Lənkəranda fəaliyyət göstərən “Sitrus bazarı”nın və ona bitişik “Çay evi”nin rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşova məxsus olduğu iddia edilir.
AzFakt.com sayıtının əldə etdiyi məlumata görə şəhərin ən görkəmli yerində fəaliyyət göstərən “Sitrus bazarı” və “çay evi” başçıya məxsusdur.
Gözəl ponaraması olan “Çay evi” yaz fəslindən payızadək işləyir, burada dəstgahının qiyməti 20-80 manat arasındadır.
Məlumatda “Sitrus bazarı” və bazarın yanındakı “Çay evi”nə Lənkəran rayon İcra Hakimiyyətinin başçısının köməkçisi Elnur Hüseynovun atası Həsənəli Hüseynovun nəzarət etdiyi vurğulanır.
AzFakt.com məsələ ilə bağlı Lənkəran rayon İcra Hakimiyyətindən mövqe öyrənib.
Lənkəran rayon İcra Hakimiyyətinin açıqlamasında sözügedən bazarın İcra Hakimiyyətinin başçısının köməkçisi Elnur Hüseynovun atasına məxsus olduğunu rəsmi sənədlərlə qeyd etdi:
“Lənkəran rayonu Velədi kəndi ərazisində mövsümi fəaliyyət göstərən “Sitrus bazarı” və ona bitişik çay evi (hal-hazırda fəaliyyət göstərmir) 2602941132 N-li vergi ödəyicisi, fiziki şəxs, Lənkəran rayon sakini Hüseynov Həsənəli Əziz oğluna məxsusdur və uzun müddətdir ki, onun mülkiyyətindədir. Sözügedən ərazinin Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısı Taleh Qaraşovun olması haqqında səsləndirilən iddialar əsassız məlumatlardır.”
Qeyd edək ki, Taleh Qaraşov 2012-ci ildən Lənkəran rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır.


