“Qarabağ”ın qolkiperi Andrey Lunyovun meneceri Anton Smirnov Rusiya mətbuatına müsahibə verib.
Ulusal.az xəbər verir ki, agent qapıçının “atlılar”dan 600 min avro maaş istəməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib:
“Bu məlumatları çaşqınlıqla oxuduq. Açığı, belə danışıqlar məxfi olmalıdır. Mətbuata məlumatı sızdıran klub adamlarından fərqli olaraq, rəqəm verməyi etik hesab etmirik. Bu cür davranışlar Andreyin qalmasına kömək etməyəcək. Fikrimcə, bu məsələyə aydınlıq gətirmək lazımdır. Lunyov “Qarabağ”a gələndə maaşı ciddi şəkildə aşağı idi”.
Smirnov rusiyalı qapıçının maaşının artırılmadığını əlavə edib:
“Klub maaşı artırmayıb. Yanvar-fevral aylarında “Qarabağ” müqavilənin uzadılması ilə bağlı təklif irəli sürdü, lakin şərtlər uyğun deyildi. Lunyov layiq olduğundan daha az maaş alıb. İndi öz dəyərini sübut edib və komandanın uğurlarında pay sahiblərindədir. Andreyin 32 yaşı var, ona tələbat yüksəkdir. Bizim “Qarabağ”a qarşı şərtlərimiz məqbuldur, həddindən artıq deyil. Bir daha qeyd edirəm, “Qarabağ”ın bu cür davranışları anlaşılmazdır. Klub təklifimizə cavab vermək əvəzinə məxfi məlumatları mətbuata artıq rəqəmlərlə açıqlayır”.
Menecer Lunyovun yeni mövsümdə başqa kluba keçmək perspektivindən də danışıb:
“Qarabağ”a hörmət edirik və danışıqlara açığıq. Amma klubun şərtlərlə bağlı məxfi məlumatları mətbuata sızdırması anlaşılmazdır. Klub uğurlarda ciddi əməyi olan futbolçuya qarşı bu davranışları davam etdirsə, başqa variantları ciddi nəzərdən keçirəcəyik”.