May ayının 20-21-də Macarıstanın paytaxtı Budapeşt şəhərində Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının “Şərq və Qərbin görüş nöqtəsi” adlanan qeyri-rəsmi Zirvə toplantısı keçirilib. Qeyri-rəsmi zirvə görüşü dövlət başçılarına prioritet sahələrdə əməkdaşlığı inkişaf etdirmək, regional və qlobal miqyasda ümumi məsələləri həll etmək üçün mühüm imkan yaradacaq. Bundan başqa, tədbirdə təşkilatın ümumi strategiyasını və dünyaya baxışını ifadə edən Budapeşt bəyannaməsi qəbul edilib.
“Beynəlxalq aləmdə davam edən ictimai-siyasi proseslər fonunda, bu qəbildən olan tədbirlərin keçirilməsinin Türk dünyası üçün olduqca böyük əhəmiyyəti var. Yeddi il TDT-də müşahidəçi dövlət kimi çıxış edən Macarıstan Türk dünyası ilə Avropa arasında körpü, ənənəvi sərhədləri aşan dialoq və əməkdaşlıq üçün qapı rolunu oynayır.” – bu fikirləri Ulusal.az-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib.
Politoloq qeyd edib ki, rəsmi Budapeştin Türk Dövlətləri Təşkilatında oynadığı rol, bu ölkənin Türk dünyasına inteqrasiyası cənab Baş nazir Viktor Orbanın qətiyyəti və müstəqil siyasət yürütmək əzmi nəticəsində mümkün olmuşdur.
“Həmçinin qeyd edilməlidir, bir sıra Avropa ölkə başçılarının narazılıqlarıba baxmayaraq Viktor Orban TDT-nin ötən ilin iyul ayında Şuşada keçirilən qeyri-rəsmi sammitində də iştirak etmişdir. Ölkəmizin Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığı güclənir. Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna – avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulub. Nəticədə, açıq dənizlərə çıxışı olmasa da, Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib. 2024-cü ildә Türkiyә vә Mәrkәzi Asiya dövlәtlәrinin Azәrbaycan üzәrindәn tranzit keçәn daşımalarının hәcmi 11 milyon ton təşkil edib. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaradılıb, müştərək müəssisələr qurulub. Orta Dəhlizin bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyəti keçən il Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatdırılıb.” – deyə Arzuman Muradlı bildirib.
Politoloq qeyd edir ki, Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının qeyri-rəsmi Zirvə toplantısı Türk dünyasının siyasi-iqtisadi və digər sahələrdəki əlaqələrinin daha da genişlənməsinə yardımçı olacaq.