“Azərbaycan və macar xalqlarının dərin dostluq bağları var. Bu dostluq və qardaşlıq ənənlərinin bağı əsrlərdir ki, davam edir. Azərbaycan-Macarıstan münasibətləri son illərdə qarşılıqlı əməkdaşlıq əsasında daha da inkişaf edərək, yüksələn bir xətt üzrə irəliləyir. Bu münasibətlərin yaxşılaşdırılması hər iki ölkənin milli maraqlarına uyğun gəlir. Macarıstan hər zaman Azərbaycanın haqq-ədalət mübarizəsini dəstəkləyib və bu mübarizədə ölkəmizə öz dəstəyini göstərib. “ – bu fikirləri Ulusal.az-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib.
Politoloq qeyd edib ki, Macarıstan Avropa İttifaqı (Aİ) çərçivəsində güclü mövqeyə sahib olan bir dövlətdir.
“Ölkə başçımız Cənab İlham Əliyevin bu ölkəyə səfəri də xüsusi əhəmiyyət kəsb edir. Bu səfər çərçivəsində ölkənin Baş naziri Viktor Orban ilə səmimi görüşlər və müzakirələr keçirilib. Bu görüşlər hər iki ölkənin iqtisadi inkişafına və beynəlxalq aləmdəki mövqelərinin möhkəmlənməsinə töhfə verib. Prezident İlham Əliyev bu səfərdə beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq, Ermənistan-Azərbaycan arasında sülh prosesini müzakirə edib və Azərbaycanın sülh və əmin-amanlığın tərəfdarı olduğunu vurğulamışdır. O, Ermənistanı da bu mövqedən çıxış etməyə çağırmışdır. Macarıstanın Türk Dövlətləri Təşkilatına (TDT) üzv olmaq cəhdləri bu dövlətin Türk xalqlarına olan hörməti və rəğbətindən irəli gəlir. TDT-nin yığıncaqlarında Macarıstan nümayəndələri fəal iştirak edir, bu da Türk dünyasına göstərilən böyük diqqət və hörmətin göstəricisidir. Türk dövlətlərinin birliyi və həmrəyliyi gələcəkdə bu xalqların inkişafı üçün yeni imkanlar yaradacaq. Macarıstanın bu təşəbbüsü də təqdirə layiqdir və Türk dövlətlərinin daha da möhkəmlənməsi baxımından əhəmiyyətlidir”. – deyə Arzuman Muradlı bildirib.