image-2000x150
image-4e4c1708f8ae0634d8e3ed43f51074aebackend

“Laçınlıların həyatında tarixi anlar idi…”

image-728x90

Deputat 30 illik ayrılıqdan sonra vətəninə qayıdanların sevincindən danışdı

Ötən həftəsonu “Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq uzun illik həsrətdən sonra işğaldan azad olunmuş Laçın şəhərinə ilk köç başladı. 20 laçınlı ailədən ibarət köç karvanı (97 nəfər) doğma torpaqlarında yenidən məskunlaşdılar. Laçına ilk köç karvanı Bakı şəhərinin Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu park 3″ yaşayış kompleksindən yola salınıb.

“Böyük Qayıdış” çərçivəsində 2023-cü ildə Laçın şəhərinə 700 ailənin, Zabux və Sus kəndlərinə isə 800-dən çox sakinin köçürülməsi nəzərdə tutulub. Qeyd edək ki, bu ilin sonundan etibarən Şuşa şəhərinə ilkin olaraq 1500 sakinin köçürülməsi də nəzərdə tutulub. “Böyük Qayıdış” Dövlət Proqramına əsasən, Şuşanın keçmiş sakinlərinin bu şəhərə qayıtması və onların layiqli həyat şəraitinin yaradılmasını təmin etmək üçün artıq Şuşada ötən ilin avqust-sentyabr aylarından başlayaraq 450 mənzillik 23 yaşayış binasının tikintisinə başlanılıb.

Laçının Güləbird kəndindən olan, deputat Mahir Abbaszadə “Yeni Müsavat”a bu tarixi günlə bağlı sevincini bölüşdü: “Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra dövlətimizin qarşısında duran əsas məsələlərdən biri də həmin ərazilərdə bərpa-quruculuq işlərini həyata keçirmək və məcburi köçkün düşmüş insanları geri qaytarmaqdır. Bu istiqamətdə də kifayət qədər işlər görülməkdədir. Biz may ayının 28-də Müzəffər Ali Baş Komandanımız, Cənab Prezidentin rəhbərliyi ilə Laçın şəhərinin mərkəzində bir qrup insanların qayıdışının, onlara evlərinin açarlarının verilməsinin şahidi olduq. Bütün bunlar hər bir laçınlının həyatında tarixi anlardır. Həm 30 illik torpaq həsrətinə son qoyulması nöqteyi-nəzərindən, həm uzun müddət ata-baba yurdlarından didərgin düşmüş insanların ağır həyatlarına son qoyulması baxımından, həm də bundan sonrakı həyatlarını Laçında yaşamaq, yaratmaqla bağlı arzularının çin olması nöqteyi-nəzərindən çox tarixi anlar yaşanıldı. Bütün bunlar üçün biz Müzəffər Ali Baş Komandanımıza təşəkkürlərimizi bildiririk. Allah qazilərimizə cansağlığı versin, şəhidlərimizə rəhmət eləsin, Azərbaycan Ordusunu Allah daim güclü etsin. Biz ordumuzun gücü sayəsində torpaqlarımıza qayıda bildik. Azərbaycan dövləti azad edilən ərazilərdə bərpa-quruculuq işləri aparmaq, böyük qayıdışı sürətlə reallaşdırmaq məqsədilə 2022-26-cı illər Dövlət Proqramı qəbul edib. Həmin Dövlət Proqramına uyğun olaraq, bərpa-quruculuq işləri çox sürətlə aparılır. Bunun nəticəsində ilin sonuna qədər Laçın şəhərinin mərkəzinə təxminən 720 ailənin, rayonun Zabux kəndinə 223 ailənin, digər kəndlərə 150 ailənin köçürülməsi nəzərdə tutulur ki, bu da bütövlükdə təxminən min ailəyə qədər edir və 4 min nəfəri əhatə edəcək. Bütün bunlar 2023-cü il üçün nəzərdə tutulur. Yəqin ki, gələn illərdə də bu köçün mütləq davamı olacaq. Cənab Prezident tərəfindən Laçın rayonunun Güləbird, Qorçu, Şəlvə kəndlərinin bünövrələrinin qoyulmasının təməlqoyma mərasimləri qeyd olunub. Bundan sonrakı müddətdə də tikinti prosesləri davam edəcək”.

Deputat azad edilən digər ərazilərə də məcburi köçkünlərin sürətlə köçürülməsinin nəzərdə tutulduğunu qeyd etdi: “Düşünürəm ki, Azərbaycan dövləti bundan sonrakı müddətdə də təkcə Laçına deyil, Şuşaya, Kəlbəcərə, Qubadlıya, Zəngilana, Ağdama, Füzuliyə, Talış kəndinə və digər kəndlərə köç təşkil olunacaq ki, bu da qarşıda duran vəzifələrin nə dərəcədə yüksək səviyyədə həyata keçirilməsini göstərir. Eyni zamanda bir məsələni də xüsusilə, qeyd etmək lazımdır ki, Laçın şəhər mərkəzinin çox qısa zaman keçdikdən sonra, yəni 7-8 ay müddətində ötən il avqust ayının 26-da təmir, bərpa-quruculuq işlərinin aparılması ilə vətəndaşlara təhvil verilməsi bir tərəfdən Azərbaycan dövlətinin və dövlət başçısının siyasi iradəsini özündə ehtiva edirsə, digər tərəfdən Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə uzun müddət ölkədə yaradılmış iqtisadi gücdən, imkanlardan, xüsusən maliyyə imkanlarından xəbər verir. Bütün bunlar göstərir ki, Azərbaycan digər işlərdə olduğu kimi, “Böyük Qayıdış” proqramının həyata keçirilməsində də planlı işlər görür. Hesab edirəm ki, bundan sonrakı müddətdə də məcburi köçkün düşmüş insanların öz ata-baba yurdlarına köçürülmələri təmin ediləcək və onlar orada daimi yaşayacaqlar”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90