image-2000x150
image-5_02bb6c09d4c437a4d7bd00df4422bcc0jpg-1682596815backend

“Laçındakı sərhəd-keçid məntəqəmiz reallıqdır, xoşları gəlməsə də qəbul etməlidirlər”

image-728x90
6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi 

Xəbər verdiyimiz kimi, Azərbaycan-Ermənistan sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsində Azərbaycan bayrağını qaldırılıb.

Aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidməti ölkənin “suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurduğunu” bəyan edib.

Bildirilib ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.

Bu gün  Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və xarici işlər naziri Ketrin Kalonna ilə birgə mətbuat konfransında deyib ki, Laçın yolu 3 istiqamət üzrə istifadə edilə bilər: vətəndaşlar, yüklər və nəqliyyat vasitələri üçün.

Bakıvaxtı.azbu məsələ ilə bağlı Milli Məclisin deputatlarından açıqlama alıb.

“Həkəri çayı üzərindəki körpüdə sərhəd-keçid məntəqəsinin quraşdırılması 2020-ci ilin qələbə ilə bitmiş Vətən müharibəsinin məntiqi nəticəsidir. Hərbi əməliyyatların gedişində Silahlı Qüvvələrimiz İranla olan 132 km-lik sərhədimizi bərpa etdi. İndi isə Laçında Ermənistanla sərhəddə üçrrəngli bayrağımızın qaldırılması bütün sərhədlərimizin bərpa edilməsi və nəzarətə götürülməsinin əyani göstəricisidir”.

Bunu “Bakıvaxtı”na Laçında sərhəd-keçid məntəqəsinin qurulmasını şərh edərkən Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.

Millət vəkilininn sözlərinə görə, bu, bir tərəfdən dünyaya və Ermənistana iradə nümayişi, digər tərəfdən Vətən müharibəsinin nəticələrinə kölgə salmaq istəyən daxili radikal ünsürlərin iddialarına əsaslı cavabdır: “Müharibə bitəndən sonra onun nəticələrini və 10 noyabr bəyanatının müddəlarını tənqid edən bəzi radikal müxalifət nümayəndələri görsünlər ki, torpaqdan pay olmaz. Dövlətimiz illər öncə bəyan etdiyi bütün hədəfləri reallaşdırmaq əzmindədir. 30 ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımız azad edilib, keçmiş məcburi köçkünlər yenidən inşa edilmiş doğma yurdlarına dönürlər. Bu yay Laçına təmir edilmiş evlərinə 700 ailənin qayıtması gözlənilir. Laçında sərhəd-keçid məntəqəsinin qurulması da dövlətimizin torpaq bütövlüyümüzün təmin edilməsi istiqamətində reallaşdırdığı siyasətin nəticəsidir”.

E.Allahverdiyev hesab edir ki, Həkəri çayı üzərindəki körpüdə inşa edilmiş sərhəd-keçid məntəqəsi Azərbaycan dövlətinin iradəsinin düşmənlərə nümayişidir. Azərbaycan səbrlə humanizm ideyalarından çıxış edərək gözlədiyi kimi, lazım olan an effektiv və çevik addımlar atmağı da bacarır. “İndi ermənilər, onların dünyadakı havadarları hay-küy qaldırıb nazarızılıq edə bilərlər. Ancaq bu, əbəs enerji sərfiyyatıdır. Azərbaycan müstəqil dövlətdir, sərhədlərinin bərpası və burada sərhəd-keçid məntəqəsini qurması bizim suveren hüququmuzdur. Bu hüquq və tədbirlər 10 noyabr bəyanatı ilə heç bir ziddəyyət təşkil etmir. Həm də müharibədən sonra indi səs-küy qaldırmış dövlətlər 10 noyabr bəyanatını az qala tanımaq istəmirdilər, nə oldu ki, birdən-birə bu sənədə istinad etməyə başlayıblar?” – deyə E.Allahverdiyev vurğulayıb.

