Ağ Evdən İsrailin baş naziri Binyamin Netanyahunun “Livan da başqa bir Qəzzaya çevrilə bilər” təhdidinə münasibət bildirilib.
Ulusal.az xəbər verir ki, Ağ Evin sözçüsü Karine Jean-Pierre mətbuat konfransında İsrailin Livana hücumları ilə bağlı qiymətləndirmələr edib.
O, Netanyahunun “Livan da başqa bir Qəzzaya çevrilə bilər” təhdidinə qarşı “Biz Livanın başqa bir Qəzzaya çevrildiyini görə bilmərik və görməyəcəyik də. Görmək istədiyimiz bu deyil” cavabını verib.
Sözçü həm Qəzza, həm də Livandakı münaqişələrin sona çatması və regionda daimi sülh və təhlükəsizliyin təməlinin qoyulması üçün səyləri daha da aktuallaşdırdığını vurğulayıb. O əlavə edib ki, həm Livan, həm də İsrail vətəndaşlarının Mavi Xəttin (Livan) hər iki tərəfindəki evlərinə təhlükəsiz qayıtmasını təmin edəcək diplomatik həll mütləq lazımdır.
Qeyd edək ki, Livan xalqına müraciət edən Netanyahu onları hədələyib: “Sizin Livanı Qəzza kimi bir dağıntıdan xilas etmək üçün bir fürsətiniz var. Bunun belə olması lazım deyil. Ölkənizi “Hizbullah”dan xilas edin və bu müharibə bitsin”.