image-rt-reklam
image-1backend

“Macarlar özlərini türk hesab edən yeganə müstəqil Avropa ölkəsidir”-Orbanın TDT-də iştirakı düşmənlərin yuxusunu ərşə çəkib

image-728x90

Xəbər verildiyi kimi, oktyabrın 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə Macarıstanın Baş naziri Viktor Orban da iştirak edib. Macar liderin Azərbaycandakı tarixi tədbirə qatılması Zirvə Görüşünün önəmini birə on qat artırıb.

Macarıstan sıradan bir ölkə deyil. Mərkəzi Avropada yerləşən və Avropa İttifaqının önəmli dövlətlərindən biridir. Orbanın Azərbaycana və türk dünyasına münasibəti də daim stabildir. O həm də türk ailəsinin üzvü olmaq üçün əlindən nə gəlirsə edir.

Heç şübhəsiz ki, Macarıstanın TDT-ə iştirakı düşmənlərin də yuxusunu ərşə çəkib. Çox narahatdırlar.

Siyasi təhlilçi Sona Əliyeva Musavat.com-a bildirdi ki, Macarıstan Türk Dövlətləri Təşkilatının Avropa qapısıdır: “Eyni zamanda Qərb və Türk dünyası əlaqələrinin inkişafında xüsusi rol oynamaq imkanlarına malikdir. Macarıstanın TDT-yə üzvlüyü gələcəkdə Qazauziyanın və Avropadakı digər türk muxtar respublikalarının, Dobrucanın da gələcək taleyi baxımdan önəmlidir.

Digər tərəfdən, Macarıstan ATƏT və Avropa İttifaqı kimi təşkilatlarda hər zaman Azərbaycanın, Türkiyənin mövqeyini müdafiə edib. Macarıstan üçün Türk Dövlətləri Təşkilatında (TDT) müşahidəçi dövlət kimi iştirak təkcə iqtisadiyyatın şaxələndirilməsi üçün deyil, həm də Türkiyə, Azərbaycan və regionun digər ölkələri ilə əlaqələrin gücləndirilməsi baxımından vacibdir.

Macarlar özlərini türk hesab edən yeganə müstəqil Avropa ölkəsidir. Eyni zamanda, hər il yay aylarında böyük hunların vətəni Macarıstanda Turan törənləri keçirilir. Bu da o deməkdir ki, Macarıstanı TDT-yə həm də mənəvi elementlər bağlayır. Düşünürəm ki, Avropanın da TDT ilə daha sıx əlaqələr qurması yaxşı olardı. Çünki TDT ölkələri gələcəkdə Qərbin enerji təhlükəsizliyində ən önəmli rol oynayacaq.

TDT iqtisadi baxımdan Qərb üçün çox vacib qütbdür. Əgər Avropa İttifaqı Rusiyanın enerji asılılığından birdəfəlik yaxa qurtarmaq istəyirsə, TDT-nin güclənməsi üçün Macarıstana ciddi töhfələr verməlidir. Bizim üçün Macarıstanın əhəmiyyəti olduqca böyükdür. Çünki Macarıstan hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib”.

Müsahibimiz TDT toplantısındakı çıxışlara da toxunmağı vacib bildi: “Azərbaycan Prezidenti, Ali Baş Komandanın çıxışı türk dövlətləri arasında əməkdaşlığın yeni mühüm istiqamətini müəyyən etdi. Təhlükəsizliyi təmin etmədən və güclü ordu mövcud olmadan qüdrətli dövlətin formalaşdırılması və ölkələrin mütərəqqi inkişafı qeyri-mümkündür. Ölkə başçısı cənab İlham Əliyevin Zirvə Görüşündəki fikirləri bir daha göstərdi ki, Azərbaycanın təşəbbüsləri Türk dünyasında inteqrasiya proseslərini sürətləndirir.

Özbəkistan, Türkmənistan, Macarıstan, Qırğızıstan və ŞKTC liderlərinin çıxışları da məzmunluluq və türk dövlətlərinin qarşılıqlı fəaliyyətinə töhfə vermək istəyi ilə seçilib. Qəbələ Bəyannaməsinin 12 bəndinin əsasını siyasi iradə və gələcək əməkdaşlıq istəyi təşkil edib. Zirvə Görüşünün yekunları göstərir ki, Qəbələ Bəyannaməsi təşkilata üzv dövlətlərin suverenlik və ərazi bütövlüyünə sadiqliyini, həmçinin əsas regional çağırışlar üzrə müntəzəm məsləhətləşmələrə ehtiyac olduğunu bir daha təsdiq edir. Qəbələdə keçirilən TDT Zirvə Görüşü Türk dünyasında əməkdaşlıq və inkişaf istəyinin aydın şəkildə təzahürüdür. Bəyannaməyə əsasən, TDT əlaqələndirilmiş xarici siyasətini gücləndirməyə sadiqdir; xarici işlər nazirləri daha tez-tez görüşəcək, aparıcı beyin mərkəzləri və universitetlər yeni Türk Strateji Vizyon Şəbəkəsi çərçivəsində qüvvələrini birləşdirəcək. Bəyannamədə təhlükəsizliyinin təmin edilməsinin bütün türk regionunda sülh və firavanlıq üçün mühüm əhəmiyyət kəsb etdiyi Əfqanıstandakı vəziyyətə xüsusi diqqət yetirilir.

Bundan başqa, ölkələr arasında Strateji Tərəfdaşlıq, Əbədi Dostluq və Qardaşlıq haqqında Müqavilə üzərində iş sürətləndirilir, müdafiə sənayesi sektorunda mütəmadi əlaqələr qurulur.

Türk dünyasının aparıcı beyin mərkəzləri hesab edirlər ki, Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünə ev sahibliyi edən Azərbaycanın Qəbələ şəhəri təkcə coğrafi deyil, həm də mənəvi-ideoloji mərkəz kimi xüsusi əhəmiyyət daşıyır.

TDT dövlət başçılarının bu mötəbər tədbirdəki çıxışları bütün Türk dünyasının strateji hədəflərini və gələcəyinə baxışı müəyyən etmiş oldu. Hətta çoxşaxəli tərəfdaşlığın dinamikasını daha da genişləndirmək və sürətləndirmək məqsədilə 2030-cu ilə qədər inkişaf Strategiyasının və ayrıca yol xəritəsinin hazırlanması təklif olunur. Bu o deməkdir ki, Türk Dövlətləri Təşkilatı artıq öz inkişaf strategiyasını müəyyənləşdirir və həmin istiqamət üzrə əmin addımlarla irəliləyir”.Musavat.com

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90