Millət vəkilinin sözlərinə görə, etiraz edənlərin reallığı qəbul etməkdən başqa yolları yoxdur: “Biz müharibə ərzində və ondan sonrakı dövrdə göstərmişik ki, qərar qəbul ediriksə, ondan geri dönüş yoxdur. Necə ki, müharibə günlərində azad etdiyimiz torpağın bir qarışından belə geri çəkilmədik, indi də Laçındakı sərhəd-keçid məntəqəmiz reallıqdır, xoşları gəlsə də, gəlməsə də qəbul etməlidirlər”.

Milli Məclisin deputatı Cavanşir Feyziyev Bakıvaxtı.az-a bildirib ki, Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsinin qurulması Azərbaycanın öz ərazi suverenliyini tam şəkildə bərpa etməsi deməkdir.

“Bununla da deyə bilərik ki, artıq Azərbaycanın bütün ərazisi öz dövlət orqanlarımızın nəzarətindədir. Bu çox vacib və önəmli bir hadisədir. Dövlətlərarası sərhədlərdə yerləşdirilmiş nəzarət- buraxılış məntəqələri müvafiq milli və beynəlxalq qanunlar əsasında fəaliyyət göstərir. Ermənistanla sərhədə beynəlxalq qanunlara uyğun şəkildə nəzarət edilməsi bir çox problemləri birdəfəlik həll etmiş olacaq.

Birincisi, ölkə ərazisinə giriş-çıxış və idxal-ixrac əməliyyatları  dövlət qurumlarımızın nəzarəti altında həyata keçiriləcək ki, bu da milli təhlükəsliyimizin təmin edilməsinin başlıca şərtlərindən biridir. Artıq Azərbaycan ərazisindən talan edilmiş mal və məhsulların Ermənistan ərazisinə və ya Ermənistan vasitəsilə üçüncü ölkələrə göndərilməsi mümkün olmayacaq.

İkincisi, Ermənistan ərazisindən ermənilərin və üçüncü tərəflərin ərazimizə qeyri-qanuni şəkildə girişinin qarşısı  birdəfəlik alınacaq. Münaqişə dövründə olduğu kimi, Ermənistan ərazisindən ölkəmizə, xüsusilə Qarabağ bölgəsinə silah-sursat keçirilməsinə və hərbi qüvvə göndərilməsinə son qoyulur. Ən vacib məqamlardan biri ondan ibarətdir ki, indiyədək Qarabağ ərazisində dövlət idarəçilik orqanlarını zəbt etmiş separatçı ünsürlər və münaqişənin davam etdiyi bütün dövrdə hər hansı bir şəkildə Azərbaycan dövlətinə və vətəndaşlarına qarşı cinayət əməlləri törətmiş bütün şəxslər artıq Azərbaycan ərazisini nəzarətsiz tərk edə bilməyəcəklər. Xankəndidə özlərinə yuva salmış bütün cinayətkarlar saxlanılacaq və məhkəmə qarşısına çıxarılacaq. Nəhayət, Bütün bunlar Ermənistanın bizim daxili işlərimizə qarışmaq imkanını tamamilə aradan qaldırır və iki ölkə arasında münasibətlərin normallaşması üçün yol açılır.

İki ölkə arasında münasibətlərin normallaşması və bütövlükdə Cənubi Qafqaz bölgəsində sabitliyin bərqərar olunması isə öz növbəsində bölgəmizin Avrasiya miqyasında geostrateji əhəmiyyətini dəfələrlə artırır. Nəticədə Cənubi Qafqazda yaranmaqda olan ən yeni reallıqlar həm Azərbaycan, həm də Ermənistan üçün daha faydalı olacaq. Bütün bunlar Vətən müharibəsindən sonra bölgədə vəziyyətin sabitləşdirilməsi istiqamətində Azərbaycan dövlətinin apardığı sülhyaratma siyasətinin nəticəsidir”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90