqliyyat imkanları, beynəlxalq yükdaşımalarının genişləndirilməsi və şaxələndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı. Dövlət başçısı İlham Əliyev konfransdakı çıxışında, həmçinin iştirakçıların suallarına cavablarında Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji, nəqliyyat layihələrinin əhəmiyyətindən, postmünaqişə dövrünün çağırışlarından geniş bəhs etdi. Konfransın mövzusundan da göründüyü kimi, sülh, təhlükəsizlik və əməkdaşlıq məsələləri günümüzün əsas çağırışlarıdır. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı Qələbədən sonra ölkəmizin Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi istiqamətində həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət beynəlxalq ictimaiyyətin diqqətindədir.”
“Dövlət başçısı İlham Əliyev konfrans iştirakçılarının suallarını çavablandırarkən bu məqamı xüsusi qeyd etdi ki, indi təhlükəsizlik bəlkə də hər zaman olduğundan daha vacibdir. Belə bir çağırış ifadə edildi ki, ənənəvi əlaqələri olan ölkələr bu məsələyə ikitərəfli və çoxtərəfli müstəvidə toxunmalı, bir-birini necə dəstəkləyə biləcəyini nəzərdən keçirməlidir. Çünki dünya dəyişib, beynəlxalq hüquq işləmir. Ölkə Prezidenti bu əminliyi də ifadə etdi ki, həyata keçirilən kommunikasiya layihələri regional təhlükəsizliyi, sabitliyi daha da gücləndirəcək və bunları həyata keçirmək üçün böyük imkan vardır”,- deyə millət vəkili vurğulayıb.
Malik Həsənov konfransın iki saat yarımdan artıq davam etdiyini, dövlət başçısı İlham Əliyevin 16-dan çox sualı təmkinlə, diplomatik şəkildə cavablandırdığını önə çəkərək, bütün bunların fonunda qalib Azərbaycana diqqət və marağın artdığını qeyd edib: “Ölkəmizin təşəbbüsçüsü və iştirakçısı olduğu, ölkələri, xalqları bir araya gətirən, onlar arasında dostluq, əməkdaşlıq körpüsünü möhkəmləndirən enerji və nəqliyyat layihələrinin coğrafiyası genişlənir. Azərbaycan bu layihələrin icrası ilə regional əməkdaşlığın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi mövqeyini daha da möhkəmləndirir. Hazırkı postmünaqişə dövründə regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, yeni əməkdaşlıq formatlarının yaradılması üçün Ermənistanla münasibətlərində yeni səhifənin açılmasına səy göstərən ölkəmiz sülh müqaviləsinin imzalanması istiqamətində üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir və qarşı tərəfdən də bunu tələb edir. Cənab İlham Əliyev konfransda da bu məsələyə xüsusi diqqət yönəldərək, mesajlarını çatdırdı.”
Millət vəkili qısa təhlil əsasında bu ümumiləşdirməni aparıb ki, Azərbaycan sülh gündliyinin, yeni əməkdaşlıq formatlarının müəllifi kimi tanınır. Bütün tribunalardan, platformalardan dünyaya sülh, təhlükəsizlik və əməkdaşlıq çağırışlarını edir.






















